Bu avtoritar rejimlər hələ də elə düşünürlər ki, SSRİ dövrüdür, ölkə qapalıdır və dövlət adından nə desələr, xalq da ona inanacaq.
Hələ də başa düşməyiblər ki, XXI əsrdir, informasiya gizlədilmir. İnternet dövründə insanlar hər məlumatı bir neçə dəqiqəyə yoxlaya bilir.
Putinin sözçülərindən Mariya Zaxarova deyib:
“Baltik ölkələri SSRİ dövründə çiçəklənirdi, indi isə Avropanın kasıb küncünə çevriliblər.”
Bəs faktlar nə deyir?
Orta aylıq əməkhaqqı:
Litva – 2527 avro (4934 AZN)
Estoniya– 2135 avro(4177AZN)
Latviya – 1831 avro (3582 AZN)
Rusiya – 559 avro (1093 AZN)
Minimum aylıq əməkhaqqı:
Litva – 1153 avro (2256 AZN)
Estoniya – 886 avro (1734 AZN)
Latviya – 780 avro (1526 AZN)
Rusiya – 295 avro (577 AZN)
Müqayisə hər şeyi göstərir.
Vaxtilə SSRİ-nin tərkibində olan Baltik ölkələri demokratiya və Avropa inteqrasiyası yolunu seçdilər. Bu gün onların vətəndaşlarının gəlirləri Rusiyadakından dəfələrlə yüksəkdir.
Bu məsələ yalnız Rusiyanın təbliğatı ilə məhdudlaşmır. Eyni üsullardan digər avtoritar rejimlər, o cümlədən bizim ölkədə də istifadə olunur. İllərdir dövlət televiziyalarında Almaniyanın “çökdüyü”, Fransanın isə “acından öldüyü” barədə nağıllar danışılır.
Mən hələ Almaniya, Fransa, Niderland və ya Skandinaviya ölkələrini müqayisəyə daxil etmirəm. Sadəcə Rusiyanı Baltik ölkələri ilə müqayisə etmək belə kifayətdir ki, demokratiya, hüququn aliliyi və açıq iqtisadiyyatın insanların rifahına necə təsir etdiyini görək.
Onu da qeyd edim ki, Rusiyada uşaq pulu, müxtəlif sosial yardımlar və digər sosial təminat proqramları mövcuddur. Yəni mən Rusiyanı ideal ölkə kimi təqdim etmirəm. Sadəcə onu demək istəyirəm ki, bütün problemlərinə baxmayaraq, Rusiyada sosial təminat və yaşayış səviyyəsi Azərbaycanla müqayisədə daha yüksəkdir. Əgər Rusiya Baltik ölkələrindən geri qalırsa, Azərbaycan isə bir çox sosial göstəricilərə görə Rusiyadan da geri qalır.
Yaşasın Demokratiya!
