Sıravi Azərbaycan vətəndaşı ölkəni rəsmi iqtisadi rayonlara yox, əsasən coğrafi istiqamətlərə, dialektlərə və tarixi xanlıqların sərhədlərinə əsasən mental hissələrə bölür. Bu bölgü tamamilə şüuraltı coğrafi mövqe, iqlim və mədəni xüsusiyyətlərlə bağlıdır.
Azərbaycanlıların zehnində ölkə ərazisi aşağıdakı kimi qruplaşdırılır:
1. Bakı (+Abşeron-Xızı +Sumqayıt +qismən Siyəzən və Qobustan);
2. Şimal (Quba-Xaçmaz);
3. Cənub (Lənkəran-Astara);
4. Şimal-Qərb (Şəki-Zaqatala, qismən Dağlıq Şirvan);
5. Qərb (Gəncə-Daşkəsən, Qazax-Tovuz);
6. Qarabağ (Şərqi Zəngəzur + dağlıq və düzən Qarabağ + Arazboyu);
7. Aran (Mərkəz +Şirvan-Salyan +Mil-Muğan);
8. Naxçıvan.
Bu qruplaşdırmanın arxasında həm coğrafi reallıq, həm də Bakı mərkəzli baxış bucağı dayanır. Azərbaycanın ictimai-siyasi və mədəni həyatı Bakıdan idarə olunduğu üçün sıravi vətəndaş xəritəyə Bakıdan baxır. Bakıdan birbaşa “yuxarı” gedən yol Quba-Xaçmaza aparır, buna görə də bura “Şimal” adlanır. Bakıdan birbaşa “aşağı” enən yol isə Lənkərana-Astaraya aparır, bura isə “Cənub” deyilir.
Digər tərəfdən, Bakı ətrafında 100km radiusa düşən ərazini artıq “bakılılaşdırıb”. Nəqliyyat şəbəkəsinin inkişafı və sürətin artması ilə cazibə sərhədləri 120km-ə qədər genişlənməsi mümkündür.
