Bu yaxınlarda Mir Şahin məni ittiham etmişdi ki, guya İranın 1992-ci ildən Azərbaycana qarşı anti-təbliğat aparan “Səhər Azəri” kanalına qarşı təkbaşına mübarizə aparır, mən isə bu mübarizədə yoxam.
Əlbəttə, bu, tamamilə absurd ittihamdır.
Mən jurnalistikaya gəldiyim ilk gündən İranın molla rejiminin əleyhinə olmuşam. Niyə? Çünki bu rejim İranda yaşayan milyonlarla azərbaycanlının milli hüquqlarını tapdalayır. Qarabağ müharibəsinin ilk günlərindən etibarən Ermənistanın yanında olub. Azərbaycana qarşı illərlə aparılan ideoloji və informasiya təbliğatında “Səhər Azəri” əsas platformalardan biri yox, biricisi olub.
Ona görə də mən həmişə bu kanalı molla rejiminin Azərbaycana qarşı istifadə etdiyi əsas təbliğat vasitələrindən biri hesab etmişəm.
Maraqlıdır ki, bir müddət sonra Mir Şahin özü “Təbrizi yox, Ağdərəni düşünməliyik” deməyə başladı.
Bunun səbəbi mənə görə aydındır.
Mir Şahin siyasi mövqeyini özü müəyyənləşdirmir. O, Prezident Administrasiyasının müəyyən etdiyi siyasi xətt çərçivəsində çıxış edir. Hakimiyyət İranla münasibətləri sərtləşdirəndə o da sərtləşir. Münasibətlər yumşalanda isə ritorika dəyişir.
İranın molla rejimi mənim üçün dünən də Azərbaycanın düşməni idi, bu gün də elədir.
İndi isə tamam başqa bir mənzərə ilə qarşılaşırıq.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Səhər Azəri” kanalına müsahibə verir.
Hikmət Hacıyev həmin müsahibədə Birinci Qarabağ müharibəsi ilə bağlı olduqca diqqətçəkən fikirlər səsləndirir. O bildirir ki, təxminən 400 min azərbaycanlını məhz İran xilas edib. Hətta deyir ki, İran ordusu Araz çayının o biri sahilindən Ermənistan ordusunun mövqelərinə top atəşi açıb ki, Qarabağdan çıxan azərbaycanlılar çayı rahat keçə bilsinlər.
Bu sözləri sıravi şərhçi yox, Azərbaycan Prezidentinin köməkçisi deyir.
İndi isə başqa faktlara baxaq.
2020-ci il Vətən müharibəsi zamanı Zəngilan istiqamətində Azərbaycan Ordusunun irəliləyişi zamanı İran hərbçilərinin Azərbaycan ərazisinə daxil olaraq yol üzərində beton maneələr qurduğu, ordumuzun isə qarşıdurmadan yayınmaq üçün marşrutunu dəyişməyə məcbur qaldığı barədə məlumatlar yayıldı. Həmin məlumatlara görə, Azərbaycan bölmələri təxminən 14 kilometr geri çəkilərək Soltanlı istiqamətindən dolanmalı olmuş, yalnız gərgin danışıqlardan sonra İran hərbçiləri Azərbaycan ərazisini tərk etmişdi.
Müharibə dövründə Rusiyanın İran üzərindən Ermənistana yük və silah daşınması ilə bağlı çoxsaylı məlumatlar yayıldı. Müharibədən sonra isə Qarabağdakı separatçı rejimə İrandan yanacaq daşınması, İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olması beynəlxalq mediada və Azərbaycan ictimaiyyətində geniş müzakirə edildi.
Sonra Tehranda Azərbaycan səfirliyinə silahlı hücum baş verdi.
Daha sonra İran rəsmiləri dəfələrlə Zəngəzur dəhlizinə qarşı açıq və sərt mövqe nümayiş etdirdilər.
Bütün bunlar dünənin yox, yaxın keçmişin hadisələridir.
Oda sirr deyil ki, İran ilk fürsətdə İlham Əliyevi terror yolu ilə aradan götürəcək. Amerika prezidentini mütəmadi təhdid edən İran İsrailə görə Azərbaycan prezidentindən yanıqlıdır.
Belə olan halda məndə çox sadə bir sual yaranır.
Azərbaycan Prezidentinin köməkçisi hansı məntiqlə həmin kanala müsahibə verir?
Əgər İran doğrudan da Ermənistan ordusunu top atəşinə tutaraq yüz minlərlə azərbaycanlının həyatını xilas etmişdisə, niyə bu hadisə indiyədək Azərbaycan cəmiyyətinə bu şəkildə təqdim olunmayıb?
Yox, əgər məsələ bu qədər sadə deyilsə, onda Hikmət Hacıyev niyə belə bir təqdimat seçir?
Və ən vacib sual.
Millətimizə düşmən informasiya platformasına müsahibə verməyin siyasi və mənəvi məntiqi nədir?
İllərlə vətənpərvərlikdən danışan insanlar bu sualın cavabını da cəmiyyətə verməlidirlər.
Çünki söhbət təkcə bir müsahibədən getmir.
Söhbət dövlətin informasiya siyasətində ardıcıllıqdan, cəmiyyətə verilən mesajlardan və milli maraqların necə təqdim olunmasından gedir…
