GündəmHadisəSiyasət

“Haaretz”: “Hikmət Hacıyevin müraciətindən sonra Netanyahu “erməni soyqırımı” ilə bağlı səsverməni bloklayıb”

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın yüksəkvəzifəli rəsmisinin müraciətindən sonra Knessetdə “erməni soyqırımı”nın rəsmən tanınması ilə bağlı səsvermənin qarşısını alıb.

Bu barədə İsrailin “Haaretz” qəzeti İsrail mənbəsinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İsrail Baş nazirinin ofisi ilə əlaqə saxladıqdan sonra Netanyahu məsələyə müdaxilə edib. İsrail rəsmiləri daha sonra azərbaycanlı həmkarlarına məsələni Knessetin yay tətilindən əvvəl gündəlikdən çıxardıqlarını bildiriblər.

“Haaretz” hadisənin Netanyahu ilə İsrailin xarici işlər naziri Gideon Saar arasında fikir ayrılığını üzə çıxardığını yazır.

Saarın ofisi Netanyahunun səsverməni bloklaması barədə məlumatı təkzib etsə də, məsələnin niyə parlamentin gündəliyindən çıxarıldığına dair alternativ izah verməyib.

“Hökumətin qərarı var və bu qərar yekdilliklə qəbul olunub. Qərar dəyişdirilməyəcək. Əsas və tarixi fakt da budur”, – İsrail Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Netanyahunun ofisi və Hikmət Hacıyev “Haaretz”in sorğusuna cavab verməyib.

Hökumət qərarı parlamentə çıxarılmayıb

İsrail hökumətinin ötən ay yekdilliklə təsdiqlədiyi təklifdə Osmanlı imperiyasının son dövründə baş verən hadisələrin “erməni soyqırımı” kimi tanınması, bu hadisələrin inkarına, kiçildilməsinə və ya təhrif edilməsinə cəhdlərin pislənməsi nəzərdə tutulurdu.

Təklifi hökumətə təqdim edən Gideon Saar məsələni geosiyasi deyil, mənəvi addım kimi qiymətləndirmişdi.

“Doğru addımı atmaq üçün heç vaxt gec deyil”, – Saar bildirmiş, qərarın Türkiyəyə qarşı yönəlmədiyini vurğulamışdı.

Parlament də təklifi qəbul etsəydi, İsrail “erməni soyqırımı”nı müxtəlif formalarda tanıyan 32 ölkə sırasına qoşulacaqdı.

Lakin hökumətin yekdil qərarına baxmayaraq, məsələ Knessetdə səsverməyə çıxarılmayıb.

İsrail parlamentində bu məsələni rəsmən tanımaq cəhdləri ən azı 2011-ci ildən davam edir. 2018-ci ildə “Meretz” partiyasının sədri Tamar Zandberq hökumət koalisiyası və Xarici İşlər Nazirliyinin “soyqırımı” sözünü “faciə” və ya “erməni xalqına qarşı vəhşiliklər” kimi daha yumşaq ifadələrlə əvəzləmək təzyiqindən sonra layihəsini geri götürmüşdü.

Azərbaycan İsrail üçün strateji tərəfdaşdır

“Haaretz” yazır ki, baş verənlər İsrailin Azərbaycanla münasibətlərə verdiyi strateji əhəmiyyəti göstərir.

Son illərdə Bakı İsrailin regiondakı ən mühüm tərəfdaşlarından biri hesab olunur. İsrail Ermənistanla müharibə zamanı Azərbaycana silah tədarük edib.

“Haaretz”in 2023-cü ildə apardığı araşdırmaya əsasən, Azərbaycan yük təyyarələri İsrail silahlarının daşınması üçün Eylat şəhəri yaxınlığındakı Ovda hərbi hava bazasından istifadə edib.

“CNN” isə daha sonra İsrail xüsusi təyinatlılarının İran əleyhinə əməliyyatlar aparmaq məqsədilə Azərbaycana yerləşdirildiyini iddia edib.

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qərarını pisləyərək bunu “1915-ci il hadisələri ilə bağlı tarixi faktların təhrif edilməsi” adlandırmışdı.

Nazirlik bildirmişdi ki, mürəkkəb tarixi məsələnin möhkəm hüquqi və elmi əsas olmadan siyasi qərara çevrilməsi barışığa deyil, fikir ayrılıqlarının dərinləşməsinə xidmət edir.

Təxminən on gün əvvəl Azərbaycanın “Haqqin.az” saytı İsrailin Bakının narahatlığını nəzərə aldığını və təklifin yenidən gündəmə gətirilməməsi üçün addımlar atıldığını yazmışdı.

Bakı Fələstinlə bağlı mövqeyini vurğulayıb

“Haaretz”in yazdığına görə, Azərbaycan ötən həftə İsrailə daha geniş diplomatik mesaj da verib.

Prezident İlham Əliyev Bakıda Fələstinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin açıqlamasında paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaradılmasına dəstək ifadə olunub.

Açıqlamada Azərbaycanın BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi vasitəsilə fələstinlilərə yardımı davam etdirdiyi və İordan çayının qərb sahilində orta məktəb tikməyi planlaşdırdığı da qeyd olunub.

“Haaretz” Netanyahunun əvvəlki açıqlamaları ilə hazırkı mövqeyi arasında ziddiyyət olduğunu yazır.

İsrailin Baş naziri ötən il amerikalı iş adamı Patrik Bet-Davidin podkastında “erməni soyqırımı”nı tanıdığını bildirmiş və Knessetin bununla bağlı qətnamə qəbul etdiyini demişdi. Lakin İsrail parlamenti belə bir qərar qəbul etməyib.

2011-ci ildən bəri Knessetin komitələrində məsələ ilə bağlı bir neçə dəfə anım müzakirələri keçirilsə də, bunlar İsrail qanunvericiliyinə əsasən parlamentin rəsmi tanıması hesab olunmur. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Polad  Həşimovun ruhuna və  xatirəsinə edilən hörmətsizlik sona çatmalıdır!

redaktor

Fyodorov Zelenskinin təklifini rədd edib

redaktor

Ankaradakı anti-NATO konfransı və Azərbaycanın mövqeyi

redaktor