Rusiya hakimiyyəti və Vladimir Putin üçün, görünür, yol ayrıcına gəlinib: ya böyük riskə gedərək taktiki nüvə silahından istifadə etməyi düşünməlidirlər, ya da Ukraynanı təslim edə bilməyəcəklərini qəbul edib Zelenski hakimiyyəti ilə danışıqlar masasına oturmalıdırlar.
Lakin taktiki nüvə silahından istifadə olunsa belə, bunun Ukraynanı təslim edib-etməyəcəyi böyük sualdır. Əksinə, belə bir addım dünya dövlətlərinin Rusiyaya qarşı mövqeyini daha da sərtləşdirə və nəticələri Moskva üçün daha ağır edə bilər.
Son iki sutkada Azov dənizində Rusiyaya məxsus çoxsaylı tankerlərin vurulduğu bildirilir. Bir tankerin inşası aylarla vaxt aparır və onların yerini qısa müddətdə doldurmaq çox çətindir. Xüsusilə də hazırkı şəraitdə bu gəmilər Rusiyanın hərbi-logistika imkanları üçün mühüm əhəmiyyət daşıyır.
Ukrayna isə müharibədə əvvəlcədən planlaşdırılmış və hesablanmış strategiya ilə hərəkət edir. Rusiya qüvvələri cəbhənin bəzi istiqamətlərində hər gün müəyyən irəliləyiş əldə etdiklərini bildirirlər. Ancaq bu irəliləyişlərin müharibənin ümumi taleyinə həlledici təsir göstərdiyini söyləmək çox çətindir.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamalarına əsasən, ordunun cəbhədə gündəlik irəliləyişi davam edir. Bununla belə, son iki ildə əldə olunan ərazi Ukraynanın ümumi ərazisinin 1% təşkil edir.
Hər kənd və hər şəhər uğrunda aylarla davam edən ağır döyüşlər göstərir ki, bu templə irəliləməklə Ukraynanı hərbi yolla tam təslim etdirmək olduqca çətin görünür.
Bu səbəbdən Rusiya rəhbərliyi ya müharibənin gedişatını köklü şəkildə dəyişəcək yeni qərarlar qəbul etməli, ya da siyasi-diplomatik həll yollarını axtararaq danışıqlar prosesinə üstünlük verməlidir.
