HadisəKriminalŞikayət

Gündəm Auditorlar Palatasında 717 min manatlıq yeyinti işində idarə rəisi 2 min manat cərimələnib

Azərbaycan Auditorlar Palatasında 717 min manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə iki il yarım davam edən məhkəmə araşdırması yekunlaşıb.

“Azadlıq Radiosu”nun yazdığına görə, iyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə təqsirləndirilən üç nəfərə hökm oxunub.

Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov səhlənkarlıqda təqsirli bilinərək 2 min manat cərimələnib. Maliyyəçi-mühasib Gövhər Əhmədova 5 il azadlıqdan məhrum edilib. Hökm elan olunanadək azadlıqda olan Əhmədova məhkəmə zalında həbs edilib.

Auditor Fəridə Novruzovaya isə 3 il həbs cəzası verilib. Lakin məhkəmə onun hamilə olduğunu nəzərə alaraq cəzanın icrasını doğulacaq uşağı 14 yaşına çatana qədər təxirə salıb.

Cinayət işinin materiallarında 2018–2023-cü illərdə Auditorlar Palatasında 717 min manatlıq yeyintiyə yol verildiyi bildirilir. İttihama görə, sənədlərdə məbləğlər şişirdilib, həmin sənədlər əsasında vəsaitlər bank kartlarına köçürülüb, daha sonra nağdlaşdırılaraq mənimsənilib.

Cinayət işi üzrə istintaq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Sabiq idarə rəisi Vəli Rəhimov məhkəmədə ifadə verərkən istintaqdan narazı olduğunu bildirib. O, yeyintidə iştirak etmədiyini deyib. Rəhimovun sözlərinə görə, 2020-ci ildə Qarabağ döyüşlərində oğlunu itirdikdən sonra sarsılıb, uzun müddət işə getməyib və Xızı rayonunda olub. O iddia edib ki, məhz işdə olmadığı dövrdə sənədlərə onun adından imzalar atılıb.

Rəhimov Gövhər Əhmədovanın onun barəsində yalan ifadə verdiyini deyib və həmin ifadələri təsdiqləyən başqa sübut olmadığını bildirib:

“Mənim bu işlərin heç birindən xəbərim olmayıb. Mənə maaş vərəqi gəlirdi, orada kimin nə qədər maaş aldığını görürdüm. Amma sonda ümumi məbləğ yazılmırdı. Mən idarə rəisi idim, onu hesablamaq mənim işim deyil. İşçilərimə güvənirdim, ona görə ümumi rəqəmləri hesablamırdım”.

Fəridə Novruzova da Vəli Rəhimovun dediklərini təsdiqləyib. O bildirib ki, baş verənlərdən idarə rəisinin xəbəri olmayıb və bu işləri Gövhər Əhmədova ilə birlikdə görüblər:

“Gövhər xanım mənə dedi ki, əlavə pullar köçürək, amma Vəli müəllim bilməsin. Vəziyyətim pis idi, razılaşmağa məcbur idim”.

Novruzova məhkəmədə peşman olduğunu deyib. Onun sözlərinə görə, evində onkoloji xəstə olduğu üçün pula ehtiyacı olub. Əvvəlcə ərizə yazaraq iş yerindən 5 min manat götürüb və həmin məbləğ sonradan aylıq şəkildə maaşından tutulub. Daha sonra isə Gövhər Əhmədova ona əlavə pul yazıb:

“Mənim işim cədvəli hazırlayıb Vəli müəllimə təqdim etmək idi. Cədvəli o imzalayırdı. Sonra da biz həmin cədvəldə dəyişiklik edirdik”.

Gövhər Əhmədova isə ittihamlarla və digər təqsirləndirilən şəxslərin dedikləri ilə razılaşmayıb. O iddia edib ki, Vəli Rəhimov da bu işlərdən xəbərdar olub:

“Bu işdən rəhbərliyin xəbəri vardı. Bu proses ciddi şəkildə yoxlanılırdı”.

Məhkəmə araşdırması zamanı məlum olub ki, kartlara köçürülən əlavə vəsaitin bir hissəsi Gövhər Əhmədovanın övladlarının çalışdığı qurumların binalarında yerləşən bankomatlardan çıxarılıb. Onun övladlarının da məsuliyyətə cəlb olunması tələb edilsə də, məhkəmə bu vəsatəti təmin etməyib.

Auditorlar Palatası cinayət işində zərərçəkmiş qismində tanınıb. Palatanın nümayəndəsi mənimsənildiyi bildirilən vəsaitin ödənilməsini tələb edib. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rus politoloq – Putinə ən böyük problemi Avropa yarada bilər

admin

Məhkəmənin ədaləti olmasa da, Allahın ədaləti var

redaktor

Ramin Deko təcridxanadan yazır:

admin