DünyaHadisəSiyasət

Rus politoloq – Putinə ən böyük problemi Avropa yarada bilər

“Yanan Rusiya” mənzərəsi Avropa isteblişmentinin əhəmiyyətli bir hissəsinə qeyri-mümkün görünənin mümkün ola biləcəyinə yenidən inam qaytardı

London Universitet Kollecinin professoru Vladimir Pastuxov Kremlin rəhbəri üçün əsas problem barədə yazır:

— Putinin əsas riskləri nədədir? — Vladimir Pastuxov yazır. — Rus xalqının uzunmüddətli səbrinin tükənib mənasız və amansız üsyan qaldırmasında? Hələlik buna heç nə işarə etmir. Xalq öz “dəfn pullarından” möhkəm yapışıb.

Qorxu içində olan elitaların kifayət qədər “tabakerka” alıb saray çevrilişi etməsində? Amma qorxaq rus elitaları tabakerkadan çox, Faberje yumurtaları almağa və onları tabakerkaların lazım ola biləcəyi yerlərdən uzaqda saxlamağa üstünlük verirlər.

Hətta həmin yumurtalar onların əlindən alınanda belə, onlar yenə də itaətkarcasına rus çarının gözlərinin içinə baxmağa davam edirlər.

İran təcrübəsinin göstərdiyi kimi, nə qədər bombardman etsən də, sənin bayrağın (hətta saxta olsa belə) şərti “Reyxstaq” üzərində dalğalanmayınca, rejimin süqutuna ümid etmək mümkün deyil.

Ukrayna Silahlı Qüvvələrinə böyük hörmətlə yanaşsam da, onların Moskvaya yürüş etməsinə hələ çox var — bunu yalnız Priqojin edə bilmişdi.

Bəs Ukraynanın bütün bu uğurları Putinə həqiqətən təhlükə yaradır, yoxsa bu da növbəti mifdir? Mənim fikrimcə, təhlükə var, amma onu adətən axtardıqları yerdə deyil. Bu təhlükə Rusiyanın özündə yox, Avropadadır.

Rusiya ilə Avropa arasındakı münasibətlər heç vaxt tam sabit olmayıb. Tarix boyu Avropada Rusiyanı Avropa həyat tərzi üçün daimi ekzistensial təhlükə hesab edən güclü “anti-Rusiya partiyası” mövcud olub.

Təbii ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü bu qüvvənin siyasi çəkisini daha da artırıb. Buna görə də Rusiyaya “strateji məğlubiyyət” yaşatmaq, onu uzun müddətə, hətta həmişəlik Avropanın işlərinə qarışmaq və Avropaya öz şərtlərini diktə etmək həvəsindən məhrum etmək ideyası Putinin tamamilə əsassız paranoyası deyil.

Lakin “strateji məğlubiyyət” tərəfdarlarının qarşısında həmişə güclü bir əks qüvvə — “dinc yanaşı yaşamaq” tərəfdarları olub. Onlar tarixi təcrübəyə əsaslanaraq Rusiyaya strateji məğlubiyyət yaşatmaq ideyasını utopik sayır və həlli “strateji çəkindirmə” konsepsiyası, eləcə də kompromis siyasəti çərçivəsində axtarırdılar.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələri Rusiyanın daxilində qüvvələr balansını ciddi şəkildə dəyişməkdən daha çox (burada mən skeptik olaraq qalıram və hesab edirəm ki, rejim bu problemi onun altında məhv olmamışdan əvvəl kompensasiya edəcək), Avropada “strateji məğlubiyyət” tərəfdarları ilə “strateji çəkindirmə” tərəfdarları arasındakı balansı birincilərin xeyrinə dəyişir.

“Yanan Rusiya” mənzərəsi Avropa isteblişmentinin əhəmiyyətli hissəsinə qeyri-mümkün görünənin mümkün ola biləcəyinə, Putinin rejiminə hansısa uzaq tarixi perspektivdə deyil, məhz indi və burada məğlubiyyət yaşadıla biləcəyinə yenidən inam verdi.

Bu fərziyyə, ola bilsin ki, Zelenskinin davranışındakı bir çox “qəribəlikləri” izah edir. Onun ritorikası, çoxlarının sadəlövhcəsinə düşündüyü kimi, nə Putinə və rus elitalarına, nə də daxili auditoriyaya yönəlib. O, əsasən Avropanın “qırmızı xətlərini” müəyyən edən Qərb siyasətçilərinə ünvanlanıb.

O, Putinə təzyiq göstərmək üçün açılmış “imkanlar pəncərəsi” barədə təsəvvür formalaşdırmağa çalışır və onları “canavar ovunda” iştirak etməyə dəvət edir. Mənim fikrimcə, bu strategiya müəyyən uğur da qazanır.

Qan qoxusu və təqib instinkti avropalıları “Zelenski layihəsinə” daha çox sərmayə qoymağa sövq edir. Hətta Donald Trump da artıq Zelenskinin əlindəki kartları saymağı dayandırıb və diqqətini Putinin kart dəstinə yönəldib. Bu “safari”yə biletlər böyük tələbat görür.

Əsas odur ki, ov mövsümü həddindən artıq uzanmasın. Çünki qışda rus meşəsindən ovun axtarışına “qar adamı” çıxacaq və o zaman ovun qaydaları gözlənilməz şəkildə dəyişə bilər. (AzadlıqQəzeti)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tezliklə min dronumuz Moskva üzərindən uçacaq və sonra Putin Ural dağlarının o tayına qaçacaq, – Zelenski

redaktor

Çin Avropanın avtomobil bazarını fəth edir: Yaponiya geridə qalır

redaktor

Norveç, İsveç və Danimarka

redaktor