24.5 C
Bakı
09 İyun 2026 17:44
CəmiyyətİqtisadiyyatQalmaqal

Büdcədən beynəlxalq tədbirlərə 213 milyon manat ayrılıb, bunun 168 milyonu “Formula 1”ə xərclənib

2025-ci ildə dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və digər irimiqyaslı tədbirlərin keçirilməsi üçün 213,6 milyon manat vəsait istifadə olunub.

Bu barədə məlumat “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində yer alıb.

Müqayisə üçün, 2024-cü ildə bu istiqamətə 195,9 milyon manat, 2023-cü ildə isə 208,9 milyon manat xərclənmişdi.

Hesabata əsasən, ayrılan vəsaitin böyük hissəsi – 168 milyon manat “Formula 1” üzrə Azərbaycan Qran-prisinin təşkili üçün sərf olunub. Bu məbləğ beynəlxalq və ölkə səviyyəli tədbirlərə ayrılan ümumi vəsaitin təxminən 79 faizini təşkil edir.

Bundan başqa, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq işlərinə 18,8 milyon manat, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına 7 milyon manat, 12-ci Qlobal Bakı Forumuna 3,5 milyon manat ayrılıb.

3-cü Şuşa Qlobal Media Forumuna 2,2 milyon manat, 3-cü Milli Şəhərsalma Forumuna 2,1 milyon manat, 8-ci “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına isə 1,7 milyon manat xərclənib.

Azərbaycanın COP29 sədrliyi ilə bağlı tədbirlərə 1,2 milyon manat, “Laçın şəhəri – MDB-nin mədəniyyət paytaxtı” layihəsi çərçivəsində keçirilən tədbirlərə isə 1 milyon manat vəsait yönəldilib. Digər tədbirlər üzrə xərclər 8,1 milyon manat olub.

Qanun layihəsində xarici fəaliyyətlə bağlı digər xərclər də açıqlanıb. Belə ki, xarici ölkələrdə fəaliyyət göstərən 85 diplomatik nümayəndəlik və konsulluğun saxlanılması və digər xərcləri üçün 205,2 milyon manat ayrılıb.

Azərbaycanın Çin, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Mərkəzi Asiya və Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndələrinin aparatlarının saxlanılmasına isə 4,2 milyon manat vəsait yönəldilib.

Beynəlxalq və regional təşkilatlara üzvlük haqları çərçivəsində BMT sisteminə daxil olan qurumlar, proqramlar və konvensiyalar üçün 6,1 milyon manat, İslam Əməkdaşlıq Təşkilatına və onun qurumlarına 1,3 milyon manat, MDB təşkilatlarına isə 1,6 milyon manat ödənilib.

Azərbaycan 2016-cı ildən etibarən “Formula 1” yarışlarına ev sahibliyi edir. Hər il yarışların təşkili üçün dövlət büdcəsindən on milyonlarla manat ayrılır. Lakin yarışların təşkilinə çəkilən ümumi xərclər, əldə olunan gəlirlər və iqtisadi təsirlə bağlı ətraflı məlumatlar ictimaiyyət üçün əlçatan deyil.

Rəsmi şəxslər beynəlxalq yarışların və forumların ölkənin tanıdılmasına, turizm axınının artmasına və xidmət sektorunun gəlirlərinin yüksəlməsinə töhfə verdiyini bildirirlər. Onların sözlərinə görə, bu tədbirlər Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsinə xidmət edir.

Bəzi iqtisadçılar isə hesab edirlər ki, bu cür layihələrin iqtisadi səmərəliliyini qiymətləndirmək üçün təqdim olunan məlumatlar kifayət deyil. Onlar qeyd edirlər ki, dövlətin çəkdiyi xərclərlə əldə olunan gəlirləri müqayisə etməyə imkan verən müstəqil hesabatlar və audit nəticələri ictimaiyyətə açıqlanmır. Ekspertlərin fikrincə, tədbirlərin turizmə, məşğulluğa və büdcə gəlirlərinə real təsirini müəyyənləşdirmək üçün daha şəffaf hesabatlılıq mexanizmlərinə ehtiyac var.

Tənqidçilər isə yüz milyonlarla manatın beynəlxalq tədbirlərə yönəldilməsinin prioritetlər baxımından suallar yaratdığını deyirlər. Onların fikrincə, bu vəsaitlərin bir hissəsi təhsil, səhiyyə, sosial müdafiə və regionların inkişafı kimi sahələrə ayrılarsa, daha geniş ictimai fayda verə bilərdi. Onlar həmçinin büdcədən maliyyələşən iri tədbirlərin iqtisadi nəticələrinin mütəmadi olaraq ictimaiyyətə açıqlanmasını və xərclərin effektivliyinin müstəqil şəkildə qiymətləndirilməsini vacib sayırlar. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kimlər üçün dəfn pulu verilmir?

admin

Almanların da həsəd apardığı Estoniya

admin

“Televizor yox, soyuducu yox”: Şahin Şıxlinskinin məhkəməyəqədər həbsdə saxlanılma şərtləri

redaktor