23.3 C
Bakı
05 İyun 2026 16:28
DünyaSiyasət

Ermənistan seçkiləri: Qafqazın gələcəyini müəyyən edəcək səsvermə

07 iyunda Ermənistandakı seçkilər təkcə Ermənistanın deyil, bütün Qafqazın növbəti mərhələdəki siyasi-iqtisadi kursunu, taleyini dəyişəcək.

Ermənistan son 30 il ərzində həm Qərb, həm də Rusiya tərəfindən Azərbaycana müxtəlif məqsədli təzyiq vasitəsi kimi istifadə edilib. Qərb qarşısında Ermənistanın təzyiq missiyası indiki dövrdə tamamlandı. Rusiya üçün isə bu missiya davam edəcəkdi, lakin müxtəlif səbəblərdən bu siyasətdə qırılmalar yaşanır. Səbəblərin mövzusu başqadır. Lakin, şübhə yoxdur ki, seçkidən sonra da Ermənistanda Qərb-Rusiya qarşıdurması davam edəcək.

Paşinyanın qalib gəlməsi Azərbaycan üçün daha uyğun variant olsa da, ideal deyl. Səbəblərinə qısaca toxunaq. Paşinyanın 50%+ nisbətində qalib gəlməsi:

– İqtisadi cəhətdən daha güclü inkişaf etmiş Ermənistan deməkdir. Xüsusilə texnologiya, kiber təhlükəsizlik, kənd təsərrüfatı, emal sahələrinin inkişafı ölkəmiz üçün gələcəkdə Ermənistanın bazarına çevrilmək və kəskin rəqabət riski deməkdir. Texnoloji sahədə isə IT, kibertəhlükəsizlik, süni intellekt məsələlərində dövlətin təhlükəsizliyi məsələsi ön plana çıxır. Azərbaycan üçün çağırışlar formalaşdırır;

– Ermənistanda Konstitusiya dəyişikliyi və Sülh Müqaviləsinin imzalanması. Azərbaycan və Ermənistan üçün tarixi nailiyyətdir, Qafqazda sülhün, rifahın, dinc birgəyaşayışın möhkəm əsaslarını qoyur. Bu hər iki ölkə üçün tarixin qızıl səhifələrindən biri olar;

– Zəngəzur dəhlizi vasitəsilə təkcə Ermənistan deyil, Azərbaycanın da Türkiyə, Avropa, Yaxın Şərqə çıxışı və marşrutların şaxələnməsi, lojistikanın inkişafı deməkdir;

– Rusiyanın Azərbaycana təzyiqi bu dəfə Ermənistan vasitəsilə deyil, birbaşa olacaq. Xüsusilə Rusiyanın Azərbaycanı özünə daha yaxın çəkmək istəyi artacaq;

– Azərbaycanın turizm daxil olmaqla bir sıra sahələrdə (maksimum faydalana bilsək) inkişafına zəmin yaradır. Burada ölkə diplomatiyası yeni çağırışla üzləşəcək. Həm Rusiya ilə əlaqələri qoruyub saxlamaq, həm də ən böyük ticarət tərəfdaşımız olan Qərblə, o cümlədən Türkiyə ilə münasibətləri saxlamaq, qısası balanslı siyasəti davam etdirmək.

Hər hansı şok hadisəsi, kənar müdaxilə, kataklizm olmasa Paşinyanın qalib gəlməməsi ehtimalı aşağıdır. Amma məsələ onun hansı faizlə Parlamentdə səs qazanmasıdır. Onun partiyasının millət vəkilləri 50%+1 səs yerləri tutarsa bu artıq dayanıqlı qələbədir və Konstitusiya dəyişikliyi üçün də yol açılır.

Ermənistan xalqının içərisində revanşistlər də var, bizə nifrət edənlər də, müharibə tərəfdarları da. Bunların az olduğuna, Ermənistanın gələcəyinin iqtisadi inkişafda olduğunu, Ermənistanın digər dövlətlərin əlində necə bir alətə çevrilib istifadə olunduğunu, bu seçkilərin həm də bu nəslin gələcək nəsilləri qarşısında bir məsuliyyət olduğunu dərk edən rasional ermənilərin daha çox olduğuna ümid edirəm! Bu məsələdə məni narahat edən hələ də seçicilərin qərarsız qalan 30%-lik hissəsindədir ki, bu da böyük kontinqentdir!

Rusiyaya gəlincə. Ümid edirəm ki, Rusiya Azərbaycana Avropa İttifaqının Ermənistana göstərdiyi iqtisadi dəstəkləri göstərməsə də, Azərbaycanla siyasətində yaxşılığa doğru dəyişikliklərə gedəcək. Hər halda Rusiya özünün son illərdəki səhvlərindən nəticə çıxaracağına ümid ölməyib! Təzyiq deyil, bərabərhüquqlu (Rusiya üçün bu nə qədər çətin olsa da buna inanmaq üçün əsaslar var) tərəfdaş kimi davranaraq erməniləri növbəti seçkilərdə daha çox düşünməyə vadar edəcək. Əgər Azərbaycana qarşı təzyiqləri davam etdirsə, Azərbaycanın iqtisadi cəhətdən güclənməsinə hər hansı maneələr törətsə, o halda ermənilər arasında “nə yaxşı Rusiyadan uzaqlaşmışıq” düşüncəsinin genişlənməsi, möhkəmlənməsinə dəstək verərək növbəti seçkilərdə Ermənistanın Rusiyadan daha da uzaqlaşmasına səbəb olacaq. Burada da seçim Rusiyanın özünündür!

Nəhayət, Rusiyanın Ermənistana qoşun yeritməsi ehtimalına gəlincə. Böyük dövlətlərlə böyük gücləri səhv salanlar dövlətlərin hərbi güclərini sadəlövhcəsinə müqayisə edərək kimin qalib gələcəyi haqqında fikir yürüdərlər! Zaman o zaman deyil. Biz dövlətlərlə güclər arasındakı fərqi, dünyanın idarəedilmə mexanizmini, maliyyə sistemini, iqtisadi güc mərkəzləri və aralarındakı əlaqələri dərk etdikcə anlayırıq ki,  nə üçün Rusiya Ukraynada, ABŞ İranda bataqlığa düşdü. Bu səbəbdən 1.4 milyard əhalisi, 20 trilyon dollar ÜDM-si olan Çin 23 milyon əhalisi, 1 trilyona dollara yaxın ÜDM-si olan Tayvana hücumdan çəkinir. Çünki, bilir ki, Tayvan da onun üçün bataqlığa çevrilə bilər! Dünya çox dəyişilib və bu dəyişiklik daha da sürətlənir!

 

Elman Sadıqov

Tacxeber.com

Oxşar xəbərlər

İsrailə zərbəyə ermənilərin reaksiyası İranı qəzəbləndirdi

redaktor

DTX-nin həbs etdiyi Nəzakət Məmmədova hansı strateji məlumatları Rusiyaya satıb?

redaktor

Bu körpə uşaqlıqda deyil, bağırsaqda böyüyür – Nadir hadisə

redaktor