Bu gün Dərbəndin işğalından 230 il ötür. Rusiya 230 il ərzində Dərbəndin unudulması üçün çox iş görsə də, istəyinə çata bilməyib. Çünki, Dərbənd Azərbaycan xalqının tarixində müstəsna rolu olan iki şəhərdən biridir. Təbriz dövlətçiliyimizin paytaxtı, ruhumuzun bütövlüyünün şəhəri, Dərbənd tariximizin və ədəbiyyatımızın beşiyidir. Dərbənd xalqımızın vahid etnos kimi formalaşması prosesinin təməllərinin atıldığı, tarix səhnəsinə çıxışımızın başlandığı məkandır. Məkkə və Mədinə ərəblərin vahid etnos kimi formalaşmasında müstəsna rol oynadığı kimi, Dərbənd və Təbriz də Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında müstəsna rol oynayıb.
Təbriz bu gün Güney Azərbaycanın qeyri-rəsmi paytaxtı, Şərqi Azərbaycan vilayətinin (ostan) rəsmi mərkəzi olduğu üçün daha təhlükəsiz vəziyyətdədir. Dərbənd isə Rusiya işğalı altındadır və Təbrizdən fərqli olaraq çox böyük təhlükə ilə üz-üzədir. Buna görə də 21 may Şimal torpaqları günü bizim üçün böyük əhaəmiyyət kəsb edir. Bu gün bütün dünya Azərbaycan xalqının torpaqlarının mənfur işğalı ilə barışmadığını, Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə apardığını çox aydın görməlidir.
Böyük Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində xalqımızın hədəflərini ən mükəmməl şəkildə ifadə edərək yazırdı: “Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə, fikir və əməl şəklində təcəssüm edir”. Dövlət sərhədlərinin Azərbaycanı 230 il ərzində bölə bilməsinin əsas səbəbi budur. Böyük Azərbaycanı doğuracaq yeganə strategiya budur.
21 may Rusiyanın soyqırımına məruz qalmış çərkəz xalqının Xatirə və Ümid Günüdür. Rusiyanın soyqırımı nəticəsində vətənlərindən didərgin düşərək dünyanın 60 ölkəsinə səpələnmiş çərkəzlər 21 mayı Xatirə və Ümid Günü olaraq qeyd edirlər. Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Azərbaycan xalqını 21 mayı bütün çərkəz xalqı ilə birlikdə Xatirə və Ümid Günü olaraq qeyd etməyə çağırır.
Rusiyanın törətdiyi cinayətlərə, o cümlədən çərkəzlərə qarşı törətdiyi soyqırıma görə ədalət məhkəməsi qarşısında cavab verəcəyi günə çox az qaldı.
Dərbənd Azərbaycandır!
