Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən və “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunan qeyri-rəsmi Zirvə görüşü haqqında tənqid yazmağa mənəvi haqqı olan azsaylı insanlardan biri olduğumu düşünürəm. Təxminən 2014-cü ildən bəri sünu intellekt mövzusunda onlarla məqalə, status yazmışam.
Ən son “Azərbaycanın təhlükəsizlik arxitekturası” başlıqlı məqaləmi TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən bir neçə gün öncə yazmışam. Bütün bu illər ərzində bu mövzuda ona görə yazıram ki, yeni dünya düzənin süni intellektə əsaslanacağı qənaətindəyəm. Bu illər ərzində yazdığım məqalələrin əksəriyyətini bu gün də internetdə tapıb oxumaq mümkündür. 6 il öncə yazdığım “Gələcək dünyanın liderini süni intellekt müəyyən edəcək” başlıqlı məqaləmi oxumağınızı tövsiyyə edirəm.
“Palantir” şirkətinin baş direktoru Aleks Karp və korporativ əlaqələr direktoru Nikolas Zamiskanın imzası ilə yayımlanmış “The Technological Republic” (Texnoloji Respublika) 22 maddəlik manifesti də mənim illər öncəki qənaətimi təsdiq edir.
TDT-nin Dövlət başçılarının Zirvə görüşünün süni intellektə həsr edilməsini də alqışlayıram. Ancaq qənaətimcə artıq hər bir dövlət üçün var olmanın əsas şərtlərindən birinə çevrilən süni intellektlə bağlı TDT-nin çərçivəsində uğur qazanmaq mümkün deyil.
Çünki, inkişaf üçün lokomotiv olacaq ölkəyə ehtiyac var. Qənaətimcə TDT-yə üzv dövlətlər arasında belə bir potensialı olan ölkə yoxdur. Türk dövlətlərinin süni intellektə yönəltdikləri sərmayə məhdudluğu, infrastrukturun zəifliyi azmış kimi, məhdud resurslardan doğru istifadə edilməməsi ən böyük problem olaraq qalır.
Türk dövlətlərinin inkişafı üçün lokomotiv olmalı olan Türkiyə buna ən bariz nümunədir. Ağır maliyyə böhranı keçirən Türkiyə məhdud imkanlarından da doğru istifadə etmək bir yana, həmin resurslardan tamamilə əks məqsədlər üçün gen-bol istifadə edir.
Türkiyədə elmi və texnoloji inkişafı təşviq etməli olan Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu (TÜBİTAK) ətraf mühit və inanc arasındakı əlaqə çərçivəsində VII-XI əsrlərdə yağış dualarını araşdırmaq üçün 3 milyon lirə ayırıb. Araşdırma Bursa Uludağ Universitetində həyata keçiriləcək. Bu hadisə göstərir ki, Türkiyə türk dövlətləri üçün inkişaf modeli və lokomotivi olmaq iqtidarında deyil.

Türk dövlətləri süni intellekt sahəsində geridə qalmaq istəmirsə istinad ediləcək ölkə məlumdur və bu ABŞ-dır. Bu əməkdaşlığı zəruri edən məqamlar haqqında “Azərbaycanın təhlükəsizlik arxitekturası” başlıqlı məqalədə ətraflı yazdığım üçün burada təkrar etməyə ehtiyac görmədim.
Qazaxıstan və Özbəkistanın süni intellekt sahəsində uğurları isə sevindirici və ümidvericidir.
