DünyaSiyasət

Niyə 60 gün?

ABŞ prezidenti Donald Tramp ölkə Konqresinə ünvanladığı məktubda İrana qarşı müharibənin başa çatdığını bildirib. Əslində Tramp atəşkəs elan edərək, ardınca da onun müddətini uzatdıqda bunun haraya gedəcəyini görmək mümkün idi: Trampa həmin müddəti müharibəyə başladığı tarixdən 60 gün həddinə çatdırmaq lazım idi ki, bunu da etdi.

Niyə 60 gün? Bunun səbəbi ABŞ Konstitusiyasının 1–ci maddəsinin 8-ci bəndində göstərilir. Onun tələblərinə uyğun olaraq, ABŞ prezidenti ali qanunverici orqan olan Konqresin razılığı olmadan, lakin Konqresi məlumatlandırmaqla yalnız 60 gün ərzində hərbi əməliyyatlar başlatmaq və aparmaq səlahiyyətinə malikdir. Həmin xəbərdarlıq da mart ayının 2-də rəsmi məktubla təqdim olunub.

Bu müddət başa çatdıqdan sonra isə hərbi əməliyyatların aparılması barədə qərar vermək səlahiyyəti yalnız ABŞ Konqresinə məxsusdur. Tramp da Konqresdən belə bir qərar ala biləcəyinə əmin olmadığından, 60 günün tamamında (may ayının 1-də) müharibənin bitməsi haqda xəbərdarlıq edib. Bu da ABŞ Konstitusiyasının və qanunlarının tələbidir.

Digər tərəfdən də müharibənin uzanması nə ABŞ dövlətinin, nə də Tramp adminstrasiyasının maraqlarına uyğun deyil. ABŞ əhalisinin 60%-dən çoxunun müharibəyə qarşı olması Respublikaçılar partiyasına noyabr ayında keçiriləcək aralıq seçkilərdə yaxşı heç nə vəd etmir. Bu da Trampın impiçmenti və ya ən azı səlahiyyətsiz prezidentə çevrilməsi demək olardı.

İrana qarşı müharibənin bugünkü nəticələri ABŞ dövlətinin milli maraqlarına da cavab vermir: Vaşinqtonla onun NATO müttəfiqləri arasında yaranmış uçurum daha da dərinləşdi, ABŞ-ın Yaxın Şərqdəki hərbi infrastrukturuna ciddi xələl gəldi, Hörmüz boğazının İran tərəfindən bağlanması qlobal iqtisadi böhrana zəmin yaratdı, ABŞ-ın Yaxın Şərqdəki tərəfdaşlarının Vaşinqtona inamı və güvəni azaldı.

Bunlar da hələ müharibənin yalnız ilkin fəsadlarıdır. Digər tərəfdən də ABŞ və İsrailin İranda rejimin dəyişdirilməsi və Tehranın nüvə proqramını ləğv etmək planı da baş tutmadı. Əksinə, müharibə nəticəsində İranda daha radikal hakimiyyət formalaşdı, Tehran üçün nüvə silahı əldə etmək imkanları daha da genişləndi, ABŞ-ın Yaxın Şərqdəki geosiyasi üstünlüyü ciddi şübhə altına düşdü.

Amma bütün bunlar hələ də müharibənin bitməsi anlamına gəlmir, çünki İrana qarşı müharibədən sonra Yaxın Şərqdə əvvəlkindən daha ziddiyyətli və daha mürəkkəb geosiyasi vəziyyət yarandı. İndi dünyanın ən mühüm bölgəsinə təsir uğrunda mübarizə yeni mərhələyə keçir. Bu mərhələdə Yaxın Şərqə nəzarət uğrunda yarışa təkcə qlobal güclər deyil, region dövlətləri özləri də qoşulacaqlar.

 

Ərəstun Oruclu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İrəvanda saxlanılan rusiyalı iş adamını Azərbaycan 2021-ci ildə axtarışa vermişdi

redaktor

İsrail HƏMAS-ın hücumu nəticəsində 2150-dən çox israillinin yaralandığını bildirir

redaktor

“TikTok”dan plastik cərrah tapan qız klinikada öldü

redaktor