Ermənilər deyir ki, eramızdan əvvəl Böyük Ermənistan olub, Ağrı Dağı da o Ermənistanın bir hissəsi. Buna görə o dağı ölkələrinin əsas simvoluna çeviriblər. Ermənistan pasportlarında bu dağ əks olunub. Böyük Ermənistan, Ağrı Dağı, eradan əvvəlki söhbətlər mübahisəlidir, üstəgəl bizim də tutarlı arqumentlərimiz var.
Ermənilərin məntiqi ilə yanaşsaq, onda yunanlar da götürüb pasportlarında İstanbulun siluetini əks etdirə bilərlər. İstanbul mübahisəsiz yunan torpağı olub. Yaxud da meksikalılar götürüb ABŞ-ın Kaliforniya ştatındakı o məşhur dağı (üzərinə “Hollywood” yazılan) öz simvolu edə bilərlər. Kaliforniya 19-cu əsrə qədər Meksikanın ərazisi olub, amma nə meksikalılar, nə də yunanlar belə bir şey edir. Belə nümunələr həddən artıq çoxdur.
Qonşumuz Ermənistanla hər zaman sülh, dostluq münasibətlərinin tərəfdarı olmuşam, amma orada Böyük Ermənistan xülyası ilə yaşayan, bunu özlərindən sonrakı nəsillərə ötürən yüz minlərlə daşnak var. Erməni xalqının proqressiv kəsiminin ümidi Paşinyandır, o, bu xalqı xilas etmək üçün hər şeyi edir, pasportlarındakı Ağrı Dağının təsvirləri də artıq yığışdırılır.
Ermənistanda qarşıdan gələn seçkilər nəinki Ermənistan, elə bizim üçün də çox həlledici olacaq. Kreml tərəfindən idarə olunan revanşistlər İrəvanda Azərbaycan və Türkiyə bayrağını yandırıb, seçicilərinə Qarabağ vədi verməyə başlayıblar artıq.
