Deputat Elman Nəsirov parlamentin ötən ilin noyabrında keçirilən plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı demişdi ki, vətəndaşlar 2026-cı ildə daha yaxşı yaşayacaq:
“2026-cı ildə bizim 41 milyard 700 milyon manat vəsaitimiz var xərclənmək üçün. Əgər onun 41 faizi – yəni 17 milyard manatdan çoxu sosial sahəyə ayrılırsa və bu, 2025-ci illə müqayisədə 213 milyon manat artıbdırsa, deməli 2026-cı ildə daha yaxşı yaşayacaqsınız. Rəqəmlər və məntiq bunu göstərir.”
Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” sosial büdcədə 213 milyon artımın özlüyündə vətəndaşların həyat şəraitini daha yaxşıya doğru dəyişdirib-dəyişdirmədiyini yoxlamışdı: https://faktyoxla.info/…/elman-nesirovun…
2026-cı ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsait 2025-ci ilin dövlət büdcəsinə nisbətən 1,3 faiz artımla (213 milyon manat) 17 milyard 145 milyon manat olub. Bununla belə, Azərbaycanda olan inflyasiya göstəriciləri bu artım faizindən çoxdur ki, bu da sosial xərclərin real göstəricilərdə artmadığını, inflyasiya nəzərə alındıqda əksinə azaldığını göstərir.
Mərkəzi Bankın 2025-ci ilin rəsmi inflyasiya proqnozu isə 6%-dir. 2025-ci ilin rəsmi inflyasiya proqnozunu nəzərə almaqla 2026-cı ildə sosial xərclər azı 17 milyard 947 milyon manat olmalı idi ki, real ifadədə artım olsun. Rəsmi inflyasiya rəqəmlərinin real inflyasiya rəqəmlərindən aşağı olduğunu nəzərə alsaq, bu məbləğ daha da yüksək olmalı idi.
Həmçinin, 2026-cı ildə artan vergi və ödənişlər səbəbilə əhalinin xərclərinin artacağı da gözlənilir.
Beləliklə, Azərbaycanda 2026-cı il üçün sosial xərclərdə real ifadədə azalma, əhalinin vərgi və ödənişlərində isə artımlar gözlənilir. “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Elman Nəsirovun səsləndirdiyi iddia faktlarla manipulyasiyadır.
