Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsində açıq şəkildə qeyd olunur ki, “Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”. Avropa İnsan Hüquqları Məhkəməsinin bu maddəni təfsir edən presedent qərarlarına əsasən, həbsxana şəraitində məhbusun keyfiyyətli tibbi yardımdan məhrum edilməsi birbaşa olaraq qeyri-insani davranış və ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilir.
Həbs olunduğum 6 may 2025-ci il tarixindən bəri keyfiyyətli tibbi yardım və müayinə üçün dəfələrlə müraciət etsəm də, şikayətlərim əksər hallarda nəticəsiz qalır.
Ötən il, yəni, həbsimin ilk aylarında vəkilim Daxili İşlər Nazirliyinin (DİN) İstintaq və Təhqiqat İdarəsinə maqnit-rezonans tomoqrafiyası (MRT) və kompüter tomoqrafiyası (KT) olunmağım üçün vəsatət ünvanlamışdı. Bakı İstintaq Təcridxanasının (BİT) Tibb-Sanitariya Hissəsindən (TSH) gələn cavabda isə bildirilirdi ki “həkim-nevroloq tərəfindən baxış keçirilib və Ülviyyə Quliyevada ciddi patologiya aşkar edilməmişdir”.
Məsələ burasındadır ki, hələ 2017-ci ildə məndə adenohipofizin sol yarımkürəsində 4 millimetr ölçüsündə mikroadenoma aşkar edilmişdi. Həmin dövrdən etibarən həbs olunana qədər həkim məsləhəti ilə hər il mütəmadi olaraq MRT və KT müayinələrindən keçmişəm. Həmçinin illərdir insulin rezistentliyi, B12 vitamini çatışmazlığı, hipoqlikemiya və leykositlərin yüksəlməsindən əziyyət çəkirəm. Paralel olaraq, qaraciyərimdə ikinci dərəcəli piylənmə, böyrəklərimdə kristallar, ürəyimdə taxikardiya xəstəliyi, qalxanabənzər vəzimdə isə genişlənmə kimi qeydiyyata alınmış diaqnozlarım mövcuddur.
Həbs olunduğum gün polislərin mənə qarşı zorakılığından sonra zaman-zaman başımda küt ağrılar, başgicəllənmələri və göz qaralmaları yaşayıram. Keçirdiyim yüksək stress nəticəsində mədəmdə ciddi spazmlar və öyümə refleksləri yaranıb. Mənim bu mürəkkəb xəstəliklərimə rəy verməli olan həkim isə nevroloq deyil. Bu, ona bənzəyir ki, böyrək ağrılarından şikayətlənən bir xəstəni göz həkimi müayinə edir və rəy bildirir.
Səhhətimdə olan problemlərə dair məsələni 2025-ci ilin oktyabrında (bununla bağlı “Həbsxanalara Ombudsman gəlsin” adlı bir məqalə yazmışdım), 2026-cı il fevralın 25-də və martın 14-də Ombudsmana BİT-də bizi ziyarəti zamanı bildirmişəm. Bundan əlavə, 10 mart 2026-cı il tarixində Ədliyyə Nazirliyinin İctimai Nəzarət Qrupunda təmsil olunan hüquq müdafiəçilərinə Təcridxanaya ziyarətləri zamanı şikayət ünvanlamışam. Bütün müraciətlərimdə səhhətimdəki mövcud problemlərin müayinə nəticələrini və diaqnozları da təqdim edirəm ki, hər şey faktlara əsaslansın.
Ombudsmana ünvanladığım şikayətlərdən yalnız birinin cavabı 1 aprel 2026-cı ildə əlimə çatdı. Cavabda bildirilir ki, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Ombudsmanın sorğusuna “Ülviyyə Quliyevanın səhhətinin müşahidə altında olduğu, əlavə tibbi müayinə üçün isə istintaqın razılığı ilə şərait yaradıla bilər” cavabını verib.
İnsafən demək lazımdır ki, üç aydan bir müalicəmin aparılması üçün Bakı İstintaq Təcridxanasının Tibb-Sanitar Hissəsində bəzi dövlət hesabına olan qan analizlərini verə bilirəm. Amma bunlar mənim səhhətimlə bağlı hərtərəfli məlumat əldə etmək üçün yetərli deyil, hətta minimumudur. Mən mütəmadi olaraq şəxsi həkimimin təyin etdiyi dərmanları qəbul edirəm və həkimin bu analiz cavablarına uyğun olaraq ya dərmanları, ya da dozaları dəyişir. Buna görə də TSH-da mülki xəstəxanaya qan analizi üçün qan nümunəsi göndərməyimə şərait yaradılır. Bununla bağlı hər dəfə öz hesabıma qan analizi vermək üçün ərizə ilə müraciət edir, anam isə Tibb Baş İdarəyə qəbula gedir və operativ cavab ala bilirəm.
Lakin Tibb-Sanitar hissədə USM həkimi ötən yaydan bəri fəaliyyət göstərmir. Ancaq Tibb Baş İdarədən üç-dörd aydan bir USM həkimi gəlir və ehtiyacı olan məhbusları gün ərzində müayinə edir. Mənim xəstəliklərim isə USM müayinəsini də vacib sayır və üç-dörd aydan bir olan müayinə kifayət etmir.
Əlavə olaraq, Tibb-Sanitar Hissədə MRT və KT üçün təchizatlar yoxdur. Bu səbəbdən də mən öz hesabıma mülki xəstəxanada ümumi müayinə olunmaq üçün şərait yaradılmasını istəyirəm. Qanun da buna qarşı deyil. Əksinə dövlətin vəzifəsidir ki, keyfiyyətli tibbi yardımla bağlı şərait yaratsın.
20 fevral 2026-cı ildə tibbi müayinədən keçməyim məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinə vəsatətlə müraciət etsəm də, bu günə qədər məhkəmə prosesimiz yalnız iki dəfə – 13 mart və 3 aprel tarixlərində baş tutub, araya bayramlar da girib və aprelin 17-i prosesimiz təxirə salınıb. Hər dəfə də prosesdə vəkilim Rövşanə Rəhimli vəsatətin aqibətini soruşanda yalnız “sorğu göndərilib” kimi qeyri-müəyyən və süründürməçi cavablarla qarşılaşırıq. Halbuki, məhkəməyə səhhətimdəki mövcud problemlərin analiz cavablarını, diaqnozları da təqdim etmişik.
Bu, bəziləri üçün qısa müddət kimi görünsə də, xatırlatmaq istərdim ki, mən 2025-ci ildən keyfiyyətli tibbi yardımdan məhrumam və narahatlığım əsaslıdır. Bir ildir ki, Azərbaycan dövləti süründürməçiliklə məşğul olur.
Ombudsmanın 2025-ci il üzrə illik hesabatında qeyd olunur ki, penitensiarın səhiyyə sahəsində problemlər qalır. Penitensiar səhiyyə infrastrukturunun müasir tibbi avadanlıqlarla təmin olunması sahəsində çatışmazlıqlar qalır, hesabatda vurğulanır. Deməli, sadaladığım çatışmazlıqlar qəbul olunur. Bunları nəzərə alaraq, mülki xəstəxanada öz hesabıma müayinə olunmaq istəyim də əlahiddə hadisə olmamalıdır.
Bəs qanun nə deyir?
İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (mötərizədə İQAK) “Həbsxanalarda səhiyyə xidməti” tövsiyəsində bildirilir ki, məhbuslar da azad cəmiyyətdə yaşayanlar kimi tibb xidmətindən eyni səviyyədə istifadə etmək hüququna malikdirlər. İQAK-ın 1993-cü ildə dərc etdiyi 3-cü Ümumi Hesabatının “Həbsxanalarda səhiyyə xidmətiadlı bölməsinin 36-cı paraqrafında vurğulanır ki, “Həm mülki, həm də türmə xəstəxanalarında (məhbuslara) xəstəxana xidmətlərinin göstərilməsinə tam yardım göstərilməlidir”.
BMT-nin “Məhbuslarla rəftara dair Minimum Standart Qaydaları” yəni Nelson Mandela Qaydalarının 24-cü maddəsinə əsasən, dövlət məhbusların sağlamlığına görə məsuliyyət daşıyır və onlar cəmiyyətdəki xidmətlə eyni standartda tibbi xidmətdən yararlanmalıdırlar. Həmçinin Konstitusiyanın 41.1-ci bəndi də, hər kəsin tibbi yardım almaq hüququnu tanıyır.
Azərbaycan hökuməti BMT-nin mənimlə bağlı sorğusuna verdiyi cavabda heç bir hüquqi, rasional əsaslandırma bir çox faktı riyakarcasına inkar edib. Səhhətimlə bağlı isə “nevroloq tərəfindən baxış keçirildiyini” təkrarlayıb. Gülməlisi odur ki, Azərbaycan hökumətinin cavab verən komandası da bilmir ki, mənim xəstəliklərimin heç biri nevroloqun sahəsinə aid deyil. Səhiyyə haqqında heç bir informasiyası olmayan adamların səhiyyənin keyfiyyətinə nəzarət etməsi, hələ cavab verən strukturun bunu beynəlxalq təşkilata cavab olaraq yazması daha da gülməlidir. Ancaq mən xronoloji şəkildə bir ildir davam edən antihumanist davranışı əhatə etməyə çalışmışam.
Siyasi Qisas
Bu, təkcə mənim keyfiyyətli tibbi müayinədən keçmək üçün siyasi məhbus olaraq paylaşdığım bir illik hekayədir və hələ də nəticəsiz olaraq davam edir. Bunun qisasçı siyasi iradə ilə tənzimlənməsi də şübhəsizdir.
Keyfiyyətli tibbi müayinəyə səhhətində ciddi problemlər olan Aynur Elgünəş, Şəmşad Ağa, Əhməd Məmmədli, Polad Aslanov, Fərid İsmayılov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Afiəddin Məmmədov və onlarla digər siyasi məhbus da çatımlılıq əldə edə bilmirlər.
Belə başa düşə bilərik ki, İlham Əliyev öz tənqidçilərini keyfiyyətli tibbi müayinədən və yardımdan məhrum edərək onları həbsxanada yarımcan etmək niyyətindədir.
Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir.
***
P.S. Ülviyyə Əli (Quliyeva) isə bu il mayın 6-da “Meydan TV işi” üzrə saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin əvvəlcə 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb. Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.
Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda ölkədə 340 siyasi məhbus var. Hökumət nümayəndələri isə bu iddiaları rədd edir, həbs olunanların konkret əməllərlə bağlı məsuliyyətə cəlb olunduqlarını bildirirlər.
