11 C
Bakı
21 Aprel 2026 17:28
CəmiyyətŞikayət

Rüfət Səfərov: “Nə qədər Azərbaycanda bu hakimiyyət var, belə həbslər çox olacaq”

Rüfət Səfərovun cinayət işi üzrə məhkəmədə zərərçəkmişin ifadələri arasında ziddiyyətlər ortaya çıxıb, hüquq müdafiəçisi isə ittihamların qurama olduğunu bildirib

Aprelin 20-də hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Azadlıq Radiosu”nun məlumatına görə, Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində tanınan Natiq İmanquliyev vəkillərin vəsatəti əsasında yenidən dindirilib.

İttihama görə, Rüfət Səfərov Natiq İmanquliyevdən torpaq satmaq adı ilə 60 min manat alıb, lakin nə torpaq verib, nə də pulu qaytarıb. Bildirilir ki, 2024-cü il dekabrın 3-də İmanquliyev pulu tələb etmək üçün Səfərovun yaşadığı binanın qarajına gəlib və tərəflər arasında mübahisə yaranıb. İddialara əsasən, bu zaman Səfərov ona xəsarət yetirib.

Hüquq müdafiəçisi isə bildirir ki, həbs olunana qədər həmin şəxsi tanımayıb. Onun sözlərinə görə, ilk dəfə saxlanıldığı gün qarajda maşından düşərkən hücuma məruz qalıb və bundan sonra dava baş verib.

Məhkəmədə vəkil Rövşanə Rəhimovanın suallarını cavablandıran Natiq İmanquliyev iddia edib ki, pulu Səfərova Tibb Universitetinin qarşısında verib. Lakin o, bunu təsdiqləyən hər hansı sübut təqdim edə bilməyib.

Vəkilin “necə olub ki, alqı-satqı olmadan bu qədər pulu sübutsuz verib?” sualına isə İmanquliyev belə cavab verib ki, Novxanıda torpaq satılacağına sevindiyi üçün digər detallara diqqət yetirməyib.

Zərərçəkmiş həmçinin bildirib ki, pulunu ala bilmədiyi üçün Səfərovun yaşadığı binanın qarajında onu gözləyib. Polis əməkdaşlarının hadisə zamanı oraya gəlməsinə gəlincə isə iddia edib ki, onlar yaxınlıqdakı mağazadan su almağa gəlmişdilər.

“Siz haradan bilirsiniz ki, polislər su almağa gəlmişdilər? Bəs necə oldu ki, binanın altındakı qaraja gəldilər?”, – Natiq İmanquliyev vəkilin bu suallarına cavab verə bilməyib.

Rüfət Səfərov məhkəmədə çıxışında ittihamları rədd edərək bildirib ki, iş sifarişlidir və ona qarşı qurulub:

“Təəssüf ki, insan haqlarının belə ağır olduğu bir dövrdə özümdən asılı olmayan səbəblərdən hüquq müdafiəçisi kimi fəaliyyətimi davam etdirə bilmirəm. Əliyev rejimi məndən məhz sistemli şəkildə apardığım hüquq müdafiəçiliyi fəaliyyətimə görə qisas alır. Bir nəfər gedib yüksək səviyyədə mükafat alacaqdı deyə, onun qarşısını kəsmək üçün tutub həbs etmək lazım idi. Yəqin vaxtın azlığına görə belə keyfiyyətsiz şəkildə iş qurublar. Həqiqətən ayıbdır. Nə qədər Azərbaycanda bu hakimiyyət var, belə həbslər çox olacaq. Onsuz da bu məhkəmədən gözləntim yoxdur, bitirin, gedib-gəlmək istəmirəm”.

O, məhkəməni izləyən diplomatik korpus nümayəndələrinə təşəkkür edib və ABŞ Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurası kimi beynəlxalq qurumlara müraciət edərək insan hüquqlarının qorunmasına daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Məhkəmə prosesi mayın 4-də davam etdiriləcək.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurma maddələri ilə təqsirləndirilir. Hüquq müdafiəçisi həbsinin səbəbini ABŞ-də insan hüquqları sahəsində aldığı mükafatla əlaqələndirir.

Hüquq müdafiə təşkilatlarının son hesabatlarında Azərbaycanda 340 siyasi məhbusun olduğu qeyd olunur. Rəsmi qurumlar isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini bildirir.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Sevdiyin qız kimidir, sinənə qoyub yata bilərsən…” – Aqil Abbas

redaktor

“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır?

redaktor

Adnan Əhmədzadə xəyanətinin nəticələri özünü göstərməyə başlayıb

admin