ABŞ – İran müharibəsinin yekun sülh sənədi, BMT- nin və ümumiyyətlə ikinci dünya müharibəsindən sonra formalaşan beynəlxalq hüququn rəsmən sonu olacaq.
Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ və Açıq Dənizlər haqqında Cenevrə Konvensiyası, Hörmüz boğazı kimi təbii keçid yollarında, heç kimə, heç bir rüsum ödəmədən bütün ölkələrə sərbəst tranzit hüququ verirdi.
Bu gün və ya yaxın vaxtlarda imzalanacaq sülh sazişində İran Hörmüz boğazı ilə bağlı hüquqlar əldə edəcəkmi?
Əsas sual və nəticə budur!
Müharibənin elan olunmayan əsas səbəbi də bu idi: enerji ehtiyacının 50 faizə yaxınını Hörmüz boğazı ilə təmin edən Çini enerji blokadasına almaq.
Müharibənin elan edilən “səbəbi” – nüvə silahı məsələsini guya həll etmiş kimi davranacaqlar və İran zənginləşdirilmiş uranı üçüncü bir ölkəyə təhvil verəcək. Bu, ABŞ üçün “qələbə” sayılacaq.
İran üçün “qələbə” Hörmüz boğazına sahiblənmək olacaq.
Hamı heyrətlənəcək, İran nəinki məğlub oldu, hətta Hörmüz boğazını da ələ keçirdi.
Əvvəllər demişik, yenə də deyirik, sistemlər müharibələri bəzən elan edilən səbəblərə görə aparmazlar. Bəzən tam qələbə üçün yox, sistemlərini davam etdirmək üçün apararlar.
Sistemlərin qüruru olmaz, strateji məqsədlər üçün məğlub da görünə bilərlər.
Bəli, strateji məqsəd naminə əsas hədəfə yaxınlaşdılar.
Növbəti mərhələdə Körfəz ölkələrini məcbur edəcəklər və ya özləri məcbur qalacaq ki, enerji resurslarını quru yollarla çəkilmiş boru xəttləri vasitəsiylə Aralıq dənizinə və digər alternativ şimal xətlərinə yönəltsinlər.
Yəni ki, Çinin dünyadakı enerji ehtiyatlarının 40 faizinə sahib olan ölkələrə əlçatanlığı daha da çətinləşəcək.
Rəqibləri Çinə enerjini dolayı yollarla satacaq və qiyməti diqtə edəcək.
İran, İran tərəfdarları və bu böyük geosiyasi oyun müddətində İran tərəfdarı roluna büründürülmüşlər isə yaxın dönəm üçün qələbə bayramı qeyd edəcəklər.
Bir müddət sonra İranda böyük çalxalanma başlayacaq və rejim çökəcək.
Rejim çöksə də Hörmüz boğazı ilə bağlı “əldə edilmiş” hüquqlar yerində qalacaq və bu, İngiltərə-ABŞ-İsrail ittifaqının strateji qələbəsindən başqa bir şey deyil.
