DünyaSiyasət

NATO-nun Asiya gedişi

NATO Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığı genişləndirməyə qərar verib. Şimali Atlantika Blokunun Yaponiya və Cənubi Koreyaya təxminən 300 nümayəndədən ibarət heyət göndərməsi buna sübutdur. Bu səfər Pekinin narazılığına səbəb olub.  Pekində nəşr olunan “Global Times” qəzeti NATO-nun Asiya-Sakit okean regionunun hesabına hərbi, siyasi və diplomatik fəaliyyət dairəsini genişləndirməyə çalışdığını yazıb.

Beləliklə, NATO Şərqə doğru genişlənmək siyasətini həyata keçirir. Şimali Atlantika Bloku bununla gücünü zəifləmədiyini göstərməyə çalışır. Çünki, NATO-nun əsas ölkəsi olan ABŞ Prezidenti Donald Trampın təşkilatı sərt tənqid etməsi Şimali Atlantika Blokunun imicinə mənfə təsir edib. NATO Trampın “Hörmüz boğazını birgə qoruyaq” çağırışına dəstək vermədi. Buna görə də Tramp ABŞ-ın NATO-nu tərk edəcəyinə dair açıqlamalar verdi. Halbuki, bunu yerinə yetirmək asan deyil. ABŞ-ın NATO-nu tərk etməsi üçün Konqresin qərarı lazımdır. Digər tərəfdən ABŞ NATO-nu tərk edərsə, Avropadakı hərbi bazalarından məhrum ola bilər. Bu isə ABŞ-ın fövqəldövlət statusuna mənfi təsir edəcək.

Buna baxmayaraq, ABŞ-NATO münasibətlərindəki ziddiyətlər Şimali Atlantika Blokunun birliyinə təsir edib. Bu mənada NATO-nun Yaponiya və Cənubi Koreya ilə artan hərbi əməkdaşlığı təşkilatın təhlükəsizlik məsələlərində arxa planda olmadığını göstərir.  Brüssedə əmindirlər ki, Avropanın təhlükəsizliyi Asiyanın təhlükəsizliyindən birbaşa asılıdır. Şimali Atlantika Bloku buna görə Asiya istiqamətinə önəm verməyə başlayıb. NATO Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiya birgə hərbi təlimlərinin sayını artırıb. Ötən ilin yanvar ayında Yaponiya NATO yanında daimi nümayəndəlik açıb. Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilirdi ki, Yaponiya NATO ilə fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşdır. Yaponiya Çin təhlükəsindən qorunmaq üçün qonşu ölkələrlə də hərbi əməkdaşlığı genişləndirib. Misal üçün 2014-cü ildə Yaponiya ilə Avstraliya arasında 7 milyard dollarlıq hərbi əməkdaşlıq sazişi imzalanıb.

Yaponiyanın hərbi gücünü artırması, NATO ilə ittifaqı gücləndirməsi Pekinlə yanaşı Moskvanı da narahat edir. Kreml hesab edir ki, Yaponiya İkinci Dünya müharibəsində məğlubiyyət şərtlərinə görə, hərbi gücünü artırmamalıdır. Halbuki, Çinin bölgədə artan hərbi gücü, o cümlədən Yaponiya sahillərinə yaxın Çin-Rusiya hərbi təlimlərinin keçirilməsi Tokioya hərbi gücünü artırmaqdan başqa alternativ qoymayıb.

 

Elxan Şahinoğlu
Tacxeber.com

Oxşar xəbərlər

İnsanların çoxu niyə xəbər oxumaq istəmir?

redaktor

Belarus öz suverenliyini Rusiyaya satır” –  Mixaylo Podolyak

redaktor

Ümumi düşmən – Rusiyada qeyri slovyanlar ciddi şəkildə sıxışdırılacaq.

admin