Uzun illərdir deyirik ki, Azərbaycanda “Türkiyəçi” kimi tanınan şəxslərin böyük bir hissəsi türk düşmənləridirlər. İnanmırdılar. Son zamanlar müşahidəsi çox ağır olan bir “ideoloji xətt” inkişaf etməkdədir – Rusiyaya, İrana nifrət edənlər indi də Türkiyəyə nifrət qusurlar. Niyə? Çünki imperiya varisi olan türkiyəlilər haqlı olaraq İranı müdafiə edirlər.
Artıq əmin olduq ki, sabah İsrail Türkiyəyə hücum etsə, bu adamlar İsraili müdafiə edəcəklər. Buna heç bir şəkk-şübhə qalmadı. Bəs biz nə istəyirik? Deyirik ki, güclü qonşularla – Rusiya, İran, Türkiyə ilə düşmənçilik heç bir halda bizə fayda gətirməz. Amma siz deyirsiniz ki, Rusiya ilə də, İranla da düşmən olmalıyıq, hər ikisini parçalayıb özümüzə imperiya qurmalıyıq. Türkiyə İsraili sevmirsə, ona da düşmən kəsilməliyik. Biz isə deyirik ki, əlimizdə olanları saxlamağı bacarsaq, daha yaxşı imkanlar əldə edə bilərik. İndiyə qədər Azərbaycana İranın, Türkiyənin etdiyi qardaşlığın, dəstəyin bircə faizini İsrail etməyib. Bu nə İsrail sevgisidir sizdə?!
Elastik etika sahibləri illərdir efirlərdə şərhlər verir, politoloq kimi çıxışlar edirlər, jurnalist kimi təhlillər hazırlayırlar – Rusiyanı dağıdırlar – dağılmır, indi İranı dağıdırlar – bu da baş tutmur. Facebookda imperiya dağıdarlar? Bu adamlar Viktor Orbanın baş nazirlikdən getməsini də toy-bayramla qeyd edirlər. Söz yox ki, Orbanın şalvarından bu adamların hər birinə kostyum tikmək olardı. Onun Azərbaycanla bağlı hansı strateji məsələlərə imza atdığını qanmırlar, qana bilmirlər.
Ölkənin bütün dəyərlərini təhqir edirlər. Bütün bunları edənlər də ölkədə “türkçü” tanınan şəxslərdir. Bayrağımızda simvollaşdırılan bu üç dəyər – türkçülük (kökümüz), İslamlaşmaq (mənəviyyatımız), müasirləşmək (hədəfimiz) total hücumlarla üz-üzə qalıb. Bu üç dəyərdən hər hansı birindən imtina etmək və yaxud hər hansı birinə qarşı düşmənçilik nümayiş etdirmək vətənə, dövlətə, xalqa xəyanətdir. Qərb ölkələri xristian dəyərlərinə dönüş edir, biz İslam dəyərlərindən qopuruq?! Ata-analarınızın, babalarınızın inancından, qıldıqları namazdan, tutduqları orucdan, arxanızca etdiyi dualardan utanın — deyərdim, amma sizdə…
