İllərlə davam edən sərt tənqidlər, gərginliyin artması və tam miqyaslı müharibədən sonra Tramp administrasiyası sakitcə geri addım atır. Ağ Ev indi İranla yeni nüvə sazişi bağlamaq üçün çalışır. Amma məhz o cür sazişdən 2018-ci ildə çıxmağına, onun İsrail ilə Qərbə xəyanət olduğunu əsas gətirərək deyərək ələ salmasına baxmayaraq.
İroniya olduqca açıqdır: Trampın diplomatik danışıqları rədd edib hərbi təzyiqə üstünlük verdiyi strategiya onu yenə də eyni danışıqlar masasına gətirib çıxardı. Eyni bu prosesdə İran əvvəlkindən daha güclü, daha varlı və strateji baxımdan daha nüfuzlu vəziyyətə gələ bilər.
Tramp dağıdana qədər qüvvədə olan saziş.
Prezident Barak Obama dövründə geniş beynəlxalq koalisiya – BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, Almaniya və Avropa İttifaqı – İranla Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) imzaladı. Tehran uranın zənginləşdirilməsinə sərt məhdudiyyətlər qoymağı, MAGATE-nin tam nəzarətinə icazə verməyi və nüvə silahı yaratmaq niyyətindən on il müddətinə imtina etməyi öhdəsinə götürdü. Bunun müqabilində bəzi sanksiyalar ləğv edildi və İranın dondurulmuş aktivları geri qaytarıldı.
Saziş, bütün bu tipli müqavilələrdə olduğu kimi,mükəmməl deyildi. İsrailin baş naziri Benyamin Netanyahubir qədər də irəli gedərək onu Yəhudi xalqına “xəyanət” adlandırırdı. Lakin bütün bunlara baxmayaraq, saziş işləyirdi. Onun qüvvədə olduğu müddətdə ABŞ kəşfiyyatı və MAGATE dəfələrlə İranın öhdəliklərinə əməl etdiyini və nüvə silahı yaratmağa cəhd göstərmədiyini təsdiqləmişdi.
Sonra Donald Tramp gəldi. 2018-ci ildə, ilk prezidentlik dövründə o, ABŞ-ı JCPOA-dan çıxardı, onu “tarixin ən pis sazişi” adlandırdı. O, sanksiyaları bərpa etdi, “maksimum təzyiq” kampaniyasına başladı və nəhayət – yeni saziş üzrə danışıqlar uğursuzluğa düçar olduqdan sonra – bu dəfə İsraillə sıx əməkdaşlıq içində İrana qarşı müharibəyə başladı.
Oyun qaydalarını dəyişən müharibə
Obama çoxtərəfli koalisiya qurarkən, Tramp ənənəvi müttəfiqlərini belə kənarda qoydu. Məlumata görə, bir çox Avropa ölkələri və ABŞ-nin Yaxın Şərq tərəfdaşları müharibə başladıqdan sonra bundan xəbər tutdular.
Müharibə ilk günlərdə bəzi hərbi məqsədlərə nail oldu. İranın ordusu, dəniz qüvvələri və raket potensialı əhəmiyyətli dərəcədə zəiflədi. Lakin iki ciddi problem ortaya çıxdı:
1. İranın nüvə materialları toxunulmaz qaldı. Tehran heç vaxt nüvə proqramından imtina etmədi.
2. İran yeni güclü təzyiq vasitəsi əldə etdi: Hürmüz boğazı.
Dünya neft və təbii qaz tədarükünün təxminən beşdə biri, ümumi gübrə ixracatının isə üçdə biri bu dar su yolundan keçir. Müharibə zamanı boğaz üzərində faktiki nəzarəti ələ keçirən İran qlobal iqtisadiyyata qarşı misli görünməmiş bir təzyiq mexanizmi əldə etdi – bu, JCPOA dövründə heç vaxt mövcud olmayan bir mexanizm idi.
Nüvə Məhdudiyyətlərindən Strateji Şantaja
Obamanın sazişi altında İran zənginləşdirməyə məhdudiyyətlər və nəzarətlərə razı idi. Trampın müharibəsindən sonra isə İran Hürmüz boğazı üzərində rəsmi nəzarət tələb edir. Tehran boğazdan müharibə nəticəsində ona dəymiş ziyanı ödəmək və pul qazanmaq üçün istifadə etmək niyyətindədir.
Hər barel neftdən cəmi 1 dollar tranzit rüsumu belə illik milyardlarla dollar gəlir gətirər.
Bu, JCPOA çərçivəsində İranın geri aldığı 400 milyon dollardan qat-qat çoxdur. Məhz bu məbləği Tramp dəfələrlə “nağd pul dolu çamadanlar” kimi ələ salmışdı.
İndi, bir aydan çox davam edən aktiv müharibədən sonra, Trampın komandası yenidən danışıqlar masasına qayıdır və tənqidçilərin “Tramp sazişi” adlandırdığı razılaşmanı axtarır. Lakin şərtlər dəyişib. Tehran mülki enerji üçün uranı zənginləşdirmək kimi “ayrılmaz hüququ” olduğunu bildirir. Eyni zamanda, İran neftinə qoyulan sanksiyaların daimi ləğvini tələb edir.
Əldən verilmiş imkanlar?
Bəlkə də ən təəssüflü detal Oman vasitəçilərindən gəlir. Müharibə ərəfəsində Omandan olan rəsmi şəxs əl-Busaidinin dediyinə görə, İran uranı zənginləşdirmə səviyyəsini silah yaratmaq üçün lazım olan həddən (60 faizdən) xeyli aşağı endirməyə və mövcud ehtiyatları təhvil verməyə razı imiş. Yəni Tehran yenidən geri addım atmağa hazır idi.
Lakin Trampın səfiri Stiven Vitkof, ehtimal ki, uranın istənilən həcmdə zənginləşdirilməsini nüvə bombasına aparan yol kimi izah edib. Bəzi ekspertlər indi Vitkofun İranın təklifini düzgün başa düşüb-düşmədiyini müzakirə edirlər.
Qırx günlük müharibədən sonra İran hələ də zənginləşdirmək hüququnu müdafiə edir. Hürmüz boğazı artıq sadəcə gəmiçilik yolu deyil, gəlir mənbəyi və geosiyasi silaha çevrilib.
Donald Tramp İran siyasətini Obamanın “zəif” sazişini rədd etmək üzərində qurdu. O, Obamanı İrana “nüvə silahı yaratmaq azadlığı verməkdə”, İranı İsraildən üstün tutmaqda, dondurulmuş aktivları “paylamaqda” ittiham edirdi.
Lakin işləyən bir sazişi cırıb atdıqdan, müharibəyə başladıqdan və sonra yenə də birtərəfli qaydada sanksiyaları ləğv etdikdən sonra, Tramp indi zəifləmiş mövqedən danışıqlar aparır. İran öyrənib ki, qlobal enerji axınlarına nəzarət edə, tranzit rüsumları tələb edə və zənginləşdirmə proqramını qoruyub saxlamaqla sanksiyaların ləğvinə nail ola bilər.
Tramp zamanında 400 milyon dollarlıq dondurulmuş aktivlərə o qədər qəzəblənmişdi ki, sonda Tehran’a dünyanın ən vacib neft yolunda milyard dollarlıq gəlir götürmə imkanının açarını verdi.
İndi sual budur: yeni saziş, əgər bağlanarsa, Trampın cırıb atdığı sazişdən daha yaxşı olacaqmı? İlk əlamətlər bunun ABŞ üçün daha pis ola biləcəyini göstərir. Bu isə hətta keçmiş tənqidçiləri belə sakitcə etiraf etməyə vadar edir: Obama haqlı idi.
