CəmiyyətQalmaqalŞikayət

Güləliyev təcridxanada özünü “dövlət baba” adlandırır

Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdığa (Əhmədova) qarşı yol verilən zorakılıqla bağlı ailəsinin Penitensiar Xidmətə verdiyi şikayətdən cavab gəlib. Cavabda Aytac Tapdığa qarşı “qanunsuz hərəkətlərə yol verilmədiyi, təzyiqlərə, işgəncələrə məruz qalmadığı” bildirilir.

Söhbət Bakı İstintaq Təcridxanasında saxlanılan Meydan TV-nin jurnalistləri Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Ümüdovaya qarşı təcridxana əməkdaşları tərəfindən törədilən zorakılıqdan gedir.

Hadisə fevralın 18-də baş verib. Həbsxana əməkdaşları jurnalistlərin saxlandığı kameraya girərək, onlara qarşı zorakılıq göstəriblər. Onlar Aytac Tapdıq və Xəyalə Ağayevanın qollarını burub, boyunlarından tutaraq kameradan zorla çıxarıblar. Həmin vaxt sanitar qovşaqda olan Aysel Ümüdova çıxmaq üçün vaxt istəsə də, onu da qapını sındıraraq otaqdan çıxarıblar.

Jurnalistlərin sözlərinə görə, kameraya əməkdaşlarla birlikdə daxil olan həbsxana rəisinin müavini Cavid Güləliyev Aytac Tapdığın üzünə yumruğunu qaldırıb, onu gecə geyimində gəzinti sahəsində saxlayıb. Güləliyev jurnalistləri təhqir edib, onlara psixoloji şiddət göstərib.

Jurnalistlər bildirirlər ki, zorakılığa səbəb fevralın 13-də “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində şüşə qəfəsi döyəclədikdən sonra onlara tərtib olunan akt barədə ailələrinə məlumat vermələri olub. Akt gizir Turac Rəcəbov, kiçik gizir Tural Quliyev, mühafizəçi Babək Babayev tərəfindən tərtib edilib.

Aytac Tapdıq təcridxanada məruz qaldıqları təhdidlərdən fevralın 20-də “Meydan TV işi” üzrə keçirilən növbəti məhkəmə prosesində çıxışı zamanı da danışıb. O deyib ki, məhkəmədə etirazlara davam edəcəkləri halda “kars”a salınacaqları ilə də təhdid olunublar.

Siz şahmat taxtasındakı piyadalarsınız. Bizi nə zorbalıqlarınızla, nə kars hədələrinizlə çəkindirə bilməzsiniz. Əliyev iqtidarının bacarmadığını siz bacaracaqsınız? Belə özbaşınalıqlarınızı davam etdirsəniz, məhkəməyə gəlməkdən imtina edəcəyik”, – deyə Aytac Tapdıq bildirib.

Xəyalə Ağayeva isə qeyd edib ki, məhkəmə öz səlahiyətlərini yerinə yetirməli, təcridxanaya sorğu göndərərək zorakılıq faktını araşdırmalıdır:

Ötən məhkəmədə etirazlarımıza görə təcridxanada bizdən izahat istənildi. 2 gün əvvəl təcridxanada “şmon” adı altında bizə zorakılıq edilib. Mənim səsim üzləşdiyim zorakılıqda qışqırıqlarıma görə qısılıb. Əvvəla, sizin borcunuzdur təcridxanaya sorğu göndərib, zorakılıq faktını araşdırasınız. Bundan başqa, rəis Elnur İsmayılov bizə deyir ki, növbəti dəfə məhkəmədə bizə akt tərtib olunsa, bizi karsa salmalı olacaq. Mən təklif edirəm, lazım olan aktı gecikdirməyəsiniz, bu gün bizimlə bərabər təcridxanaya göndərəsiniz. Çünki bizi nə karsla, nə qoluzorlularınızla qorxuda bilməzsiniz. Bu məhkəmə boyu pozulan bütün hüquqlarımıza qarşı etiraz edəcəyik”.

Aprelin 3-də də növbəti məhkəmə prosesi zamanı Aytac Tapdıq hakim Aytən Əliyevadan məruz qaldıqları zorakılıq halının araşdırılımasını tələb edib. Jurnalist qeyd edib ki, özünün və həmkarları Aysel Ümüdova və  Xəyalə Ağayevaya qarşı olan zorakılıq halı hələ də araşdırılmadan qalıb.

Zorakılıqdan şikayəti jurnalistlərin ailələləri Penitensiar Xidmətin Baş İdarəsində Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov tərəfindən keçirilən vətəndaşların qəbulu günündə ediblər.

Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Fikrət Qafarovun baş verənlərlə bağlı 10 aprel 2026-cı ildə göndərilən cavabında bildirilir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Aytac Tapdıq zorakılığa məruz qalmayıb, hüquqları pozulmayıb.

Cavid Güləliyev kimdir?

Cavid Güləliyev Azərenerjinin keçmiş prezidenti Etibar Pirverdiyevin bacısı oğludur. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin zabitidir, baş leytenant vəzifəsində çalışır.

Təcridxanadan verilən məlumata görə, “işgəncə kralı” kimi tanınan Cavid Güləliyevin ən çox sevmədiyi məhbuslar jurnalistlərdir. Onun tez-tez jurnalistlər haqqında “ixtiyarı mənə versələr, hamısını güllələyərəm” cümləsi də eşidilir.

Güləliyevin ən yayqın işgəncə növü məhbusları dəmir barmaqlı arakəsmələrə qandallayaraq saatllarla belə vəziyyətdə saxlamasıdır. “Boğazıma qədər qanın içərisindəyəm”, – deyən bu rəis müavini qadınlara qarşı da yalnız fiziki zorakılıq göstərmir, həm də cinsi qısnamalara məruz qoyur. Tez-tez cinsi orqanına vurğu edərək qadınları təhqir etməkdən də çəkinmir. Güləliyev təcridxanada özünü “dövlət baba” olaraq adlandırır. (MeydanTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azərbaycan milli komandasının azarkeş qrupu boykot qərarı verib.

redaktor

“Adam bunlara baxıb ət tökür, 25 il deputat olmaq olar?”

redaktor

Şarl Mişel: “Səfərbərlikdən yayınan ruslara viza verək”

redaktor