“Ford” son illərdə elektrikli avtomobil istehsalı ilə bağlı bəzi planlarını ixtisar etsə də, bu seqmentdən tam imtina etmir. Şirkət indi daha çox əlçatan qiymətə elektrik avtomobillərin istehsalına fokuslanır. Şirkətin baş direktoru Cim Farli bildirib ki, elektrik avtomobil yarışında proses hələ yeni başlayır və “Ford” öz strategiyasını yeniləyir.
Bu barədə “Supercar Blondie” yazıb.
Onun sözlərinə görə, şirkət təxminən 30 000 dollar qiymətə satılacaq yeni elektrik avtomobili üzərində çalışır. Bu model “Tesla”nın “Model 3” və “Model Y” avtomobilləri ilə birbaşa rəqabət aparacaq.
Farli yeni modelin UEV adlı universal elektrik avtomobil platforması üzərində qurulduğunu açıqlayıb. Platforma keçmiş “Tesla” mühəndisləri və “Formula 1” mütəxəssislərindən ibarət kiçik bir komanda tərəfindən hazırlanır.
Onun sözlərinə görə, bu platforma müxtəlif kuzov tiplərini – kompakt krossoverlərdən sedanlara və hətta furqonlara qədər – dəstəkləyəcək qədər çevikdir. Həmçinin 30 000 dollarlıq elektrik pikap modelinin 2027-ci ildə təqdim oluna biləcəyi bildirilir.
Şirkət 2027-ci ilin sonu və ya 2028-ci ilin əvvəlində “Tesla Model 3” və “Model Y” üçün birbaşa rəqib olan yeni modelini bazara çıxarmağı planlaşdırır.
Eyni zamanda, “Reuters” mənbələrə istinadən “Tesla”nın daha kiçik və ucuz krossover üzərində işlədiyini yazıb. Bildirilir ki, yeni model Çində istehsal oluna bilər.
Məlumatlara görə, avtomobilin uzunluğu təxminən 4,28 metr olacaq. Müqayisə üçün, “Tesla Model Y” 4,75 metrdir.
Yeni modelin “Tesla Model 3”dən daha ucuz olması gözlənilir. Şirkətin xərcləri azaltmaq üçün daha kiçik batareya texnologiyasından istifadə edəcəyi qeyd olunur. (Valyuta.az)
