Bütün totalitar ideoloji rejimlər kimi İrandakı teokratik rejimin hakimiyyəti də ilk öncə düşüncələrə hakim olmaq üzərində qurulub. Bunu qoruyub saxlamaq üçün özünün güclü olduğunu təlqin etməyə məhkumdur. Totalitar rejim zəif göründüyü zaman dərhal çökməyə başlayır. Sovet İttifaqının, kommunist rejiminin çöküşü də belə başladı.
ABŞ və İsrailin 38 gün davam edən hərbi əməliyyatı nəticəsində çox ağır yara alan teokratik rejim zəif görünəcəyi halda rejim əleyhinə çıxışların başlayacağını bildiyi üçün dərhal özünü qalib elan etdi. Çox təəssüf ki, sosial şəbəkələrin Azərbaycan seqmentində teokartik rejimin mövcudluğunu qorumağa yönəlik taktikasına sifarişlə dəstək verənlərlə yanaşı ürəkdən bu prosesə qoşulanlar da var.
Bu təbliğatın müəyyən nəticə verdiyini, bu nəticənin isə Azərbaycanın dövlət fəlsəfəsinə qarşı olduğu üçün İranın mollasayağı qələbəsinin nədən ibarət olduğuna aydınlıq gətirməyə çalışacağam.
İslam İnqilabından ötən 47 il ərzində İsrailin bir dövlət kimi məhv edilməsi İranın dövlət siyasətinin əsasını təşkil edib. Bu məqsədlə yüzdən artıq proksi qüvvə yaradaraq İsrailə qarşı geniş cəbhə formalaşdırmağa çalışıb. Bu məqsədə çatmaq üçün 300 milyard dollardan artıq pul xərcləyib. Təxminən yarın əsrlik fəaliyyətin nəticəsi ondan ibarətdir ki, İsrail teokratik rejimin proksi qüvvələrinin əksriyyətinə ölümcül zərbə vuraraq İranın sərhədlərinə dirənib.
İndi isə bir neçə aydan bir İranın hava məkanına daxil olaraq teokratik rejimin 47 il ərzində yüz milyardlarla dollar xərcləyib qurduğu hərbi obyektləri bombalayaraq məhv edir. Ötən ilin iyununda İrana qarşı keçirilən 12 günlük müharibədən cəmi 8 ay sonra İsrail bu ilin fevral ayında yenidən İranın hava məkanına daxil olaraq hərbi infrastrukturuna ağır zərbə vurdu. Dünyada dördüncü ən güclü Hərbi Hava Qüvvələri olan İsrail aviasiyası 38 gün ərzində İranın 6 minə yaxın obyektinə 10 mindən artıq zərbə endirib. Bu vəzifəni yerinə yetirmək üçün İsrail Hərbi Hava Qüvvələri 2 mindən artıq ucuş həyata keçiriblər. İsrailin malik olduğu 448 hərbi təyyarənin 360-ı İrana qarşı əməliyyatlarda iştirak edib. Bu müddətdə İran onlardan birini də vura bilməyib. İranın Ali Rəhbəri başda olmaqla dini-hərbi elitasının əksəriyyəti, hava hücumundan müdafiə sistemlərinin təxminən 80-85 faizi, donanmasının təxminən 90 faizi məhv edilib. Teokratik rejimin dayağı olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüzlərlə hərbi bazasına ağır zərbə vurulub, hərbi sənaye kompleksi əsasən məhv edilib. Raket, dron, sualtı qayıqlar və dəniz PUA-ları istehsal edən obyektlər, polad və alüminium zavodları ya tamamilə məhv edilib, ya da ağır zərbə vurulub. Kosmik tədqiqat, raket və nüvə proqramları, kibertəhlükəsizlik və süni intellekt üzərində işləyən tədqiqat mərkəzləri ya dağıdılıb, aya da ağır zərbə alıb. İranın neft-kimya sənayesinin mühüm bir hissəsi sıradan çıxarılıb. İsrail bütün bunları bir təyyarəsini, bir hərbiçisini itirmədən edib. Bəşər tarixində ikinci belə nümunə yoxdur.
İranın teokratik rejimi isə bütün bunlardan sonra qələbədən danışır və Azərbaycanda da bəziləri bu mollasayağı qələbə nağılına züy tutur. İranın qalib gəldiyini bəyan edənlərin yeganə dəlili onadan iabrətdir ki, teokratik rejimin mövcudluğunu qoruyub saxlaya bilib. Ancaq bir məqamı unudurlar ki, İsrail də uzağa getməyib, qayıdacaq.
