Ölkə Prezidenti Cənab İlham Əliyevin Tbilisi səfəri zamanlama, hazırda dünyada və regionda baş verən hadisələr fonunda çox önəmli idi. Səfər zamanı çox önəmli məqamlar oldu. Əvvəla, İvanişvilinin Prezidentlə görüşü, söhbətlər bir çox önəmli məsələlərdən xəbər verir. İkincisi, düz 2 ay sonra Ermənistanda baş tutacaq seçkilər ərəfəsində bu səfərin önəmi Qafqaz Evinin reallaşması baxımından vacib idi. Üçüncüsü, Gürcüstanın iqtisadi inkişafında (Azərbaycan tərəfindən son 25 ildə Gürcüstanda müxtəlif sahələrə birbaşa yatırılan investisiyalar, Gürcüstan turizminin inkişafında ölkəmizin turistlərinin və investisiyalarının rolu və ən əsası, məhz Bakı-Tbilisi-Ceyhan boru xətti, TANAP layihəsi kimi layihələrin Gürcüstanı qlobal layihələrin tərkib hissəsinə çevirməsi, onun siyasi təhlükəsizliyinə təminat verməsi, iqtisadi dividendlər gətirməsi və sair) önəmli rol oynayıb. Azərbaycanın Gürcüstanın iqtisadi inkişafında oynadığı rol o qədər böyükdür ki, 2 ölkə arasındakı ticarət əlaqələri daxil müxtəlif iqtisadi göstəricilər bu rolun və töhfənin tam mənası ilə əks olunmasında acizdir. Bu fikrim pafoslu və ya ölkəmizin rolunu artırmaq məqsədilə söylənən fikir deyil. Dərin təhlillər də bunu göstərir, zaman da bunu göstərəcək. Məhz bunları nəzərə alan Gürcüstan Azərbaycan-Ermənistan yaxınlaşması və Zəngəzur dəhlizinin açılmasından öz iqtisadi maraqları baxımından narahatdır və bu narahatlığı açıq şəkildə büruzə də veriblər. Belə bir məqamda ölkə Prezidentinin bu səfəri, keçirilən görüşlər Azərbaycan-Gürcüstan iqtisadi, lojistik, investisiya, ticarət əlaqələrinin davam edəcəyi, bu istiqamətlərdə Azərbaycanın rasional və qarşılıqlı mənafelərə uyğun bir balans saxlayacağı, Azərbaycan-Türkiyə və Azərbaycan-Avropa İttifaqı əlaqələrində Gürcüstanın da körpü rolunu oynamağa davam edəcəyi mesajlarını ötürmək üçün zamanlama baxımından da vacib səfər idi. Xüsusilə yaşıl enerji sahəsində Orta Asiya ölkələri – Azərbaycan – Avropa İttifaqı ölkələri arasındakı əlaqələrdə Gürcüstan öz rolunu qoruyub saxlayacaq.
Keçək 2-ci məsələyə.
Hazırda dünya gündəmini zəbt edən mövzu Trump tərəfindən İrana verilən vaxtın bitməsinə 7 saat qalması (Bakı vaxtı ilə səhər saat 4-də) və ABŞ-nin İrana qarşı atacağı addımlarla bağlıdır. Aprel ayının ABŞ-İran müharibəsində həlledici ay olacağı və Trumpın ən kəskin vasitələrə əl atmaq istəkləri və əslində (iqtisadi məsələlər daxil olmaqla) məcburiyyəti səbəbləri haqqında etdiyim təhlillərin nəticələrini martin 31-i və aprelin 1-də yazdığım statuslarda əks etdirdiyim, nüvə silahından istifadə variantının belə istisna olmayacağı haqqında yazdığım üçün təkrara yol vermirəm. Onu da qeyd edim ki, hazırda İranın şəhərlərində camaat canlı qalxan yaratmaq məqsədilə küçələrə yığışır. Nüvə silahına gəlincə. Bunu hazırki vəziyyətdə istisna edirəm, ən azı İsrail buna yol verməz. ABŞ nüvə silahı ilə İran mədəniyyətini məhv edər, amma Yaxın Şərqi də itirər. Bu səbəbdən İranın strateji nöqtələrini, infrastrukturunu dağıdacağı və məhdud quru əməliyyatları ehtimalı daha yüksəkdir. Lakin, öncədən xəbərdarlıq etdiyi üçün bu addımların effektinin daha az ola biləcəyi səbəbindən müəyyən bəhanə ilə müddəti uzadıb sonra gözlənilməz hücumlar ehtimalı da istisna deyil. Yeri gəlmişkən, Trump ABŞ-nin Yaponiyaya atdığı 2 atom silahının ABŞ-ni dünya gücünə çevirdiyini düşünürsə böyük səhvə yol verir. ABŞ-ni dünyanın bir nömrəli gücünə və iqtisadiyyatına ABŞ-nin II Dünya Müharibəsində satdığı silah və ərzaqlar, yığdığı 20 min ton qızıl və 1944-cü il Bretton Vuds sazişi ilə dünyanın rezerv valyutasına çevrilən dollar (və burada qeyd etmədiyim digər bir neçə amil) çevirdi. Hazırda bu amillər daxil olmaqla əsas göstəricilər tərsinə, ABŞ-nin əleyhinə işləyir.
Əslində keçən ay etdiyim bütün təhlillər ABŞ üçün nüfuz və iqtisadiyyatın taleyi, qlobal iqtisadiyyat üçün risk, İran üçün isə ölüm-dirim savaşı olacağı nəticələrini göstərirdi. Yəni, ABŞ anlayır ki, Rusiya Ukraynada hansı tələyə düşübsə, ABŞ da İranda həmin tələyə düşmək üzrədir. Əlbəttə, əgər vəziyyətdən vaxtında çıxış yolu tapa bilməsə. Bir neçə gün öncəki fikrimi bir daha təkrarlayıram: “ABŞ-İran müharibəsi Rusiya-Ukrayna müharibəsinin güzgü effektidir”. Ukrayna və İranı dəstəkləyən güclərə baxın. Burada da qarşı cəbhələrdə yer alıblar. Trump`ın ən böyük səhvi II Prezidentliyi dövründə Böyük Britaniyaya, o cümlədən Avropa İttifaqına qarşı tutduğu, daha açıq ifadə etsək aşağılayıcı mövqeyi oldu. İran müharibəsində bunun bədəlini ödəyir.
Yeri gəlmişkən, hadisələri təhlil edərkən bir neçə təsbitlərim də oldu. Birincisi, İsrail ABŞ-yə nisbətən daha ağıllı, strateji hədəflərinə uyğun, nəticəyönümlü müharibə aparır. İkincisi, İsrail kəşfiyyatı daha güclü, daha ağıllı və nəticəyönümlü fəaliyyət göstərir. Üçüncüsü, ümumiyyətlə İran, Livan və digər bir sıra Yaxın Şərq ölkələrində İsrail kəşfiyyatı vəziyyətə daha peşəkar və yaxından nəzarət edir. İsrail kəşfiyyatı ən azı Yaxın Şərqdə ABŞ-nin və digər ölkələrin kəşfiyyat orqanlarına nisbətən daha səmərəli və peşəkardır. Hədəflərin müəyyən edilməsi, ordu ilə kəşfiyyat arasında sinxron çalışmaq məsələsində İsrail daha təcrübəlidir. Səbəb həm təcrübədir, həm də İsrailin beyin mərkəzləri, analitik təhlillər, beyin mərkəzlərinin birgə koordinasiyası, onların fikirlərinin nəzərə alınmasıdır. Trump öz xarakteri ilə özünü bu kimi məsələlərdən tam da olmasa, böyük bir dərəcədə məhrum edib və atdığı mesajlar, addımlar hətta özünün yaxın çevrəsini, administrasiyasını da gərgin bir vəziyyətə salıb. Trump özünü də gərgin bir seytnota salıb və bu gərginlik atdığı mesajlar və fikirlərdə əks olunur.
Qardaş Türkiyə və ölkəmizin, regionumuzun hazırki atəş çəlləyindən kənarda qalması çox vacibdir və bunun üçün atılan hər bir addım təqdirəlayiqdir. Allah ölkəmizi, bölgəmizi, Türkiyəni və bütün dünyamızı qorusun!
Yeri gəlmişkən, məni sosial şəbəkələrdə təqib edən Türkiyəli dostlarımız Türkiyə iqtisadiyyatı haqqında məndən yazı gözlədiklərini bildirdikləri üçün üçüncü önəmli məsələ olaraq Türkiyə iqtisadiyyatında hazırda yaranmış vəziyyət haqqında qısaca (daha geniş təhlili bu yaxınlarda yazacam) onu bildirim ki, Türkiyə Mərkəzi Bankı sabah valyuta rezervləri haqqında statistik məlumatları açıqlayacaq. 28 fevraldan indiyə qədər yüksək enerji qiymətləri səbəbindən Türkiyə bəzi mənbələrə görə 60 ton, bəzi mənbələrə görə isə daha çox qızıl satmağa məcbur olmuşdur (açıqlanmır). Lakin, bu satışlar da brüt və xalis valyuta ehtiyatlarının azalmasının qarşısını ala bilməmişdir. 27 fevral tarixinə 210,3 milyard dollar olan cəmi valyuta ehtiyatlarının 150 milyard dollar ətrafına qədər düşəcəyini, 91,78 milyard dollar olan xalis valyuta ehtiyatlarının isə 50 milyard dollardan daha aşağı düşəcəyini, 136,83 milyard dollarlıq qızıl ehtiyatlarının isə kəskin bir şəkildə (60-70%) azalacağını düşünürəm. İdxalı maliyyələşdirmək və lirənin kursunu qorumaq üçün atılan bu addımlar doğrudur, yoxsa kursu buraxıb rezervləri qorumaq lazım idi sualına cavab olaraq bildirim ki, təhlillər göstərir ki, indiki halda kursun sərbəst buraxılması Türkiyə iqtisadiyyatı üçün fəlakət olardı. Nəzərə alaq ki, yaranan vəziyyət Türkiyə daxilindəki iqtisadi məsələlərdən deyil, ABŞ/İsrail – İran müharibəsi səbəbindən kənar şok təsirlərin nəticəsində formalaşıb və uzun müddət davam etmə ehtimalı yüksək deyil. Hər bir halda, Türkiyə riskli bir vəziyyətdədir. Çünki, rezervlər tükənərsə yenidən kursa nəzarət itə bilər, kurs məcburən sərbəst buraxıla bilər ki, bu da 2019-cu ildən sonra 128 milyard dollarlıq valyuta ehtiyatlarının tükənməsindən sonrakı senarinin təkrarlanması demək olar.

Üç məsələyə maksimum qısa şəkildə toxunmağa çalışdım.
