Məlumat üçün: Neftin bir “fyuçers”, bir də “spot” qiyməti var – “fyuçers” qiymətləri 40-45 gündən sonra təmin ediləcək neftin qiymətidir (daha uzun müddətli, məsələn, 6-8 aylıq “fyuçerslər” də olur), “fyuçers” alıb-satanların 90%-i neftin rəngini, qoxusunu belə bilmir, birja treyderləridir, qiymətli kağız sayılan “fyuçersin” ya özünə, ya da, qiymət dəyişməsinə yatırım edib, risk alıb, pul qazanırlar. Amma “spot” qiymətləri isə fiziki neftin bu günə-sabaha olan dəyəridir, yəni, lap sadələşdirsək, məsələn, 1 mln. barel tankerə yüklənir, əvvəlcədən müqavilə ilə alıcısı yoxdursa, hərraca çıxır, kim fiziki neft istəyirsə, alıb-aparır. Geosiyasi gərginlik, müharibələr olmayanda “fyuçers” qiymətləri ilə “spot” qiymətləri arasında çox az fərq olur.
Bu gün dünya dəlixanaya döndüyü, fiziki neftlə bağlı logistik problemlər olduğuna görə, “spot” qiymətləri “fyuçers” qiymətlərindən xeyli fərqlidir, daha bahadır.
Deməli, məntiqlə, geosiyasi və logistik gərginlik azalan kimi, neftin əvvəl “spot” qiymətləri, sonra da “fyuçers” qiymətləri enəcək, yəni, bu gün bazarda olan qiymətlərin iqtisadi əsaslardan, neft hasilatı ilə bağlı problemlərdən qaynaqlanmır, sırf geosiyasi gərginlikdən, logistik problemlərdən doğub. Körfəz ölkələri müharibənin 2-3 həftə uzanmasında həm də ona görə maraqlıdırlar ki, müharibənin vurduğu ziyanı, “spot” qiymətlərinin yüksəlməsinə görə kompensasiya etsinlər. Bu gün Körfəz ölkələri dünya bazarına 12-14 mln. barel fiziki neft çıxarırlar (müharibədən əvvəl 20 mln. barel idi), münaqişənin hər günü Körfəz ölkələrinə neftdən əlavə 800 mln. dollarla, 1 mlrd. dollar arası (bir daha, müharibədən öncəki qiymət arasında yaranmış fərqə görə) vəsait qazandırır. Yəni, müharibə 2 ay olsa, neft satışından əlavə gəlirləri, hardasa, 60 mlrd. dollar olacaq. Müharibə bitdikdən sonra da bir müddət qiymətlər 80-85 dollar civarında olacağını düşünsək, ilin sonuna qədər Körfəz ölkələrinin neftin bahalaşmasına görə ƏLAVƏ (plandan, nəzərdə tutulduğundan daha çox), hardasa, 500-600 mlrd. dollar pul qazanacaqları ehtimal olunur.
Hə, deyə bilərsiniz ki, bəs turizmdən, daşınmaz əmlak bazarından itirirlər axı – bəli, amma, bu sahələrdə itirən bir tək BƏƏ-dir (Birləşmiş Ərəb Əmirliyi), Səudiyyənin, Küveytin, Omanın, Qətərin zatən turizm, ev satmaq dərdi yoxdur, planları var, amma, bu gün turizmdən, daşınmaz əmlakdan gəlirləri cüzidir. Onu da deyim ki, Səudiyyə, BƏƏ-nin turizmdə, əmlakda itkilərindən məmnundur, çünki aralarında ciddi rəqabət və münaqişə nöqtələri var. Belə…
