İran ətrafında baş verənlərə və siyasi məsələlərə rəy bildirməməyə çalışsam da, bu ay ərzində ölkəmizi, regionumuzu, qardaş Türkiyə daxil bütün Türk Dünyamızı narahat edən hadisələrin baş vermə ehtimallarının yüksəlməsi dünən və bu gün apardığım təhlillərin nəticələrini əks etdirən məqalələri yazmağa sövq etdi.
Dünən səhər təqdim etdiyim məqaləmdə apardığım təhlillərin və stres test nəticələrini əks etdirmişdim. Dünən təqdim etdiyim məqaləmdə təkrara yol verməmək üçün toxunduğum məsələ və nəticələri deyil, məqaləmdə əks etdirdiyim və bizi daha çox narahat edən 2-3 nəticə ilə Trumpın bu gecəki çıxışındakı bir neçə önəmli məqam və mesajı çarpaz yoxlama üsulu ilə həm də məqaləmdəki hipotez və nəticələrin doğruluğunu yoxlamaqla diqqətə çatdırmaq istərdim.
Dünənki məqaləmdə qeyd etmişdim ki, ABŞ İranla müharibəni aprel ayında yekunlaşdırmaq istəyir, həm də buna müxtəlif səbəblərdən (bu səbəblər həm çox, həm də dərindir) məhkumdur və məcburdur. Bu səbəbdən aprel ayının sonlarında Britaniya Kralı ilə Vaşinqtonda görüşə qədər ABŞ müharibəni qələbə ilə bitirməyi əsas strateji xətti sayır. Gəldiyim bu nəticə bu gecə Trumpın xalqa müraciəti zamanı səsləndi. 2-3 həftəyə müharibəni bitirmək istəyirik. Yəni aprelin 1-i + 2-3 həftə = aprelin sonuna qədər. Burası aydındır.
Amma ortada nəticə yoxdur. İranda hakimiyyətdə təmsil olunanlar öldürülsələr də, rejim dəyişməyib, müqavimət davam edir. Bu səbəbdən deyir ki, müharibəni udmuşuq, amma 2-3 həftə İranı görmədiyi ağır bir şəkildə bombardman edəcəyik. Dünən məqalədə nə yazmışdım? Aprel ayında müharibəni başa çatdırmaq üçün ABŞ hər bir ağır variantı sınayacaq. Deməli, Trumpın bu sözü də sürpriz deyil, həqiqətdir, amma tam həqiqət deyil.
Trump ilk dəfə digər bir mesaj verdi. İranı elə bir şəkildə bombalayacağıq ki, daş dövrünə qayıdacaq! İranı daş dövrünə qaytarmaq üçün onu ən ağır bir şəkildə də bombardman etmək kifayət deyil. Hətta ərazisi 365 kv kilometr və əhalisi 2.1 milyon nəfər olan Qəzza Zolağını daş dövrünə qaytarmaq üçün həftələr deyil, aylar, hətta il tələb olundu. İran isə həm əhali sayı, həm ərazisinə görə Qəzza zolağı ilə müqayisə olunmaz. Neft terminalları və platformalarının, elektrik stansiyalarının vurulması da verdiyi mesajı əks etdirmir. Qayıdaq dünənki məqaləmdə qeyd etdiyim başqa bir fikrə. ABŞ İranda nüvə silahının tətbiqini nəzərdən keçirir. Hətta hesablamalar, küləyin istiqaməti, simulyasiyalar aparırlar. Bunlar İrana və onu dəstəkləyən güclərə qarşı bir mesajdır. Məsələn, kimyəvi və ya bioloji silahlar kimi digər variantların da olmasına baxmayaraq həmin variantlara nisbətdə nüvə silahı ehtimalı daha yüksəkdir. Ən pis halda bunu İranın öz üzərinə atmaq olar.
Amma… ABŞ-də bu tətbiqə qarşı qüvvələr kifayət qədər çoxdur. Hətta Trump administrasiyasının özündə. İsrail bu bölgədə yerləşir, Türkiyə var, körfəz ölkələri var, əhali sıxdır və sair. Müharibədən sonra radiasiyanın nəticələrini, neft və qaz hasilatının bərpasını aradan qaldırmaq illər tələb edər. Buna isə onsuz da kövrək olan qlobal iqtisadiyyat tab gətirməz. Deməli, Trump ziddiyyətli bəyanatları ilə əslində fikirləri çaşdırır. 2015-ci ildən (seçki kampaniyasından) bəri onu izləyən biri kimi qeyd etmişdim ki, Trump sağı göstərib solu vurmağı sevir. Ya Tehranın, digər şəhərlərdə hökumət binaları və infrastrukturu, enerji mərkəzlərini və sair ağır bir şəkildə bombalayaraq gözlənilməz və çox ağır bir şəkildə quru qoşunlarından istifadə edəcək, ya da Hörmüz Boğazının sahillərini, həmin boğazda yerləşən adaları və ya Harq adasını ələ keçirəcək. Qoşunlarımı İrandan geri çəkəcəm, kimə neft lazımdırsa getsin Hörmüz Boğazından özü götürsün fikirləri bütün təhlil və düşüncələri alt-üst etməkdən, çaşdırmaq və yayındırmaqdan başqa bir şey deyil.
Burada narahatedici məqam odur ki, ABŞ/İsrail indiyə qədər bombardmanlarda dinc xalqa minimum zərər vurulmasına çalışaraq nüfuzlarını, onlara olan inamı qorumağa çalışırdı. Çünki, xalqın rejimi devirəcəyi ehtimalı qalmaqda idi. Bu ehtimal zəiflədikcə ABŞ/İsrail rejimi özlərinin dəyişmək və ya İranı təslim olmağa məcbur etməyin yeganə yol olduğunu görməkdədirlər. Bunu da edə bilməsələr, yeni reallıqlarla barışmalı və bazarlıqlarda güzəştə getməli olacaqlar… o reallıqlara isə dünənki məqaləmdə toxunmuşdum.
Dünənki hipotez və təhlillərimin səhv çıxmasını arzu edərdim. Amma bu gecə Trumpın çıxışlarındakı mesajları maliyyə bazarları da ciddi qəbul etdi. Brent markalı neft 10 dollara yaxın bahalaşdı. Yenidən bazarlar qarışdı..
Çox həssas, həlledici bir aya, dövrə qədəm qoyuruq. Türkiyəni müharibəyə cəlb etmək alınmadı və alınmayacaq. Digər dövlətləri də… Amma hadisələr ətrafımızda baş verir…
Yeri gəlmişkən, bütün bu hadisələr fonunda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının ölkəmizdəki görüşləri zamanlama baxımından bir sıra praqmatik və önəmli mesajların çatdırılması baxımından təqdirəlayiq idi.

