İsrail və Netanyahu ilə bağlı mövzu bir ay əvvəl daha çox siyasi və hərbi müstəvidə müzakirə olunurdusa, indi artıq bu çəki tədricən iqtisadi müstəviyə keçir. Çünki belə münaqişələr uzandıqca əsas həssas nöqtə iqtisadi istiqamət olur.
Qərarlar, xüsusilə müharibə fonunda qəbul edilən addımlar, birbaşa büdcəyə, investisiyalara və bazar gözləntilərinə təsir edir. Yəni siyasi proseslər iqtisadi risk kimi oxunmağa başlayıb. Bu fonunda daxili siyasi dinamika da dəyişir. Netanyahu əvvəlki kimi yüksək ictimai dəstəyə malik deyil, amma sistem daxilində hələ də əsas qərarverici fiqur olaraq qalır. Müxalifət parçalanmış vəziyyətdədir. Alternativ siyasi mərkəz formalaşmır. Bu isə siyasi rəqabəti zəiflədir və mövcud modelin davam etməsinə imkan yaradır.
İsrail iqtisadiyyatı struktur olaraq güclüdür, amma bu, risklərin olmadığı demək deyil. Təhlükəsizlik xərcləri artır. Büdcə yükü genişlənir. Bu isə fiskal balans üzərində təzyiq yaradır. Qısa müddətdə bu idarə olunur. Amma orta müddətdə bu dinamikanın necə davam edəcəyi əsas suallardan biridir.
Netanyahu paradiqmasının əsas xüsusiyyəti qərarların paralel iki məntiqlə verilməsidir. Bir tərəfdə təhlükəsizlik prioriteti var. Digər tərəfdə isə iqtisadi davamlılıq. Bu balans hər zaman ideal alınmır. Bəzən siyasi qərar iqtisadi optimal qərardan üstün tutulur. Bu isə resursların bölüşdürülməsində əlavə gərginlik yaradır. Bununla yanaşı, uzunmüddətli hakimiyyət təcrübəsi ona sistem daxilində manevr imkanlarını qorumağa şərait yaradır.
Koalisiya modeli də iqtisadi baxımdan əhəmiyyətlidir. Müxtəlif qrupların sistemdə saxlanması üçün büdcə alətləri aktiv istifadə olunur. Bu yanaşma siyasi sabitliyi qoruyur. Amma eyni zamanda xərclərin strukturunu dəyişir. Yəni iqtisadi qərarlar daha çox siyasi razılaşmaların nəticəsinə çevrilir.
Investor davranışı da maraqlı siqnal verir. Risklər artıb, amma tam çıxış yoxdur. Bu o deməkdir ki, bazar vəziyyəti “kritik” deyil, amma “rahat” da deyil. Kapital daha ehtiyatlı davranır. Gözləmə mövqeyi güclənir. Bu isə iqtisadi aktivliyin tempinə təsir edir.
Əlqərəz, ümumi mənzərə belədir ki, İsrail iqtisadiyyatı ilə siyasi qərarvermə arasında məsafə azalıb. Netanyahu paradiqması bu iki sahəni daha sıx bağlayır. Bu model işləyir, amma daha çox çeviklik tələb edir. Əsas məsələ bundan sonra bu balansın necə qorunacağıdır. Bu balans qorunduğu müddətdə isə İsrail iqtisadiyyatının mövcud çağırışları idarə edərək növbəti dayanıqlı mərhələyə keçməsi real görünür.
