Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından yazır:
““Real TV”nin rəhbəri Mirşahin Ağayev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi birindən şantajla pul tələbetmə və digər ağır maddələrlə təqsirləndirilən Fərid Salmanovdan müsahibə alıb. Normal ölkələrdə ”necə?” sualı hər ağıllı adamın fikrindən keçərdi. Düşünərdilər ki, ailəsinin yaxın düşə bilmədiyi qoruya bilmədiyi, vəkilinin konfidensial şəraitdə görüşmək imkanı olmadığı birindən hansısa özəl TV necə müsahibə alıb? Yaxud hələ təqsiri məhkəmə hökmü ilə təsdiqlənməmiş birini necə cinayətkar kimi efirə çıxarıb aşağılamaq olar? Nə yazıq ki, qanunun sayılmadığı, ayaqlar altında tapdandığı ölkədə bu cür hallar mövcuddur.
Bu artıq qəbul edilən formaya çevrilib və yayğınlaşıb. Səbəb çox sadədir, efirə çıxarılan şəxslər hakimiyyətin şəxsi düşmənləridir. Fərid Salmanov isə konkret olaraq ölkənin birinci şəxsinin ailəsinə toxunmaqda təqsirləndirilir. Bu müsahibə də xalqa gözdağı vermək üçün atılan addımlardan bir hissəsidir. Necə deyərlər, vaxtilə hökmdarlar da şəxsi düşmənlərini ictimaiyyətin gözü önündə dar ağacından asaraq digərlərinə görk olsun istəyiblər.
Məni Fərid Salmanovun ittiham olunduğu məsələlər az maraqlandırır. Əgər təqsiri sübuta yetiriləcəksə, cəzasını da çəkməlidir. Məni narahat edən məsələ jurnalistika prinsiplərinin, qanunun bu qədər heçə sayılmasıdır. Bilirəm, yazdığım fikirlər heç kimin vecinə deyil, ancaq susmaq da haqsızlıqla, hüquqsuzluqla barışmaq deməkdir. Sartr demişkən, biz özümüz haqqında nə düşünürüksə, elə oyuq. Laqeyd qalsaydım, həbsdə olmazdım.
Reportajdakı detallara nəzər salaq…
“Milli namus məsələsi”
Mirşahin hazırladığı reportajına belə başlıq verib. Sözsüz ki, kimliyindən asılı olmayaraq bir qadının əxlaqından hədəf alınması, onun kişini vurmaq üçün qurban seçilməsi yolverilməzdir. Qurşaqdan aşağı mübarizəni hər nə qədər hakimiyyət başlasa da, eyni üsulla cavab vermək qəbulolunmazdır. “Kiminlə mübarizə aparırsansa, ona çevrilərsən” – deyiblər. Bu baxımdan hakimiyyətin çirkabına düşənləri ürək ağrısı ilə izləyirəm.
Bununla belə, Alyona Əliyeva ilə bağlı söz-söhbətin “milli qeyrət”, “milli namus” yarlıqları altında tamaşaçıya təqdim olunması da gülünc və bayağı manipulyasiyadır. Stereotiplərə sığınaraq bu cür ifadələr işlədən Mirşahin Ağayevin özü belə namusu qadın bədənində gördüyünü göstərir. Məgər əvvəlki verilişlərində hansısa məmuru yaxud siyasətçini vurmaq üçün onun ailəsini, xüsusilə qız övladlarını hədəfə alan elə Ağayevin özü deyildimi? O vaxt da namus, qeyrət sözcükləri Mirşahinin dilindən düşmürdü, sadəcə başqa şəkildə – hədəfə aldığı şəxsi bu cür yarlıqlarla aşağılamaqla.
İndi isə cənab Ağayev fərqli mövqe tutub, o, bununla prezidentliyi seçkili orqan olmaqdan çıxararaq, toxunulmaz mübarizəyə, müzakirəyə, qapalı bütləşdirilmiş bir statusa çevirməyə çalışır. Sözsüz, qadının alət olunması yolverilməzdir, bunu izah edərkən onun statusu ön plana alınmamalıdır. “Qarabağı bizə qaytarmış, milli qürurumuzu bizə qaytarmış İlham Əliyevin ailəsinə toxunmaqla əslində xalqımızın milli qeyrətini, namusunu hədəfə alıblar”, deyən müəllif həm də onu göstərir ki, özü buna normal baxmır. Belə olmasaydı, məsələn, deyərdi ki, Alyona Əliyeva ailə qurana qədər kim olmasından, nə etməsindən kimə nə? Bu məsələ özündən və ailəsindən başqa heç kimi maraqlandırmır.
İlham Əliyev istər Qarabağı almış olsun, istər olmasın, ailə üzvlərinin şəxsi həyatı kimsənin dərdi deyil. Kim harada, kiminlə nə edir, bunun ictimai yükü yoxdursa, qarışmaq olmaz. Yoxsa məsələni “milliləşdirmək”, ümumi xalqa şamil etmək yarınmaqdan başqa bir şey deyil.
Xatırladaq, Azərbaycan cəmiyyətində önəmli yeri olan, onlarla tarixi əsərin müəllifi, professor Cəmil Həsənlini ailəsilə vuranda Mirşahin bunu milli qeyrət hesab etmirdi, hətta onun Dubaya gedərkən hava limanından geri qaytarılmasını özünəməxsus şit istehzasıyla dilə gətirmişdi. Axı Cəmil Həsənli də vaxtilə prezidentliyə namizəd olmuşdu, bu xalqdan yüksək səs almışdı. Nə qədər saxtalaşdırsalar da, onun önəmli səsə sahib olduğunu gizlədə bilməmişdilər.
Xalqın kimliyini onun ziyalısı müəyyənləşdirirsə, o zaman Mirşahin Ağayev niyə bu mövzunu işıqlandıranda buna da “milli namus” kimi baxmırdı?
Yaxud Meydan TV-nin xanım əməkdaşı Aytac Tapdıq məhkəmədə Mirşahinin əleyhinə fikir səsləndirmişdi deyə dəfələrlə onun fotolarını efirdə göstərərək, əxlaqına toxunan fikirlər səsləndirmişdi. İstintaqdan jurnalistlərin şəxsi həyatına aid görüntüləri əldə edib yaymışdı, şərləmişdi. Çox güman ki, bu yazımdan sonra məni də hədəf seçəcək.
Ümumiyyətlə, cənab Ağayev çıxışlarında metaforadan çox istifadə edərək söz oynadır. Dediyi sözlərin heç birinin nə hüquqi, nə leksik spesifik mənası var. “Dövlət namusu” nə deməkdir axı? “Bizi beynəlxalq xəcalətdən xilas edən İlham Əliyev” deməklə utancmı, xəcalətmi çəkisini azaltmağa cəhd edir. Kiminsə ailə məsələsi niyə xalqın namus məsələsi olsun? Bu, olsa-olsa Mirşahinin namus məsələsi ola bilər. O da öz üzərinə götürdüyü, özünü ailənin ən sadiq mirzəsi olduğunu bildiyi üçün. Mirşahinin əxlaq təəssübkeşliyinin bir anlamı var: “Mən hələ sizə lazımam” meyarıdır. Çünki o yaxşı bilir ki, bu hakimiyyət öz ruporlarını vaxtaşırı yeniləyir. Mirşahin üçün fərqli düşünən hər kəs xaricə satılıb. Xarici valyuta haramdır, manat halal…
Xalqı düşündürəcək məsələ Alyonanın namusu yox, məsələn ailəsinin sahib olduğu sərvətin mənbəyi, gördüyü işlərin necəliyi olmalıdır ki, şükür onu da heç kim fikirləşmir. Bu halda Mirşahinin söylədikləri söz yığınından başqa bir şey deyil. Beynəlxalq xəcalətə gəlincə, bu sıraya insan haqlarının vəziyyətini, ölkədəki 400-ə dək siyasi məhbusun olmasını da əlavə etmək olar. Biri Ağayevə xatırlasın ki, Azərbaycan əksər beynəlxalq hesabatlarda sonuncu yerdədir, bütün təməl prinsiplərə tüpürüb. Yaxşı olar ki, o təşkilatlarda “gözügötürməyənləri” axtarmaq əvəzinə buna şərait yaradan səbəbləri araşdırsın.
Bir qadına qarşı başqa bir qadın
Reportajın ən əttökən hissəsi Alyona Əliyevaya bənzədiyi deyilən Anna adlı qadının fotolarını göstərdikdən sonra Xocalı memorialının önündə dayanıb faciə qurbanlarının fotolarını izlədiyini söyləməsidir. Guya gecə-gündüz ancaq vətən dərdi çəkir, qurbanları, şəhidləri anır. Yox bir, gecə də qalstuklu yatır. Doğrudan da vətənpərvərlik əclafların son sığınacağıdır.
Anna adlı qadından danışarkən bir neçə fakt diqqətimi çəkdi. Bəli, faktı göstərmək üçün qadının fotoları yayımlana bilər. Onun sosial şəbəkə hesabının hər kəsə açıq olması isə heç əsas vermir ki, şəxsi məlumatları, məsələn pasport nömrəsi efirdə göstərilsin. Bu, şəxsi məlumatların qorunmasına xələl gətirmək deməkdir. Anna haqqında informasiyalar hər nə qədər açıq olsa da, orada pasportun nömrəsi, bank məlumatları və s. qeyd edilmir. Bu, hüquq-mühafizə orqanlarının əldə etdiyi məlumat ola bilər və bu şəkildə ictimailəşdirilməməlidir. Mirşahin Ağayev və bu mövzunu ona həvalə edənlər bir qadını qorumaq üçün başqa bir qadını qurbana çeviriblər.
“Sizinlə fəxr etməlidir, yoxsa utanmalıdır?”
Mirşahin Ağayev Fərid Salmanovla DTX-nın təcridxanasında görüşür. Bütün plan kadrlarından da onun peşəkar çəkiliş olduğu görünür. Aparıcı qarşısındakının nə düşündüyünü hiss etmək üçün gəldiyini deyir. Sualı övladı ilə bağlıdır. Öyrənirik ki, adamın 13 yaşlı oğlu var. Və məşhur mirzənin verdiyi sual: “Necə düşünürsünüz, oğlunuz sizinlə fəxr etməlidir, yoxsa utanmalıdır?”
Bu, bir jurnalistin bütün etik normaları heçə saymasıdır. Bu, bir insanı övladıyla vurmaqdır. Bu, bir günahsız yeniyetməni hədəfə qoymaq, atasının töhməti ilə yaşamağa məhkum etməkdir! Mənə çox maraqlıdır, bu sualı verəndən sonra cənab Ağayev heç düşündümü – övladları da onunla fəxr edirmi?
İnsan yalnız öz qazandıqlarına görə fəxr edə, əməlinə görə utana bilər. Valideyni, vətəni biz seçmiriksə, bu sual qarşısında aciz də qalmamalıyıq.
Ümumiyyətlə, Mirşahinin müsahibəsi ifşa və danlama üzərində qurulmuşdu. “Kameram, efirim var, fürsət varkən gedib ictimai danlayım” düşüncəsində idi sanki. Gedib adamı danlayıb gəldi! “Düşünməyə çox vaxtın olacaq”, – deyərək öncədən hökm verir. Halbuki Fərid Salmanov hələ istintaq altındadır, məhkəməsi başlamayıb. O da şərtdir ki, hətta şəxsin öz dilindən etirafı olsa belə, onun təqsirini sübuta yetirmək ibtidai və məhkəmə istintaqının borcudur. Təbii ki, Azərbaycanda bunların necə işlədiyi, ədalətli qərar çıxacağı hər zaman şübhə altındadır.
Sizə olar, bizə yox?
Mirşahin Ağayev rahatca DTX təcridxanasına daxil olub təqsirləndirilən şəxsdən müsahibə götürə bilir. Ülviyyə Əli isə fikirlərini süni intellekt vasitəsilə səsləndirdiyi üçün ailə üzvünün həbsilə hədələnir. Maraqlı, təzadlı mənzərədir. Bir şəhərin bu başında məhbus özünün səsləndirmədiyi yayına görə təhdid olunur, o biri başında məhbus müsahibə verir…
Jurnalistikada bir qızıl qayda var: Başqaları ilə özünüzə qarşı gözlədiyiniz şəkildə rəftar edin!”.
