Mart ayının əvvəlindən etibarən ara-ara şiddətlənən diş ağrılarım ucbatından Bakı İstintaq Təcridxanasının məşhur diş həkimi Talehə müraciət etməli oldum. O, dustaqlar arasındakı şöhrətini bacarıqsızlığı və məsuliyyətsizliyi hesabına qazanıb. Taleh həkimin təcridxanadakı kariyerası “pis stomatoloq necə olur?” sualının cavabı kimidir. Şəxsi təcrübəm və digər məhbusların yaşadıqlarından yola çıxaraq qələmə aldığım bu yazıda sizə təcridxanada saxlanılan şəxslərin necə bir “mütəxəssis”in ümidinə insafsızca buraxıldığını göstərmək istəyirəm.
Bildirilir ki, Taleh bəyin iş günləri həftə içi 1,3,5-ci günlərdir. Praktikada isə onun iş günü və saatları əsasən öz kefinə görə müəyyən edilir. Stomatoloqu soraqlayan məhbusa ən sıx verilən cavab “həkim yerində yoxdur” olur. Mən də onun qəbuluna zərurət yaranandan təxminən iki həftə sonra, 16 mart tarixində düşə bildim. Taleh həkim isə bu müddət ərzində işə çıxdığını deyir. Qısası, dişi ağrıyan məhbus bilmir öz dərdini çəksin, yoxsa ona danışılan yalanların və nəticə etibarı ilə “yola verilməyinin”.
Nəhayət, stomatoloji kabinetin “mübarək” kandarından içəri ayaq basa bildikdən sonra Taleh bəy məni müayinə etdi və dedi ki, çürüməyə üz tutmuş iki diş kötüyü çəkilməlidir: Biri bu gün, digəri üç gün sonra. Yəni, həftənin cümə axşamı. Üst hissədəki kötüyü çəkərkən həkimin qəfil dayanıb başını bulamasından nəyinsə doğru olmadığını anladım. Məni inandırdı ki, hər şey yaxşıdır, müalicənin ikinci mərhələsi üçün üç gün sonra onun yanına gəlməliyəm. Həmin üç günün üzərindən bir həftə keçib, amma həkim tapılmır ki, tapılmır. Yeri gəlmişkən, şübhələrimdə haqlı imişəm, Taleh bəy çürük kötüyü çəkərkən diş ətimi zədələyib, kəsik yerin fərqinə varmağım üçün keyidici iynənin təsirinin azalması kifayət etdi. Amma diş həkiminin xəstəni sağaltmağa səriştəsinin olmadığı kimi, verdiyi ziyanı etiraf etməyə də cəsarəti çatmadı. O gündən bəridir güclü ağrıkəsici həb və iynələrin himayəsində yaşayıram. Gün ərzində qida qəbulundan belə çəkindiyim olur ki, ağrı başlasa dözmək çətinləşəcək.
Təcridxanada mənim kimi “Talehzədə”lər çoxdur. Məsələn “Meydan TV” nin baş redaktoru Aynur Elgünəş də dişini plomblatmaq üçün ona müraciət etməli olmuşdu.
“Prosedur yekunlaşdıqdan sonrakı iki saat ərzində qida və maye qəbul etməməyimi tapşırdı. Plomb diş məhz həmin iki saat müddətində düşdü”, -Aynur xanım deyir.
Taleh həkim dişi çəkilməli olan qadın məhbuslardan birini “kəlbətin yanımda yoxdur” deyib başından eləmək istəyibmiş. Bunun əvəzində qadın ona təmir işlərində istifadə olunan kəlbətinlə işləməyi təklif edib. Kişi məhbuslardan biri isə dişlərini düzəltmək müqabilində həkimə iki min manatdan artıq pul ödədiyini, lakin qoyma dişlərin həmin gün parçalanaraq ovulub töküldüyünü deyir. Təcridxananın stomotoloji kabinetinin nəzarətçisi tez-tez Taleh həkimə ödədikləri pullarını geri tələb edən dustaqların şikayətlərini dinləməli olur.
2025-ci ilin may ayında Taleh bəy dişini plomblatmaq istəyən kamera yoldaşıma dövlət tərəfindən tədarük edilən materialın yararsız olduğunu, dişini dövlət hesabına deyil, ona 40 azn ödəniş etməklə daha keyfiyyətli düzəltdirə biləcəyini deyib və qadın da onunla razılaşıb. “Dövlətin yararsız materialı” ilə düzəltmədiyi diş 1 həftə ərzində 3 dəfə düşəndən sonra kamera yoldaşım materialın deyil, həkimin yararsız olduğu qənaətinə gəlmişdi. Bax, Taleh həkim Hipokratın üzünə belə ağ olur.
Ötən (fevral) aya qədər təcridxanada fəaliyyət göstərən digər diş həkimi Elvüqar bəyin sayəsində dustaqlar stomatoloji problemlərinə çarə tapa bilirdilər. Xəstələr əsasən onun qəbul günlərini gözləyir, Taleh bəyin pis vəziyyətə saldığı məhbuslar kömək üçün Elvüqar həkimə müraciət edirdilər. Hətta, təcridxananın işçiləri də onun stomatoloji xidmətlərindən yararlanırdılar. Elvüqar həkimin müqaviləsinin müddəti bitdikdən sonra uzadılmadı. Səbəb kimi təcridxanada yalnız bir həkimin qalıb işləyə biləcəyi göstərildi. Taleh həkim isə məhz öncədən işlədiyi üçün saxlanıldı. Jurnalist məhbuslar Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Cəmil Kamilliyə bu barədə müraciət etsə də, heç həmin müraciətə cavab da verilməyib. Görünür, məsul şəxslər üçün önəmli olan məhbusların sağlamlığı yox, həkimlərin yaxınlığıdır.
Qadın korpusunda saxlanılan məhbuslardan biri ötən ilin oktyabrında Taleh həkimdən dişini çəkməsini istəyib. Dişi çəkildikdən sonra qadın günlərlə ağrıdan qıvrılıb. Ardınca Elvüqar həkimin qəbuluna gedib.
“Sən demə dişimi çəkə bilməyibmiş. Diş qırılıb, kök yerində qalıb. Ağrıya səbəb də məhz bu olub. Elvüqar həkimin müdaxiləsindən sonra vəziyyətim yaxşılaşdı”, – qadın məhbus deyir.
Bu hekayələrdən o qədər çox misal çəkmək mümkündür ki, bir yerdən sonra oxumaq yorucu olar. Necə ki, buradakı dustaqlar stomatoloji problemlərinə mütəxəssis köməyi olmadan çarə axtarmaqdan yorulub. İndi Bakı İstintaq Təcridxanasının ayrı-ayrı kameralarında diş ağrısından əziyyət çəkən onlarla məhbus normal stomatoloqun intizarında qalıblar.
Əlavə qeyd: Yazının qeydə alındığı tarixdən 2 gün sonra yenidən həkimin qəbulunda oldum və dərman müalicəsinə başladım. Həkimə də dedim ki, insanlar sizin yanınıza çarəsizlikdən gəlir.
