Ən çox verilən suallardan biri budur ki, Hörmüz Boğazının bağlanması nəticəsində gündəlik 20 milyon barel neft və 100 milyon kub metr mayeləşdirilmiş qaz tədarükündə kəsintilərə baxmayaraq Brent markalı neftin qiyməti 100 dollar ətrafındadır. Bu qədər çatışmazlıq fonunda qiymətlər 150-200 dollara qədər artmalı idi. Artmamasının və 1970-ci illərin senarisinin təkrarlanmamısının səbəbləri nələrdir?
Müharibənin ilk günlərində apardığım bir neçə senari və şok stres testlərinin nəticələri də neft qiymətlərinin ilk 4-6 həftə ərzində 150 dollara qədər, 10-12-ci həftələrdə 200 dollara qədər artmasını istisna edirdi. Əsas səbəblərinin bir hissəsini bu yazıda əks etdirəcəm. Son apardığım stres testlər yalnız müharibə 3 aydan çox davam edərsə (təkcə bu deyil) və Hörmüz Boğazı tam bağlı qalarsa, Qətər, BƏƏ, Küveyt, Oman azalan neft hasilatlarını bərpa etməzsə və həmin ölkələrin nefti alternativ marşrutlarla dünya bazarına çıxmazsa və heç bir ölkəyə satılmazsa, Rusiya neftinə embarqolar davam edərsə, bazara çıxmazsa və sadalamadığım digər amillər fonunda neft qiymətlərinin 150 dolları keçməsi ehtimalını 51% və daha yüksək olur. Mövcud vəziyyət 6 ay davam edərsə bu ehtimal 75-80%-ə qədər artır və Brent markalı neftin bir barelinin qiymətinin 200 dollara yaxınlaşma ehtimalı 51% olur. Lakin, bir şərtlə ki, bütün həmin şok hadisələri eyni vaxtda və göstərilən müddət ərzində davamlı (aşağıda izah edəcəyim kimi burada zaman amili önəmli və həlledicidir) olsun. Lakin, hadisələrin hazırki vəziyyətdə davam etməsi fonunda 1970-ci illərin neft böhranı, staqflyasiya və böhran senarilərinin təkrarı ehtimalları aşağıdır. Önəmli bir qeydi nəzərə alaq. Senarilərdə mövcud vəziyyətin davamı nəzərə alınıb. Körfəz dövlətlərinin müharibəyə qoşulması, neft platformalarının kütləvi bombardımanı, İrana nüvə silahının atılması və digər mövcud gedişatdan kənar hadisələr əlbəttə nəzərə alınmayıb və bunlar baş verərsə yeni stres testin keçirilməsinə ehtiyac olar.
Səbəblər:
-1975-ci ildə gündəlik neft hasilatını OPEC 5 milyon barel azaltmışdı. Faktiki olaraq bu qədər neft çıxarılmırdı. Həmin dövrdə gündəlik neft istehlakı 60 milyon barel idi. Yəni, gündəlik hasilat 8.3% azaldılmışdı;
– 1970-ci ildə bir barelinin gündəlik orta qiyməti 1 dollar 80 sent olan neft artaraq 1975-ci ildə 12 dollar 21 sentə, 1980-ci ildə isə 36,83 sentə çatmışdı;
– 1980-ci ilin 36,83 dolları bu günün qiymətləri ilə 145-150 dollara bərabərdir;
– qeyd edim ki, neftin qiymətləri 1986-cı ildə 14,44 dollara qədər düşür və 1990-cı ildə bu 23,73 dollara qayıdır;
Keçirdiyim stres testlər və qurduğum modellər zamanı istifadə etdiyim 180-dən çox datanı (statistik göstəriciləri) burada sadalamaq niyyətim yoxdur, uzun və yorucu alınar. Bəs nə hesablanmışdı və müharibənin ilk həftələrində nə üçün neft qiymətlərinin 150 dollara çatacağı deyilirdi?
Bu proqnoz səsləndirilərkən İran və digər bir neçə ölkə tərəfindən nəzərə alınan və daha əhatəli hesablamalar və proqnozlar üçün nəzərə alınmayan göstəriciləri qeyd edək:
Nəzərə alınırdı ki,
dünya əhalisi 1975-ci ildə təxminən 4 milyard 70 milyon nəfər, hazırda isə təxminən 8 milyard 300 milyon nəfərdir. Gündəlik neft istehlakı isə 104 milyon bareldir. Deməli, gündəlik neft tədarükündə 10-15 milyon barel həcmində azalmalar qiymətləri 150 dollara qədər artıracaq. Vaxt almamaq üçün hesablamalara daxil edilən digər rəqəmləri əks etdirmirəm. Lakin, o qədər də önəmli deyil;
Bəs nələr nəzərə alınmayıb?
– 1975-2026-cı illərdə əhali 104% artsa da, gündəlik neft istehlakı 90% artmışdır. İstehsal, istehlak, sənayeləşmənin artmasına baxmayaraq daha az neft istehlakının əsas səbəbləri atom elektrik stansiyalarının, alternativ enerji mənbələrinin artması, elektromobil və son 20 il ərzində turbo və sair yeniliklərin sayəsində daha az həcmli, lakin güclü mühərrikli avtomobil istehsalının artması (belə avtomobillər daha az benzin, dizel işlədir) və sair amillərdir. 1975-ci illərdə sürətli istehsal, sənayeləşmə və sair davam etdiyi bir vaxtda neft əsas enerji mənbəyinə çevrilmişdi və alternativ variantlar bu günlə müqayisədə daha az idi;
– gündəlik 5 milyon barel hasilat azalması günlərlə deyil, illərlə davam etmişdi. Həlledici zaman amili;
– həmin dövrdə dünya İran şahının OPEC-ə hasilatı azaltmaq təklifinin OPEC tərəfindən dəstəklənəcəyi və OPEC-in həmin addımını gözləmədiyi üçün vəziyyətə hazırlıqsız yaxalanmışdı. Yəni, neft istehlak edən ölkələrdə neft ehtiyatları minimum idi. Bu gün vəziyyət fərqlidir. Məsələn, əsas neft istehlakçıları olan Çin, Yaponiya və Cənubi Koreyanın neft ehtiyatları minimum 3-6 ayı əhatə edir. Qeyd: Asiyanın kasıb ölkələri kifayət qədər ehtiyat yığmadıqları üçün çətin vəziyyətdədirlər. Lakin, dünya iqtisadiyyatında, istehsalda və texnoloji yeniliklərdə onların payları az olduğu üçün qlobal iqtisadiyyata təsirləri aşağıdır, qənaət rejiminə keçmələri səbəbindən qiymətlərə təsirləri yüksək deyil və bu səbəbdən dünyanın güc mərkəzlərini ciddi narahat etmir. Güc mərkəzlərinin yanaşması budur ki, bir ölkənin qlobal iqtisadiyyatda payı və təsiri güclüdürsə, həmin ölkənin problemləri dünyanın problemidir, zəifdirsə, həmin ölkənin problemləri elə həmin ölkənin özünün problemləridir. Acı reallıq..
– Alternativ enerji, atom elektrik stansiyaları, yüksək inkişaf etmiş ölkələrin strateji neft ehtiyatları, ABŞ-nin artan neft istehsalı (1975-ci ildə ABŞ-nin gündəlik neft hasitalı ortalama 17,6 milyon barel, neft istehlakı 17 milyon barel və nəticədə gündəlik idxal həcmi 8,6 milyon barel idi. Bu gün bu rəqəmlər müvafiq olaraq, gündəlik 13,6 milyon barel, 20,5 milyon barel, 6,9 milyon bareldir);
– Sanksiyalar nəticəsində bazardan kənarda saxlanmış və yığılmış Rusiya nefti (28 fevral tarixində Rusiyanın təkcə tankerlərdə yığılmış və satılmamış nefti 120 milyon barel idi), Rusiyanın neft hasilatı və ixrac imkanları;
– və nəzərə alınmayan əsas digər həlledici göstərici. 1970-ci illərdə hasilat gündəlik 5 milyon barel azaldılmışdı və bu azalma illərlə davam etmişdi. Lakin, hazırda gündəlik 20 milyon barel neft hasilatı azalmayıb, Hörmüz Boğazındakı vəziyyət səbəbindən tədarük zəncirində qırılmalar baş verib. Bu başqa vəziyyətdir. Yəni, bu gün həmin boğazdan gəmilər keçir və Çin, Hindistan və digər bir neçə ölkəyə gedən neft boğazdan buraxılır. Körfəz ölkələrinin neftinin 90% alıcıları isə Çin, Yaponiya, Hindistan, Cənubi Koreya başda olmaqla Asiya ölkələridir;
Nəzərə alınan və alınmayan digər çoxsaylı data, göstərici və faktları sadalamadan yekunlaşdıraq ki, qlobal medianın (ümumiyyətlə hazırda aparıcı və xəbər yaradan qlobal media quruluşları baş verənləri və verəcəkləri pərdələmək üçün İranla danışıqlar aparılması, 15 bəndlik təkliflərlə bağlı spekulyasiyalar daxil olmaqla (bunlar fikir yayındırmaqdan başqa bir şey deyil) tamam başqa təbliğat aparır) təbliğ etdiklərindən fərqli vəziyyət formalaşmaqdadır. Bu senarini cızanlar hazırda dünyanın diqqətini neft/qaz qiymətləri, danışıqların gedib getməməsi, razılıq olub olmaması, bu sahədə fəlakət senariləri cızmağa yönəltməklə, artacaq ərzaq inflyasiyası və çatışmazlığı fonunda arxa planda öz hazırlıqlarını görməyə başlayıb. Həmin inflyasiya və ərzaq çatışmazlıqları (məsələn, Kubada enerji, su və ərzaq çatışmazlığı artıq başlayıb) nəticəsində ölkələrə təzyiqləri artırıb dəyişikliklərə və istədiklərinə nail olmaq. Yəni, Yeni Düzənin növbəti mərhələsində ölkələrlə bağlı növbəti planları hazırlamaq. Nə üçün belə düşünürəm?
Ərzaq qiymətləri ilə bağlı keçirtdiyim stress test nəticələrini bölüşməyəcəyim üçün bir neçə faktı qeyd edim. Kənd təsərrüfatı sahəsini bilənlər bilir ki, əsas vacib gübrələr azot, fosfor, kaliumdur. Deməli, dünyada istehlak olunan azotun (ürə və ya karbamid də deyilir) 50%-i, fosfor gübrəsinin xam maddəsi olan fosfatın 25%-i, digər azotlu gübrə olan ammonium-nitratın xam maddəsi olan ammoniumun 30%-i, kükürdün 45%-i körfəz dövlətləri tərəfindən istehsal olunaraq Hörmüz Boğazı vasitəsilə dünya bazarlarına ixrac olunur. Hazırda burada təkcə tədarük zəncirində qırılmalar deyil, hasilatın da azalması (bu ciddi narahaedici siqnaldır) müşahidə olunur və bu gübrələrin qiymətləri dünya bazarlarında 20-40% artıb. Gübrə qiymətlərinin artımı ərzaq qiymətlərinin artımı, çatışmazlığı isə birbaşa məhsuldarlığın azalması, yəni ərzaq çatışmazlığı riskinin artması deməkdir. Burada risk yumşaldan fakt ondan ibarətdir ki, hazırda qlobal ərzaq istehsalçısı olan ölkələrdə əkin mövsümü olmadığından azotlu gübrələrdən başqa digər gübrələrə tələb aşağıdır (stres test senarilərində nəzərə alınan əsas bir neçə göstəriciləri əks etdirirəm. Hamısını qeyd etmək burada mümkün olmaz). Tələb sentyabr-noyabr aylarında pik həddə çatır. Hazırda digər gübrələrə tələb Asiya (Tailand, İndoneziya, Malayziya və sair) ölkələrində (orada iki mövsüm və ildə 3-4 dəfə əkin var) daha çoxdur. Həmin gübrələr əkin zamanı verilir. Hazırda ölkəmiz daxil Rusiya, Ukrayna, Türkiyə, Avropa ölkələri və sair ölkələrdə sahələrə azot gübrəsi verilir.
Müharibə 5-6 həftədən çox davam edərsə, qlobal inflyasiyaya, ərzaq inflyasiyasına hissediləcək təsiri olacaq. 3 aydan çox davam edərsə, ərzaq çatışmazlığı hiss oluna bilər. Burada zaman amili nə üçün həlledicidir? Nəzərə alaq ki, neftin bir barelinin il ərzində gündəlik orta 10 dollar qiymət artımı qlobal inflyasiyanın 0.4 faiz bəndi artması deməkdir. Deməli, qlobal inflyasiyaya təsir qiymətlərdən daha çox müddət baxımından önəmlidir. Bu səbəbdən hələlik ABŞ rahat tərpənir və bu məsələdə ciddi təzyiqlər yoxdur. Çünki, müharibə dayandıqdan sonra qiymətlərin enişi orta illik neft qiymətlərini aşağı salmağa imkan verəcək. Bu ehtimal hələlik istisna olunmur.
İqtisadi göstəricilər və təhlilə əlavə olaraq gəldiyim nəticələrdən biri haqqında (region taleyi olduğu üçün), başqa sözlə öncəki statuslardan birində vurğuladığım narahatlıq haqqında (təəssüf ki, fevralın sonunda apardığım və əldə etdiyim ilkin nəticənin ehtimalı son günlərdə apardığım stres testdə daha da artdı) bölüşmək istərdim. İran müharibəsinin gedişi və ölkələrin davranışları (xüsusilə Britaniyanın) göstərdi ki, dünyanın nüfuz dairəsinə bölünməsi ilə bağlı hələ konsensus yoxdur. Bu isə indiyə qədər razılaşdırılmış regionlar üzrə yeni bazarlıqların meydana çıxması ehtimalını istisna etmir. Xüsusilə hazırda müzakirə və mübahisə mövzusunun neftlə zəngin Körfəz dövlətləri və İran olduğu bir zamanda… Bir kəlmə ilə qeyd edək ki, bu səbəblərdən ölkələrə qarşı olan müxtəlif təzyiqlər təsadüfi hesab oluna bilməz..
