Üzgünəm. Bu gün Ağır Cinayətlər Məhkəməsində 4 məhkəmə prosesində iştirak etmişəm. Məhkəmələr konveyr üsulu ilə günahsız adamları tutur. Səhər saat 10-da Toplum tv əməkdaşlarının məhkəməsi yubanma ilə başladı. Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovdan ibarət jurnalist və siyasilər qrupu mühakimə edilir. Belə kollektiv məhkəmə prosesləri 37-də olurdu.
Sonra Rüfət Səfərlinin məhkəməsi başladı. Böhtanla tutulub Rüfət bəy. Tofiq Yaqublunun işinin kopiyasıdır Rüfət Səfərlinin işi. Guya atasına məxsus torpağı satın alan birisi ona 61 min manat pul verib. Narazılıq yaranıb və dava düşüb. Niyə 61 min manat? İttihama ağır cinayət xarakteri vermək üçün məbləğ gərək 50 mindən yuxarı olsun. Adamdan soruşan yoxdur ki, ev, bağ, torpaq və sairin alqı-satqısı ilə bağlı bütün ödənişlər bank vasitəsi həyata keçirilməlidir. Aydındır ki, Rüfət Səfərliyiə torpa tikiblər. Amma torba aşsüzən kimi dəlik-deşikdir.
Sonra Məmmədli və Abdulla Anarların prosesi başladı. Hər ikisi seçki müşahidəsi üzrə mütəxəssisdir. Anar Məmmədli bu sahədə beynəlxalq etimad qazanmış bir seçki mütəxəssisidir. Ölkədə keçirilən seçkilərin saxta olduğu barədə rəy verib. İndi özünün “saxtakarlıq” ittihamı ilə tuturlar. Anar Məmmədli artıq eyni işlə bağlı ikinci dəfə mühakimə edilir.
İş gününün sonunda istedadlı bir gənc olan Əhməd Məmmədliyə hakim 6 il iş oxudu. Prokuror 9 il istəmişdi. Buna da şükür. Guya Əhməd bəy adam bıçaqlayıb. Nə bıçaq var ortada, nə adam. Son illər “dövlətçilik yolunda” özünü bıçaqlatdıranların, döydürənlərin sayı xeyli çoxalıb. Kənan Zeynalovda da belədir.
Dəhşətli mənzərədir. Hamısı günahsız adamlardır, gənc ailə başçılarıdır, subay oğlanlardır. Saxta ittihamlarla, şər-böhtanla, öncədən hazırlanan ssenarilərlə insan taleləri məhv edilir, ailələr dağıdılır, evlər uçurulur.
Bu yaxəndan iştirak etdiyim prosesin birində maraqlı bir hadisə baş verdi. Tutulmasına qərar vermiş adamların birinin evinə ssenari üzrə bəlli bir məbləğdə Avro çıxmalı imiş. Səhvən dollar gətiriblərmiş. Dərhal hal şahidinə xəbər veriblər ki, gələndə özü ilə Avro gətirsin. Bax belə, dedektiv kimi “əməliyyat!”
Heç Dantenin “İlahi komediya”sının birinci bölümündə (Cəhənnəm) belə məzhəkə ilə qarşılaşa bilməzsiniz.
