5 C
Bakı
27 Fevral 2026 22:42
Cəmiyyət

Efir çürüyəndə cəmiyyət susar

Ölkə televiziyalarındakı sonu olmayan biabırçılığı diqqətlə izlədim. Niyə sonu olmayan? Onu da deyəcəyəm. Uzun illərdir ölkə vətəndaşları ətsiz, yağsız, yolsuz, işsiz qaldığı kimi, doğru informasiyasız, muzeysiz, teatrsız, kinosuz, təhsilsiz qalıb.Əvəzində TikTok-dakı baboşlara, yarıçılpaq əxlaqsızlara və hərdən TV üçün darıxanda heç kimə faydası olmayan o verilişlərə baxıb.

Nə görüb? Yaxşı sualdır… Yalan, mənasız müzakirələr, hansısa müğənninin haradan qazandığı məlum olmayan villası və düşük söhbətlər…

Bəs deyəcəksiniz, xəbərlərdə nə var? Bunun da cavabı var – Paşinyanın müzakirəsi, arvadı ilə boşanması, deputatların Fransanı söyməsi, Almaniyada etirazlar zamanı insanları döyən polislər və daha geniş “mövzular”…

Son 30 ildə uşaqların baxması üçün bir cizgi filmi hazırlaya bilməmişik. Bir müasir filmimiz yoxdur ki, insanları tərbiyələndirsin, onları düşündürsün, həvəsləndirsin, həyat eşqi yaratsın.

Bir xalq artisti, ziyalı, fikir adamı, yazıçı qalmayıb – hamısı ya acından danışa bilmir, ya da işini, aylığını itirmək qorxusu ilə susur. Bir sözükeçən şəxs qalmayıb ki, durub bu TV-lərdəki, cəmiyyətdəki acınacaqlı vəziyyətə səsini çıxartsın və ondan çəkinib dayansınlar.

Bu ölkənin alimi, ziyalısı AMEA-nın iclasında yatır, hamı da lağa qoyur, gülür. Biri də çıxıb deyir: “O alimdir, niyə gülürsünüz?”

Alimdir, ziyalıdır? Alim, ziyalı özünü müdafiə edə bilmirsə, aldığı əmək haqqının azlığına belə etiraz edə bilmirsə, məmurların bu əməllərinə susursa, o alim, ziyalı deyil. Mənim üçün qoyunlarını qabağına qatıb, öz dərdini, sözünü qoyunların üstündən məmurun əməllərinə etiraz edən çoban cəmiyyət üçün belə alimdən, ziyalıdan daha canlıdır.

Bu, bizim ölkənin TV, muzey, kino, teatr, bazar, sosial, alim və ziyalı sistemidir.

Acıdır?-Xeyr.
Belə olmalıdır?-Bəli.
Niyə?-Çünki biz özümüz belə istəyirik…

TV-lər, mətbuat ona görə bu günə düşdü ki, müstəqil reklam bazarı formalaşmadı. Kanalların maddi saxlanması bu gün verilişləri bağlanan o şəxslərin və onun kimilərin reklam gəlirlərindən, efirə çıxmasına qadağa qoyulan o dalını oynadan, barmağını silkələyən, efirdən söyüş söyən o oxuyanların, çalanların pulundan asılı oldu. Bu aparıcılar da dalı yırtıq şar kimi 30 ildir köpürdülür, amma dolmur, TV rəhbərləri də doymur.

Bəs dövri mətbuat bu işin harasındadır? Bu, lap bədbəxt sualdır, cavabı da vahiməlidir.

Bu gün ölkənin bütün abırlı, təcrübəli, peşəkar jurnalistləri, aparıcıları ya bazarda qatıq satır, ya hansısa qurumda bir şöbədə oturub, susub ayın sonunda maaşını gözləyir. Açığı, şəxsən mən heç nə gözləmirəm… Uzun illərdir bu reallıqla barışmışam. Anlamışam ki, bunlara peşəkar, səliqəli, abırını qoruyan, sözün düzünü deyən şəxs sərf etmir. Bütün peşəkarlar didərgin düşüb mətbuatdan, TV-dən.

Gəldik çatdıq əsas məsələyə. Bu vəziyyəti kim və niyə yaradıb?

Cavab sadədir – bu sahə, ölkənin media sistemi onu idarə etmək gücündə olmayan şəxslərin, məmurların əlinə keçib. Bu məmurlardan yazmaq da olmaz, adlarını çəkmək də olmaz. Niyə? Çünki onların yanında hazır yeyən, mübtədanın yerini bilməyən “yazançılar” ordusu var. Külli miqdarda pul qazanırlar, iri çaplı yalanlar uydura bilirlər, super satqınlıq qabiliyyətinə malikdirlər və ən əsası, gözəl yaltaqlıq etməyi bacarırlar. Bu işi o qədər peşəkarlıqla, böyük həvəslə edirlər ki, şəxsən mən onları alqışlayıram. Hər adamın işi deyil bu…

Ona görə də, Azərbaycanda mətbuat da, TV də, alim də, yazıçı da, artist də, oxuyan da, çalan da öz işini məhz lazım olduğu qədər görür. Böyük pullar havada uçuşur, copy-paste-lər göz çıxarır, onlar isə şad-xürrəmdirlər, pul da nə qədər istəsən.

Hələ uzun illər belə olacaq. O veriliş bağlanacaq, o birisi açılacaq, o aparıcı gedəcək, daha betəri formalaşacaq, amma nə olur-olsun mahiyyət dəyişməyəcək.

Uzaq başı söyüşün tonu, fonu dəyişəcək. Mahiyyət isə eyni qalacaq.

Ağıllılar TV-lərə baxmadığı kimi yenə baxmayacaq, prosesi başa düşməyən yazıq kəndli, kasıb da çörək hayında olacaq. Hikmət yazacaq, hikmətlilər də oxuyacaq. Məmurlar məmnun, kasıb ac, peşəkar jurnalist didərgin, ac və dəli kimi gəzəcək.

Açıq deyirəm, TV-ləri baxımsız, xəbərləri oxunaqsız, maraqsız və biabırçı edən şəxslərin əsl məqsədi də elə budur. Belə olması onların daha uzun müddət o postda qalmasına kömək edir. Yəni, uzun sözün qısası, baş verənlər təsadüfi deyil, idarə olunandır.

 

Ədil Hüseynov

Tacxeber.com

Oxşar xəbərlər

Rövnəq Abdullayevin “KÜRƏKƏN KARTI”

redaktor

Fazil Mustafa: “Qolumuz açıldı, İnşallah yolumuz da açılacaq”

redaktor

Sualların yoxlanmasında süni intellektdən istifadə edirik – Məleykə Abbaszadə

redaktor