Ukraynaya qarşı geniş miqyaslı müharibədən öncə Avropanın qaz bazarının 40 faizinə nəzarət edən, OPEK+ formatında dünya neft bazarında qaydaları və qiymətləri müəyyən edən Rusiya enerji gücü idi. Neft, qaz və daş kömürün satışından Rusiyaya hər il orta hesabla 500-550 milyard dollar daxil olurdu. Putinin “fateh”lik niyyəti bütün bu uğurları məhv etdi.
Rusiya neft, qaz və daş kömürün satışını davam etdirsə də, Avropa bazarlarından qovulduğu üçün Çin, Hindistan və Türkiyə kimi alıcıların mərhəmətinə möhtac vəziyyətə düşüb. Üstəlik, Avropa və dünya bazarlarında neft və qazın qiyməti də ucuzlaşmaqda davam edir. Niderlandın TTF (Title Transfer Facility) mərkəzində ən yaxın qaz fyuçers müqaviləsi 1000 kubmetr üçün 338 dollara düşüb. Aprel ayı üçün 1000 kubmetr qaz 334 dollardan təklif olunur. Böyük Britaniyada isə qiymətlər daha da ucuzlaşaraq 317 dollara düşüb. Bütün bunların nəticəsində Rusiyanın qaz və daş kömür sənayesi zərərlə işləyir. Neft sənayesinin gəliri 77 faiz azalıb. “Lukoil” vergi yükünü azaldılması üçün dövlətdən kömək istəyib, “Surqutnefteqaz”ın maliyyə vəziyyəti pisləşib, “Rosneft”in mənfəəti kəskin şəkildə aşağı düşüb. Hazırda neft sənayesindəki şirkətlərin təxminən yarısı zərərlə işləyir və bəzi kiçik şirkətlər iflas edir. Rusiya Energetika Nazirliyinin hesablamalarına görə, 2030-cu ilə qədər Rusiyada çətinliklə çıxarılan neft hasilatın təxminən 80 faizini təşkil edəcək. Bu isə o deməkdir ki, Rusiyada neftin bir barellinin hasilatı ən azı 40-45 dollara başa gələcək. Hazırda Rusiyanın Urals markalı xam neftin qiyməti 60 dollar civarında olsa da, Moskva onu Çinə 25 dollar endirimlə satır. Yəni, Rusiya bir daha böyük valyuta axınını hətta yuxuda da görməyəcək. Bu o deməkdir ki, Rusiya hələlik hərbi məğlubiyyətə məruz qalmasa da, iqtisadi məğlubiyyəti artıq gerçəkləşib. Bu məğlubiyyət Rusiyanı hökmən çökdürəcək.
Rusiya iqtisadiyyatının aparıcı sahələri çökdüyü halda, “ölüm iqtisadiyyatı” (dəfn xidməti) yüksəliş dövrünü yaşayır. Dəfn xidmətləri sənayesi Ukraynadan tabutların axını ilə yüksəliş dövrünü yaşayır. Belə ki. 2024-cü ildə Rusiyada dəfn xidmətləri sənayesinin dövriyyəsi 7.7 faiz artaraq 108,3 milyard rubla çatıb. Ötən ilin 2025-ci ilin yanvar-aprel ayları arasında əvvəlki ilin eyni dövrü ilə müqayisədə daha 12,7 faiz artıb. Dəfn xərcləri yüksək olduğu üçün meyitlərin yandırılması da artıb. Bu isə krematoriyalara təlabatı artırıb. Hazırda Rusiyada 38 krematoriya var. Onlardan 27-si özəldir və onlardan 8-i son iki ildə açılıb. Halbuki, özəl krematoriyalarının fəaliyyəti də tamamilə qanunauyğun deyil. Maliyyyə çatışmamazlığı səbəbindən dövlətə aid krematoriyalarının tikintisi mümkün olmadığı üçün, rəsmi orqanlar özəl krematoriyalarının fəaliyyətinə göz yumur. Məlumata görə, 30-dan artıq krematoriyanın tikintisi də davam edir. Krematoriyanın tikintisinə və bütövlükdə “ölüm iqtisadiyyatı”na sərmayə qoyan işbazlar Prezident Volodimir Zelenksinin hərb meydanında ay ərzində öldürülən Rusiya əsgərinin sayının 50 minə çatdırılacağı ilə bağlı vədinin gerçəkləşəcəyi günü səbirsizliklə gözləyirlər.
Neft, qaz və daş kömür sənayesinin çöküşü, “ölüm iqtisadiyyatı” (dəfn xidməti) yüksəlişi Rusiyanın böyük bir sarsıntı ərəfəsində olduğunu təsdiqləyir. Bu nəhəg dövlət çökür və onu bir daha kimsə xilas edə bilməz. Elə bir vəziyyət yaranıb ki, Federal Təhlükəsizlik Xidmətinə yaxınlığı ilə bilinən “Komsomolskaya Pravda” radiosunda da Rusiyanın süqut edrək parçalanacağı təhlükəsindən danışmaq tabu mövzu olmaqdan çıxıb.
