Qədim astronomik disk və onun “müasir kosmik kokpit” versiyası.
Çox mistikdir, elə deyilmi?
Aşağıdakı təsvir böyük ehtimalla Mesopotamiyaya aid məşhur ulduz xəritəsidir.
Elmdə “Mul.Apin” və ya daha çox “Planisfer diski” kimi tanınan gil lövhədir.
Bu və digər lövhələr e.ə. II minillik – I minilliyin əvvəllərinə aid edilir və Babil astronomiyasının əsəridir.
Yuxarıdakı təsvir isə onun müasir qrafik interpretasiyadır.
Bu, arxeoloji artefaktın kosmik-texnoloji estetika ilə yenidən qurulmuş versiyasıdır.
Bu diskin – gil lövhənin nə olduğunu anlamağa çalışaq.
Babil astronomları səmanı 12 əsas sahəyə bölürdülər. Bu bölgü sonradan Zodiak sisteminin əsasını təşkil etdi. Planisfer diski bir təqvim aləti idi. Onunla ekinoks və gün uzunluğunun dəyişmə mərhələlərini müəyyən edilirdi. Bu da əkinçiliklə məşğul olanlar üçün həyati idi.
Gördüyünüz lövhə mifolojik bir obyekt deyil, bu, elmi bir sənəddir.
Bəzən onu “kosmik gəmi xəritəsi” ya da “yadplanetlilərin planı” kimi təqdim edənlər olur. Ancaq iddia yanlış və əsassızdır. Babil astronomiyası çox sistemli və riyazi idi; metafizik yox, müşahidəyə əsaslanırdı.
Tarixi reallıq belədir:
– Yer Günəş ətrafında fırlanır, biz isə bunu əksinə, sanki Günəş göydə hərəkət edir kimi görürük. Bu görünən hərəkətin cızdığı xətt ekliptika adlanır ki, Mesopotamiya astronomları ekliptikanı anlayırdılar;
– Onlar ulduzların mövsümi doğuş və batışlarını qeyd edirdilər;
– 360 dərəcəlik dairə bölgüsü məhz onların irsidir və 60-lıq say sistemi də buradan gəlir.
İnsanın kosmosa baxışının erkən riyazi formasıdır. Çünki burada romantik mistika deyil, müşahidə, qeyd və sistemləşdirmə var.
Mənim və mənim kimi riyaziyyat və mədəniyyətin kəsişməsini sevənlərin baxış bucağından maraqlı olan budur ki, bu disk Bəşər tarixində ilk “məlumat vizuallaşdırması” nümunələrindən biridir.
Heyrətə düşməmək mümkün deyil – ən primitiv müşahidə aləti, ən bəsit teleskopu olmayan bir sivilizasiya necə böyük analitik düşüncə gücünə sahib olub.
Tarixi-strateji baxışla analiz edəndə şəxsən mənim çıxardığım əsas dərs budur:
Adlar dəyişir, imperiyalar süqut edir, amma bilik və onun sistemi qalır.
Yəni Gələcək Elmlə Gəlib və Elmlə də Gələcək!
