10 C
Bakı
19 Fevral 2026 19:35
GündəmİqtisadiyyatTarix

Bilə-bilə ki, bizdə o qədər qaz yoxdur, bütün Avropaya qaz söz verib

Deyir, necə olur Sovet dövründə pambıq planını ikiqat-üçqat yerinə yetirirdik, amma apteklərdə pambıq olmurdu.

Çox sadə. Bunun adı Əliyevçiliyə xas, əsrin fırıldağı adlana biləcək idarəçilik sistemidir.

Yalandan deyirdi ki, bu qədər pambıq yığımışıq, bir hektar torpağımız dünyada misli görünməmiş qədər məhsul verib. Bu boyda fantastik yalanın əvəzinə Moskva Əliyevə Qırmızı keçici bayraq verirdi, Brejnev “Azərbaycan iri addımlarla irəliləyir” deyib, tərif yağdırırdı, sonra da bir dənə Sosialist Əməyi Qəhrəmanı ordenini yapışdırırdı Əliyevin yaxasına.

Axırda da gəlirdi haqq-hesab anı. Moskva Əliyevə deyirdi ki, bu qədər yığmısan, malades, indi onun 50 faizi gedir bütün SSRİ-yə, 50 faizi də qalsın özünüzə, n qədərdir, kef edəcəksiniz.

Moskvaya da o 50 faizi verməlisən axı. Əslində isə, Əliyevin bu qədər yığımışıq dediyi pambığın reallıqda heç 30 faizi yığılmayıb. Kağızda var, bəli, realda isə yoxdur. Sovet hökumətində Əliyevin bu fırıldağının adını pripiska qoymuşdular. Amma nə veclərinə, bilirdilər ki, Əliyev onlara söz verdiyi 50 faizi azərbaycanlıların canından, malından çıxardıb verəcək. O biri tərəfdən isə Moskvadakı qəzet redaktorlarından tutmuş Siyasi büro üzvlərinə kimi hamının cibinə rüşvətdən basırdı ki, bunun fırıldaqlarına göz yumsunlar.

Əl qərəz, ölkədə yığılan nə pambıq varsa, hamısı qramına kimi göndərilirdi Moskvanın sərəncamına. Camaatın qapısının ağzında da pambıq əkirdilər ki, Moskvaya göndərilməli olanı tədarük edə bilsinlər. Məktəbli, tələbə, toy olan bəy-gəlin, yaşlı-uşaq demirdilər, hamını basırdılar itələyə-itələyə tarlaya, qul kimi işlətməyə. Heç yadımdan çıxmaz, atamın rəhbəri olduğu ekspedisiyanın işçiləri nəyə görəsə rayon mərkəzinə getməli olur, raykom da kolxoz-sovxozların üzüm sahələrində qızğın iş vaxtı kimlərinsə küçədə sərbəst gəzdiyini görüb, ağına-bozuna baxmadan bunları tutub sahəyə göndərməyi əmr edir, bunlar da etiraz edir, ona görə də arxeoloqları tutub saxlayırlar.

Nə isə, qayıdaq mətləbə. Hətta bu qədər hər kiçik boş yerə əkməklə, camaatı qul kimi işlətməklə də məsələ həll olunmurdu. Çünki Əliyev Moskvanın yanında yaxşı oğlan olmaq üçün, orden-medal almaq üçün o qədər gop etmişdi ki, bunlar da bəs eləmirdi. Ona görə kolxoz-sovxoz, rayon rəhbərləri gedib, Gürcüstandan, Moldovadan üzüm, Türkmənistandan, Özbəkistabdan-zaddan pambıq, mal-qara alıb gətirib, təhvil verirdi Moskvaya ki, biz yığmışıq, bizim qoyunlar əkib-doğub.

Kimin pulu ilə alırdı? Kimin cibindən çıxırdı bu xərc, kimin rifahı əldən gedirdi? Ay-sağ ol, özün bilirsən.

Yəni özümüzə pambıqdan zırt da qalmırdı, hələ bir Moskvanın payını vermək üçün camaatı həm minirdilər, həm də cibinə girirdilər ki, Əliyev bir malades, bir medal alsın, respublika da SSRİ çempionu olsun.

Nəticəsi isə o olurdu ki, Azərbaycan kağızda varlanır, həqiqətdə kasıblayırdı, həm də aptekdən belə pambıq yoxa çıxdığı üçün mürdəşirə verməyə belə pambığı gedib Tifıisdən, Tallindən alıb gətirirdi. Qonşuda bizdən qat-qat yaxşı yaşayan erməni-gürcü də bizə gülürdü ki, ə, sən öl, bunlar səydirlər.

İndi SSRİ yıxılıb. Nə isə dəyişibmi, bu oğru, fırıldağ sistemin idarəçiliyində?

Əsla! İndi də özünü yaxşı etmək üçün, Qərbdən malades qazanmaq üçün bilə-bilə ki, bizdə o qədər qaz yoxdur, bütün Avropaya qaz söz verib. Bütün Qərbə rüşvət paylayır, Albaniyadan, Serbiyadan tutmuş dünyanın dörd tərəfinə rüşvət verir.

Kimin pulu ilə? Kimin rifahının hesabına?

Bir gün də xəbər çıxır ki, İrandan, Rusiyadan, Türkmənistandan alıb, satır Avropaya, o biri gün qiymət üstündə Arxadağla davası düşür (o vaxt da pambıq fırıldağı məsələsində Heydərin Özbəkistanın rəhbəri Şərəf Rəşidovla məşhur davası düşmüşdü).

Lap axırda da bütün bunlar partlayır bədbəxt Azərbaycan camaatının başında. Çıxır deyir ki, camaat, siz qənaət edin ki, Avropaya sata bilək, öhdəliyimi yerinə yetirə bilim. Nəticədə qışın oğlan çağında, qazın lap çox tələb olunan vaxtında Avropaya qaz satan camaatın evində qaz kəsilir, camaat soyuqdan qırılır, adını da kartlarda, sistemdə problem əmələ gəlib qoyurlar. Həqiqətdə isə problem oğruların yalan və fırıldağı üzərində qurulmuş idarəçilik sistemindədir.

Adamı yandıran odur ki, bütün bu fırıldaqlar içində Türkiyədə, Avropada kiməsə rast gələndə adama qayıdır ki, ooo, siz varlı petrol, qaz ölkəsisiniz. İndi vaxtı odur ki, bunlara qayıdıb deyəsən ki, ay zırrama, o varı sizinlə bizim oğrular yeyir, sən öləsən ki, ondan Azərbaycan camaatına heç zırt da çatmır. Sovet dövründə necə idi, indi də elədir.

Bu oğurluqda xüsusi yer ziyalı adlanan yaramaz təbəqəyə düşür. Onları da öyrəşdirmişdi ordenə-medala, fəxri ada, AzTv-yə çıxıb özünü böyük zibil kimi təqdim etməyə. Bir xeylisinə də şərait yaratmışdı universitetə, instituta qəbul prosesində rüşvət yığmağa, yetimin, kasıbın, imkansızın balasını təhsilsiz qoyub, onların yerini öz digər rüşvətxorlarına satıb, onlardan da haqq yığmağa.

İndi də əl ayağa düşüb, savadsız opportunist dılğırlardan eyni hörmətli şey-şüy qayırmaq istəyirlər, orden, fəxri ad, kasıbın evini söküb, qovub, yerində göydələn tikib, öz əclaflarına paylamaqla.

Adamı ikinci yandıran şey odur ki, o vaxt Brejnev-filan bilirdi bunun fırıldağını, amma gözünü yumurdu ki, əşi, azərbaycanlıların canı cəhənnəmə, bizə sərf edir. Həm pambığımız gəlir, həm rüşvətimiz. İndi də eyni şeyi von der Leyenlər-filanlar edir.

Nə isə, özünüz ağıllanlb, Elşən kimi kitab oxuyub, savadlanıb, düzgünlüyü seçib, haqqınızı tələb etməyənə qədər heç kimdən sizə yar olmayacaq. Bütün imkan və vasitələrdın istifadə edəcəklər ki, sizi savadsız, biliksiz, məlumatsız və nəticədə ac-yalvac nökər kimi, qul kimi saxlasınlar. Bunların da çörəyi sizi ləyaqətli vətəndaş olmaqdan məhrum edib, mağmun halda saxlamaqdan çıxır.

 

Altay Göyüşov

Tacxeber.com

Bizimlə əlaqə: tacxeber.com

Oxşar xəbərlər

Maliyyə Nazirliyi “xəsisliyə” başlayan kimi, özəl sektorda “boğulma” başlayır.

admin

Eks-nazirin məhkəməsi: Yoxlamalar zamanı 20 min aldı…

redaktor

“Twitter”in yaradıcısı yeni sosial şəbəkə qurdu

admin