Başlayaq, “İmişli” Futbol Klubundan. Aylardır yerli qurumlarla stadion problemini həll edə bilmirlər, ona görə də ev oyunlarını doğma İmişli əvəzinə, Quba Olimpiya Stadionunda keçirirlər.
Klubun verdiyi qərar – bərbad! Quba Olimpiya Stadionunun meydançası – ikiqat bərbad!
“Kəpəz”, artıq sayı da itib, neçə ildir ev oyunlarını Gəncədə yox, gah Tovuzda, gah Qəbələdə keçirdi, indi də Yevlaxın süni meydançasına “köçüblər”.
Yevlax stadionunun durumu- bərbad!
“Karvan-Yevlax” klubunun ağıl dəryaları stadionun ot örtüyünü dəyişib keyfiyyətsiz süni meydança edirlər. Avropalılar süni örtükdən təbii meydançaya keçir, bizimkilər isə…
Saldıqları yeni meydançanın durumu – bərbad!
“Şamaxı” klubu ev oyunlarını süni örtüklü meydançada keçirir. Meydançanın durumu – bərbad!
“Turan Tovuz”ın rəhbəri yüzminlərlə pul töküb süni meydançanı təbii örtüklə əvəzləyir! Doğma el-obası Tovuz üçün maddi-mənəvi can yandırır. Amma elə təmirdən sonrakı birinci oyundaca meydança olur yararsız. Yəni icraçıların gördüyü işin nəticəsi – bərbad!
“Araz Naxçıvan” oyunları doğma Naxçıvanda deyil, Bakıda, Mərdəkan çimərliyinin düz yanındakı stadionda keçirir. Stadionun ot örtüyü – bərbad!
Ölkənin ən nüfuzlu futbol məşqçiləri haray çəkirlər ki, belə meydançalar futbolçuları şikəst edir, təbii meydanlar salınsın.
Futbol qurumlarının bu narahatlığa münasibəti – bərbad!
Yerli futboldan bixəbər adamların sosial şəbəkələrdə bu SOS-a yanaşması lağlağı, laqeyd.
Çempionat adına verilən qərarlar – bərbad!
Futbol düşüncəsi – bərbad!
Futbol savadı – bərbad!
Futbolçunun keyfiyyəti – bərbad!
Uşaqlarımızın oynadığı meydançaların durumu – bərbad!
Elə bilməyin ki, öz cəbhəmizi unuduram. İdman və futbol mediasının ümumi durumu – bərbad!
İndi siz deyin, biz niyə, kiminlə, hansı qərarların nəticəsi ilə futbolda – çox uzağa getmirəm – Özbəkistanın, Gürcüstanın səviyyəsinə çatmalıyıq?