DünyaSiyasət

ABŞ İranla müharibəyə başlaya bilərmi?

Hazırda ABŞ İran ətrafında topladığı qüvvələrə baxaq:

Ərəb dənizində: 1 aviadaşıyıcı zərbə qüvvəsi – AZQ (70-ə yaxın təyyarə, helikopterlər və kəşfiyyat təyyarəlri daşıyan “Abraham Linkoln” aviadaşıyıcı gəmi, 1-2 raket kreyseri, 2-5 esmines, 2 atom sualtı qayığı);
▪️ Hörmüz boğazında: 2 esmines;
▪️ Qırmızı dənizdə: 1 esmines;
▪️ Ərəb ölkələri sahillərində: 3 sahil gəmisi;
▪️ İsrailin və ABŞ, Britaniya və Fransanın regiondakı bazalarının hərbi qüvvələri.

Bu qüvvə İrana zərbə və İranın əks-zərbəsinin qarşısını almaq üçün kifayət edərmi?

Müqayisə üçün 12 günlük müharibədə ABŞ-ın regionda istifadə etdiyi hərbi-dəniz qüvvələrinə baxaq:
▪️ Fars körfəzi yaxınlığında: 1 AZQ;
▪️ Aralıq dənizində: 5 esmines;
▪️ Qırmızı dənizdə: 2 esmines.
▪️ İsrailin və ABŞ, Britaniya və Fransanın regiondakı bazalarının hərbi qüvvələri.

Bunlardan əlavə ABŞ qüvvələrinə Aralıq dənizində Britaniyaya məxsus hərbi gəmilər də kömək edirdilər.

Müqayisə edəndə hazırda İran ətrafında toplanan qüvvənin 12 günlük müharibədən çox olmadığını görürük. Nəzərə almalıyıq ki, 12 günlük müharibədə ABŞ İrana qarşı hücum əməliyyatında iştirak etmədi (sonuncu gün istisnadır), buna görə də İran ABŞ qüvvələrinə zərbə endirmirdi. Yəni ABŞ-ın regiona topladığı qüvvələrin əsas məqsədi İsraili İranın cavab zərbələrindən qorumaq idi. İranın İsrailə göndərdiyi PUA-ların və raketlərin 60%-ə yaxını məhz bu gəmilərin HHM sistemləri vasitəsilə vurulmuşdu. 20%-ə qədəri isə İsrailə çatanadək başqa ölkələrin səmasında ABŞ, Britaniya, Fransa, S.Ərəbistanı, İordaniya HHM sistemləri və aviasiyası ilə vurulmuşdu. İsrail HHM sistemi İrandan buraxılan PUA və raketlərin 20%-nə qədəri ilə mübarizə aparmalı olmuşdu.

Bu dəfə ABŞ İrana özü zərbə endirsə, İranın əks-zərbələrinə məruz qalacaq. Bu halda ABŞ həm öz gəmilərini, həm regiondakı hərbi bazalarını, həm də İsraili qorumaq məcburiyyətində qalacaq. Aydındır ki, ABŞ ilk zərbə ilə İranın bütün hücum imkanlarını sıradan çıxara bilməyəcək – onlar həm ölkə boyu səpələnib, həm də bunkerlərdə yerləşdirilib, həm də HHM sistemi təkmilləşdirilib. İsrailin keçən dəfəki ilkin üstünlüyü səbəbdən baş verdi:
1. hücumun gözlənilməzliyi;
2. daxili agenturanın diversiyası.

Bu dəfə 1-ci mümkün deyil, 2-cinin təsiri isə cüzi ola bilər.

Bunları nəzərə alan ABŞ bu dəfə AZQ-ni Fars körfəzində yox, Ərəb dənizində İran sahilindən 750-800 km məsafədə yerləşdirib. Niyə?

İranda ən çox və ucuz olan raketlər zərbə məsafəsi 500 km-ə qədər olanlardır (Shahab-1, Fateh-110, Khalij Fars, Hormuz, Shahab-2 və Fateh-313). Həm də müharibə başlayarsa, Ərəb dənizində gəmilər daim hərəkət edəcəklər – belə olduqda açıq dənizdə onların dəqiq koordinatlarını müəyyən etmək və orta mənzilli raketlə dəqiq zərbə endirmək çətin olur.

Əlbəttə, bu məsafə AZQ-yə zərbə endirməyi çətinləşdirir, lakin mümkünsüz etmir. Lakin hələlik bu məsələni sonraya saxlayaq, əvvəl bu halda AZQ-in necə zərbə endirəcəyini nəzərdən keçirək – çünki ABŞ zərbə endirməsə, cavab zərbəsi də olmayacaq.

ABŞ dənizdən İrana 2 üsulla zərbə endirə bilər: gəmidən və ya gəmidən qalxan təyyarədən raketlərlə.

Gəmidən Tomahavk raketi ilə hücum edə bilər. Bu raketin ən müasirinin zərbə məsafəsi 1800 km-dir. Gəmi sahildən azı 700 km məsafədə dayanarsa, raketin İran ərazisinə maksimal nüfuz məsafəsi 1100 km olacaq. İranın şərqdən qərbə eni 1800 km, cənub-şərqdən şimal-qərbə diaqonalı (raket əsasən bu trayektoriya üzrə getməlidir) 2700 km-dir. Yəni raketlər İranın böyük bir ərazisinə çata bilməyəcək.

Təyyarələrin istifadə etdiyi raketlərin maksimal zərbə məsafəsi 500 km-dir. Təyyarə sahilə nə qədər yaxınlaşmalıdır ki, İrana zərbə endirə bilsin? Bundan başqa, F-35C-nin (AZQ-də bu modifikasiya olur) uçuş 1 dəfə yanacaq doldurmaqla uçuş məsafəsi 1100 km-dir. Bu o deməkdir ki, F-35C İrana 500 km-dək yaxınlaşdıqdan sonra zərbə endirməlidir – yəni raket İran sahillərindən maksimum 200 km-dək dərinlikdə obyektləri vura bilər. Ya da F-35C-ə yolda aviatankerlə yanacaq doldurulmalıdır. Lakin döyüş zamanı bu əməliyyat risklidir, çünki belə təyyarəni vurmaq daha asan olur.

Husilərlə müharibədə ABŞ döyüşlərə 1 AZQ, 5 əlavə gəmi cəlb etmişdi. Gəmilər sahilə yaxın məsafədə yerləşmişdi. Husilərin HHM, REM sistemləri yox idi, yəni təyyarələr və Tomahavk raketləri hədəflərə rahat zərbə endirə bilirdilər. Buna baxmayaraq, ABŞ 50 gün müharibə aparandan sonra 2 təyyarə itirməklə regiondan qaçmağa məcbur oldu.

İndi baxaq, ABŞ heç olmasa yuxarıda qeyd etdiklərimi edə bilərmi?

İran artıq S-400 HHM sistemləri ilə təchiz edilib. S-400 iri obyektləri (məs., ballistik raket və təyyarə) 600 km məsafədən aşkar edə bilir. Lakin yerin düz yox, dairəvi olduğunu nəzərə alsaq, təyyarə nə qədər aşağıdan uçursa, onu aşkar etmək üçün daha az məsafə tələb olunur (çünki radiodalğalar düzxətt boyunca yayılırlar). S-400 F-35-i uçuş hündürlüyündən (azı 50 m) asılı olaraq 30-250 km məsafədən aşkar edə bilər və 250 km-dək məsafədə yerləşən hədəfi vura bilər.

Hədəf nə qədər tez (uzaqdan) aşkar edilərsə, onun vurulması ehtimalı daha çox olur. Buna görə də təyyarəni və ya raketi göyərtədən qalxdığı andan müşahidə etmək çox vacibdir. Buna görə də HHM sistemləri peyk kəşfiyyatı ilə inteqrasiya edilir. Artıq məlumdur ki, İranın HHM sistemləri Çinin kosmik kəşfiyyatına inteqrasiya edilib və İran onlayn rejimdə kəşfiyyat məlumatları alır. Bundan başqa Çin Ərəb dənizinə iki hərbi-texniki gəmi göndərib – bunlardan biri hava obyektlərinin, digəri sualtı obyektlərin (sualtı qayıqlar, torpedolar) aşkar edilməsi üzrə kəşfiyyat aparır. Yəqin ki, regionda Rusiyanın və Çinin sualtı qayıqları da var.

İlk hücumun qurudan olacağına inanmıram, çünki onlara qarşı həm etibarlı müdafiə var, həm də onlar öz müdafiə sistemi çox zəifdir.

🔹 Beləliklə, ABŞ-ın İrana effektiv zərbə endirmək şansı çox aşağıdır. Lakin effektiv zərbə almaq şansı yüksəkdir. Necə?

İran AZQ-yə aid gəmiləri zərbə məsafəsi 700 km-dən çox olan raketlərlə və ya PUA-larla vura bilər. Düzdür, aviadaşıyıcı gəmi asan hədəf deyil. Onu qorumaq üçün yanında üzərində HHQ sistemləri yerləşdirilmiş esmineslər var. Özünün torpedalardan qoruma, həmçinin REM sistemləri var. REM vasitəsilə PUA-ların elektronika sistemi yandırılır və onlar sıradan çıxarılır. Lakin Ukrayna və 12 günlük, həmçinin hüsilərlə müharibə göstərdi ki, bu sistemlər 100%-li müdafiəyə təminat vermir.

➖ REM sistemini sıradan çıxaran raketlər mövcuddur – onlardan Ukrayna (ABŞ istehsalı) da Rusiyaya qarşı, Rusiya da Ukraynaya qarşı, həmçinin İran da İsrailə qarşı istifadə edib. Belə raket obyektə hansısa məsafədə açılır və elektromaqnit şüalanması ilə REM-i sıradan çıxarır. Yeri gəlmişkən, F-35-lərdə də oxşar sistem var.
➖ Eyni vaxtda göndərilən raket, PUA, pilotsuz kater və ya torpedo (sürətlərini nəzərə almaqla) sayını artırmaqla istənilən mühafizə olunan hədəfi vurmaq olar.
➖ Ən etibarlısı isə hipersonik raketdir – ABŞ-ın müasir HHM sistemlərinin heç biri onu vurmaq imkanında deyil.

Raket, PUA, pilotsuz kater və torpedaların 700-800 km məsafədə yerləşən və hərəkətdə olan gəmiləri tapması üçün isə kosmik kəşfiyyat və koordinatların onlayn rejimdə ötürülməsi kifayətdir. İran artıq Çinin Beidou qlobal naviqasiya sisteminə keçib.

Yeri gəlmişkən, aviadaşıyıcı gəmini sıradan çıxartmaq üçün onu batırmağa ehtiyac yoxdur. Uçuş zolağında bir partlayış olarsa, heç bir təyyarə uça və ya enə bilməyəcək və gəmi döyüşə yararsız hala düşəcək.

ABŞ regiona 2-ci, hətta 3-cü AZQ-ni də gətirsə, onun azı 1 aviadaşıyıcı gəmi itirməyəcəyinə təminat yoxdur.

Lakin bir ciddi məqamı nəzərə almalıyıq. Aviadaşıyıcı gəmi ABŞ-ın strateji gücü sayılır. Nüvə doktrinasına görə ABŞ-ın strateji güc komponentinin hansısa ölkə tərəfindən məhv edilməsi (batırılması) ABŞ-ın həmin ölkəyə nüvə zərbəsi endirməsinə əsas verir. ABŞ aviadaşıyıcı gəmisinin batırılmasına cavab verməzsə, onu heç bir ölkə saymaz.

Yaxşı, bunları bilə-bilə ABŞ İrana hücum edərmi? Tramp (yəqin ki, hərbi məsləhətçiləri) başa düşür ki, İrana hücumun sonu onu nüvə silahından istifadə etməyə məcbur edəcək. Buna görə də o, müharibəni təxirə salır və hansısa razılaşma ilə Netanyahudan canını qurtarmaq istəyir.

Bəs Netanyahu necə – bilmir ki, bunun axırı nüvə zərbəsi ilə qurtara bilər?

Məsələ burasındadır ki, Netanyahu elə bunu istəyir. O başa düşür ki, İranı (xüsusən də Rusiya və ABŞ-ın dəstəyi ilə) adi silahlarla məğlub etmək mümkün deyil. Trampı müharibəni başlamağa məcbur etsə, İran ona adekvat zərbə endirməyə məcbur olacaq. Bundan sonra isə Trampın İrana nüvə zərbəsi endirməkdən başqa çarəsi qalmayacaq.

12 günlük müharibədə Rusiya da, Çin də, İran da bunu bilirdilər deyə Trampla birlikdə “Fordonun bombalanması” tamaşasına razılaşdılar. Onda faktiki olaraq Trampı Netanyahudan xilas etdilər. Lakin bu başıboş Tramp yenidən Netanyahunun oyununa girib.

P.S. Həddindən uzun olmasın deyə çox məsələyə ya toxunmadım, ya da səthi toxundum.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

69 yaşlı tələbə Türkiyədən Qazaxıstana təhsil almağa gəldi

redaktor

“Paşinyan Kremlə meydan oxudu: Ermənistanın Baş naziri Putinin arxasında gizləndi” – “Moskovski Komsomolets”

admin

Kamçatkada silsilə zəlzələlər davam edir.

redaktor