DünyaSiyasət

Berlinin seçimi: Prinsiplər yox, qaz

İlham Əliyevin Almaniyaya səfəri diplomatik nəzakət çərçivəsində təqdim olunsa da, mahiyyət etibarilə Avropanın siyasi reallığının açıq etirafıdır. Berlin bir daha göstərdi ki, beynəlxalq siyasətdə romantika yox, maraq işləyir.

Ukrayna müharibəsindən sonra Almaniya ağır həqiqətlə üzləşdi. On illərlə qurduğu enerji modeli çökmüşdü. Rus qazı üzərində qurulan sənaye nəhəngləri təhlükə altına düşmüşdü. İndi Berlin üçün əsas sual insan haqları deyil, qazın haradan gələcəyidir.

Frankfurter Allgemeine Zeitung bunu açıq yazırdı: “Deutschland sucht nach verlässlichen Energiepartnern außerhalb Russlands.” (Almaniya Rusiya xaricində etibarlı enerji tərəfdaşları axtarır.)

Bu cümlə ideologiyanın sonunu elan edir. Çünki “verlässlich”, yəni etibarlı tərəfdaş anlayışı burada siyasi sistemə yox, enerji təminatına aiddir.

Almaniya Azərbaycanı sevdiyi üçün yox, ehtiyac duyduğu üçün qəbul edir. Süddeutsche Zeitung Cənubi Qafqazla bağlı yazırdı: “Der Südkaukasus ist Teil der europäischen Sicherheitsordnung.”
(Cənubi Qafqaz Avropa təhlükəsizlik nizamının bir hissəsidir.)

Bu ifadə göstərir ki, Bakı artıq periferik aktor deyil. O, enerji xəritəsinin və Rusiya sonrası təhlükəsizlik balansının bir parçasıdır.

Burada Almaniyanın dilemması başlayır. Berlin demokratiya mövzusunu qaldırır, amma əməkdaşlığı dayandırmır. Der Spiegel Azərbaycanla bağlı yazılarda “Autoritärer Modernisierer” ifadəsini işlədib. Bu, tənqiddir. Amma eyni zamanda qəbuludur. Çünki modernləşmə və sabitlik faktorunu da qeyd edir.

Reallıq budur ki, Berlin üçün idarə olunan sabitlik xaotik demokratiyadan daha təhlükəsiz görünür.
Alman xarici siyasətinin əsas dilemması FAZ-da belə ifadə olunmuşdu: “Werte und Interessen stehen selten im Gleichgewicht.” (Dəyərlər və maraqlar nadir hallarda balansda olur.)

Berlin balansı artıq seçib. Maraqlar üstün gəlib. Cənab Əliyevin səfəri bir mesaj verdi: Almaniya Azərbaycanı dəyişmək üçün yox, onunla işləmək üçün dialoq qurur. Çünki alternativlər azdır. Qaz xətti reallıqdır. Geosiyasət reallıqdır. Rusiya faktoru reallıqdır.

Əgər Berlin doğrudan da prinsipial xətt aparsaydı, enerji müqavilələri genişlənməzdi. Əksinə, qaz axını artdıqca tənqid tonu daha ehtiyatlı olur. Bu, ikiüzlülük deyil. Bu, realizmdir.

Almaniya Cənubi Qafqazı artıq insan haqları seminarının mövzusu kimi yox, enerji təhlükəsizliyi məsələsi kimi görür. Əliyevin Berlin səfəri bu transformasiyanın simvoludur.

Avropa idealizm üzərində qurulmuş deyil. O, maraq üzərində işləyir. Və Berlin üçün maraq hazırda Bakını itirmək deyil, onu sistem daxilində saxlamaqdır. Niy? Çünki prinsiplər danışılır. Qaz isə işləyir və nəhəng şirkətlərin işləməsini təmin edir.

Almaniya Əliyevlə şəkil çəkdirərkən dəyərlərdən danışa bilər. Amma qaz kəsiləndə ilk xatırlanan insan haqları yox, müqavilələr olur.

Berlinin seçimi artıq edilib. Prinsiplər konfranslarda səslənir, enerji isə sənayeni işlək saxlayır. Xarici siyasətdə romantika yox, maraq qalib gəlir.

Əliyevin Almaniya səfəri Avropanın ikiüzlülüyünü yox, onun real üzünü göstərdi. Avropa dəyişməyib. Sadəcə indi bunu daha az gizlədir.

Və ən sərt həqiqət budur: Qaz axdığı müddətcə Berlin Azərbaycanı tənqid edəcək, amma əməkdaşlığı dayandırmayacaq. Qaz dayanarsa, prinsiplər qəfil sərtləşəcək.

Geosiyasətdə dostluq yoxdur. Yalnız maraq var.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

İsrail Hələb aeroportuna zərbələr endirdi

redaktor

Böyük pullar Sea Breeze-ə axır: Ağalarov Rusiyada investor tapıb.

redaktor

Gələn il süni intellekt insandan ağıllı olacaq – Mask

redaktor