Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli fevralın 12-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yayımlanmış, özü və digər siyasi fiqurların barəsində ittihamlar irəli sürülən videosüjetə münasibət bildirib.
Ə.Kərimli fevralın 13-də ailə üzvlərinə telefon danışığında bildirib ki, iddialar “başdan-ayağa yalandır”.
“Mənim və digər şəxslərin guya dövlət çevrilişi ilə bağlı DTX adından yayılan və hökumət mediası tərəfindən tirajlanan, əslində isə “Real TV” və “Yeni Müsavat” səviyyəli qara PR materialından fərqlənməyən videosüjetləri hökumət televiziyalarından izlədim. Aydındır ki, DTX adından irəli sürülən bu iddialar başdan-ayağa yalandır. Mən bilirəm ki, Azərbaycan cəmiyyəti məni tanıyır, siyasi fəaliyyətimin şəffaflığını bilir və bu cəfəngiyata inanan deyil”, – o deyib.
Bununla belə, partiya sədri videoda səslənən bəzi iddialara aydınlıq gətirməyə çalışıb.
“Əvvəla, 2013-cü ildə Milli Şura o zaman mövcud olan bütün müxalif qüvvələrin – partiyaların, vətəndaş cəmiyyətinin və ziyalıların iştirakı ilə məhz avtoritarizmdən demokratiyaya dinc keçidi təmin etmək məqsədilə formalaşıb. Onun fəlsəfəsi dinc mübarizədir və buna görə də Milli Şuranın hər hansı formada zorakılıqda iştirakından söhbət gedə bilməz. İkincisi, Milli Şura fəaliyyəti dövründə 19 dəfə mitinq keçirib və onların heç birində nə dövlət hakimiyyətini zorla ələ almağa cəhd olub, nə də ictimai qaydanın pozulmasına yol verilib”,– o qeyd edib.
Ə.Kərimli əlavə edib ki, Milli Şuranın prezidentliyə ilk vahid namizədi və sədri olmuş Rüstəm İbrahimbəyov “məhz Rusiyanın və şəxsən Vladimir Putinin müdaxiləsi nəticəsində” Azərbaycandakı prezident seçkilərinə buraxılmayıb.
“Onun ikili vətəndaşlığı var idi və o, Putinə müraciət etmişdi ki, Rusiya vətəndaşlığından azad edilsin. Lakin bu baş vermədi və nəticədə Milli Şura ilk vahid namizədi ilə seçkiyə qatıla bilmədi. Bu, tarixi faktdır ki, 2013-cü il seçkilərində Rusiya hakimiyyəti Milli Şuranın namizədini deyil, İlham Əliyevi dəstəklədi. Heç bir dezinformasiya bu faktı dəyişə bilməz”, – o vurğulayıb.
“Mənə qarşı irəli sürülən növbəti absurd ittiham məni Rusiya ilə əlaqələndirmək və guya hakimiyyətə gəlsəydim Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olacağı barədə yalanı yaymaqdır. Bu, sadəcə “özünsən” tipli ittihamdır. Uzun illərdir Azərbaycan hakimiyyətini korrupsiya, saxtakarlıq və Rusiyapərəst siyasətə görə tənqid etmişəm. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzvlüyünə qarşı olmuşam, Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini tənqid etmişəm, Rusiya ilə müttəfiqlik bəyannaməsini və ölkədə rusdilli məktəblər şəbəkəsinin genişləndirilməsini açıq şəkildə tənqid etmişəm”, – o əlavə edib.
Ə.Kərimli xatırladıb ki, AXCP-nin proqramında Azərbaycanın Avropa İttifaqına üzvlüyü və Avroatlantik məkana inteqrasiyası əsas siyasi hədəf kimi müəyyən edilib.
Ə.Kərimli sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev və sabiq baş nazir müavini Abbas Abbasovla əlaqələri haqda iddiaya da cavab verib.
“Cəmiyyət bilir ki, bu şəxslər uzun illər İlham Əliyevin komandasında yüksək vəzifələrdə təmsil olunublar və həmin vəzifələrə də məhz onun tərəfindən təyin ediliblər. Mənim isə həyatım boyu bu şəxslərlə heç bir əlaqəm olmayıb. Əksinə, onların təmsil olunduğu siyasi komandaya qarşı mübarizə aparmışam”, – o deyib.
AXCP sədri 2020-ci ilin iyulunda onun tapşırığı ilə Milli Məclis və “AzTV” binalarının ələ keçirilməsi barədə ittihamları “əsassız” adlandırıb.
“Həmin vaxt xalqımız general Polad Həşimovun və digər zabitlərimizin şəhid edilməsinə etiraz olaraq səmimi şəkildə meydanlara çıxmışdı. Sonrakı hadisələr zamanı baş verən təxribatlar və həbslər isə ayrı məsələdir. Bu məsələlərlə bağlı ittihamların əsassız olduğu məhkəmə proseslərində də üzə çıxmışdı və həbs olunanların bir qismi sonradan azad edilmişdi”,– o bildirib.
Ə.Kərimli DTX-nin apardığı istintaqa və məhkəmədə ifadə vermədiyini xatırladıb.
“Bu, deməyə sözüm olmadığı üçün deyil. Sadəcə, aparılan istintaq və məhkəmə proseslərini qeyri-obyektiv hesab edirəm. Mən cinayət törətməmişəm, əksinə, mənə qarşı cinayət törədilib. İmkan tapdıqca bunu ictimaiyyətə çatdıracağam. Xalqımın ədalətinə inanıram və əminəm ki, həqiqət və ədalət gec-tez öz yerini tapacaq”,– deyə o, açıqlamasını sonlandırıb.
Əli Kərimli dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub.
Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
DTX bildirib ki, Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.
AXCP-nin məlumatına görə, Ə.Kərimlinin evində axtarış zamanı DTX işçiləri Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini yerləşdirib tapdıqlarını deyiblər.
Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada R.Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Buna onun öz münasibəti məlum deyil.
Ə.Kərimli daha öncə də R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib.
AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.
Eyni işlə əlaqədar Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib. Milli Şura üzvü Gültəkin Hacıbəyli isə Türkiyədən Azərbaycana deportasiya olunub.
Keçmiş baş nazir müavini Abbas Abbasov isə beynəlxalq axtarışa verilib. (ToplumTV)



