Suriya İnvestisiya Qurumunun (SIA) rəsmi saytında dərc olunmuş investisiya xəritəsində Türkiyənin Hatay vilayəti Suriya sərhədləri daxilində göstərilib. Bu hadisə Suriyada regional və sektoral əsasda investisiya imkanlarını təşviq etməyi hədəfləyən xəritə vasitəsilə Suriyanın Türkiyəyə qarşı çoxillik tarixi olan torpaq iddianın yenidən canlanması kimi dəyərləndirilir.
Bu hadisə ilə bağlı diqqət çəkən məqam isə xəritənin dərc olunmasından sonra Türkiyə Xarici İşlər Nazirliyindən və ya Hataydakı rəsmi qurumlardan hər hansı bir açıqlamanın olmamasıdır. Bu hadisənin diqqət çəkməməsi üçün medianın olayı gözardı etməsi də müşahidə olunur.
Halbuki, Bəşər Əsəd dönəmində Suriya parlamentinin “Hatayı gec-tez geri alacağıq” açıqlaması Türkiyə Xarici İşlər Nazirliyinin sərt açıqlamasına səbəb olmuş, Ankara Dəməşqi hərbi müdaxilə ilə təhdid etmişdi. İndi isə Suriya İnvestisiya Qurumunun rəsmi saytı üzərindən dünyaya təqdim olunan xəritədə Hatay vilayəti Suriya sərhədləri daxilində göstərilir, Ankaranın səsi də çıxmır.
Çox maraqlıdır ki, bu hadisə ilə eyni zamanda diqqət çəkən başqa olay da baş verib. Ərdoğan iqtidarının ciddi-cəhdlə müdafiə etdiyi Suriyanın prezidenti kimi müdafiə etdiyi Əhməd əş-Şaaranın atası Hüseyn Əli əş-Şaara ard-arda yazdığı iki məqalədə İsgəndərun adlandırdıqları Hatayla yanaşı Qaziantep, eləcə də Gillis adlandırdıqları Adana və Mersinin də Suriyaya aid olduğunu, bu torpaqların geri alınmasının bir vəzifə olduğunu qeyd edib. Rəsmi Ankara bu olaya da səssiz qalıb.
Türkiyədə məzhəb xəstəliyinə tam yoluxmamış azsaylı ictimai rəy liderləri ərəb millətçiliyinin bir neçə on il əvvələ nisbətən indi daha təhlükəli olduğuna diqqət çəkirlər. Qeyd edim ki, Suriyadakı ərəb millətçiliyi Hatay, Qaziantep, Adana və Mersinin Suriya Haşimilər Krallığının bir hissəsi olduğuna, məşhur Sevr müqaviləsində Osmanlı Dövlətinin İskəndərun (Hatay) və Kilisin (Adana və Mersin) ərəb dövlətinə məxsus ərazilər olduğunu qəbul etməsi faktına istinad edərək bu torpaqlar uğrunda mübarizəni özlərinin əsas vəzifələri elan ediblər. Dəməşqdə rejimlərin, hakimiyyətlərin dəyişməsindən asılı olmayaraq ərəb millətçilərinin Hatay, Qaziantep, Adana və Mersinlə bağlı fikirləri dəyişmir və heç bir zaman da dəyişməyəcək.
Türkiyənin məzhəb xəstəliyinə tam yoluxmamış azsaylı ictimai rəy liderləri bildirirlər ki, Ankara bölgə siyasətini tamamilə dəyişməli, ərəb millətçiliyinə qarşı kürd və türkmənlər üzərindən yeni siyasət müəyyən etməlidir. İsrail ilə münasibətlərin yumşalması və normallaşması da yenidən aktuallaşır. Azərbaycanın İsraillə yaxşı münasibətlərinin bu məsələdə faydalı olacağı qənaəti güclənməyə başlayır.
Belə görünür ki,İsrailin “Yaxın Şərqdə bütün qeyri-ərəb xalqları bir-birinin təbii mütəfiqidir” strategiyasının bütün qeyri-ərəb xalqlarının startegiyasına çevriləcəyi gün uzaqda deyil.
