2 C
Bakı
11 Fevral 2026 14:47
DünyaGündəmSiyasət

Vensin səfəri və böyük oyunun yeni mərhələsi

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfəri hazırkı Ağ Ev sahiblərinin regiona marağını ortaya qoyur. ABŞ-nin hər iki ölkə ilə imzaladığı müqavilə və xartiyalara baxdıqda, bunların bəzilərinin müvəqqəti, bəzilərinin isə daimi olduğunu deyə bilərik.

TRIPP (Zəngəzur) layihəsi: ABŞ-ın bu marşrutu faktiki olaraq idarəetməyə (icarəyə) götürmək planı onu sadəcə bir yol deyil, ABŞ-ın “mülkiyyəti” kimi qorunacaq bir obyektə çevirir. Bu, onilliklərlə davam edəcək bir öhdəlikdir.

9 milyard dollarlıq nüvə layihəsi: Nüvə reaktorunun inşası və yanacaq təminatı 20-30 illik bir prosesdir. Bir ölkənin enerji sistemini ABŞ texnologiyasına bağlamaq “müvəqqəti” addım hesab oluna bilməz.

Böyük şirkətlərin gəlişi: Bakıdakı görüşlərdə “ExxonMobil”, “Apple”, “Ardea Energy” kimi nəhənglərin iştirakı göstərir ki, ABŞ dövləti ilə bərabər, ABŞ kapitalı da bura “lövbər atmaq” istəyir.

Yuxarıda göstərilənləri daimi layihələr kimi xarakterizə edə bilərik.

Vensin səfəri zamanı həm Azərbaycanla, həm də Ermənistanla ABŞ arasında hökumətlərarası strateji tərəfdaşlıq xartiyası imzalandı. İmzalanan sənədlərin dövlətlərarası yox, hökumətlərarası olmasının mənfi və müsbət tərəfləri var. Mənfi və müsbətə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, hökumətlərarası müqavilələr ABŞ üçün xarakterik xüsusiyyətdir.

Hökumətlərarası imzalanan müqavilələri çevikliyinə görə müsbət hal kimi qiymətləndirmək olar. Müqavilələr dövlətlərarası olacağı təqdirdə, bu, parlament tərəfindən təsdiq edilməlidir. Azərbaycan parlamenti üçün bu “iki vur iki” olsa da, ABŞ Senatında bunun qəbulu sual altında olur. Ona görə də ABŞ bu tip müqavilələri hökumətlərarası etməkdə maraqlı olur.

Mənfi tərəfi isə odur ki, hazırkı və ya bundan sonrakı hökumət bir imza ilə onu dondura, ləğv edə bilər. Trampın bir gündə 66 beynəlxalq təşkilatdan çıxması faktı kimi. ABŞ hökumətləri dövləti yükləmək yerinə, gələcək administrasiyaların manevr imkanlarını nəzərə alır.

ABŞ ilə Azərbaycan hökuməti arasında imzalanan xartiyada əsas diqqətçəkən məqam Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının bağlanmasının “maneəsiz” olacağının qeyd edilməsidir. TRIPP layihəsi gündəmə gələndən əsas sual bu keçidin necə olacağı idi. 10 noyabr bəyanatında faktiki “maneəsiz” sözü var idi, ancaq Ermənistanla ABŞ arasındakı müqavilədə buna rast gəlinmirdi. Bu da hansı variantın Azərbaycan üçün sərfəli olacağı sualını yaradırdı. Görünən odur ki, ABŞ öz payından Azərbaycana maneəsiz keçid məsələsini həll edib. Amma bunun təkcə xoş niyyətdən irəli gəldiyini düşünmürəm. Böyük ehtimalla ABŞ-ın Xəzər istiqamətində Azərbaycandan müəyyən tələbləri olacaq. Təsadüfi deyil ki, Vens açıq şəkildə ABŞ-ın Azərbaycana ərazi sularının mühafizəsi üçün yeni hərbi qayıqlar və dəniz platformaları tədarük edəcəyini bəyan etdi.

Uzun zamandır yazıram ki, “Bir kəmər, bir yol” layihəsinin düyün nöqtəsi Ermənistan yox, məhz Xəzərdir. İran və Rusiya Ermənistan üzərindən keçən hissədə güzəştə getsə də, Xəzər məsələsində problem yaradacaqlar. Birinci növbədə Xəzərin hüquqi statusu hələ də müəyyən edilməyib, İran tərəfi hələ də sənədləri təsdiq edib Qazaxıstana təhvil verməyib.

Azərbaycan Silahlı Qüvvələrinin yenilənməyə ən açıq sahəsi məhz Hərbi Dəniz Qüvvələridir. Pakistanla bu yöndə təmaslar göstərir ki, rəsmi Bakı bu yenilənmədə iddialıdır. Ancaq gəmi tikintisi həm baha, həm də vaxt aparan sahədir. ABŞ Ermənistana kəşfiyyat dronları satdığını desə də, Azərbaycanla bağlı məhz Xəzəri işarə etdi. Ona görə də Xəzərdə gərginlik ehtimalı son dərəcə yüksəkdir. ABŞ bunu həll edə bilərmi? Bəli, amma başqa masalarda — ya İranla razılaşaraq, ya da Ukrayna məsələsində Rusiya ilə uzlaşaraq. Ancaq qlobal proseslər göstərir ki, bir masanın mövzusunu digərinə qatmırlar. Ona görə də gərginlik variantı açıq qalır.

Əvvəllər regiona ümumi “Cənubi Qafqaz” yanaşması vardı. Vensin Ermənistan və Azərbaycana gəlib, Gürcüstanın “ofsaytda” qalması göstərir ki, regiona bütöv nüfuz etməkdənsə, konkret dövlətlərlə əlaqə qurmaq daha effektivdir. Sabah Rusiya regiona təzyiq üçün “Gürcüstan” adlı xoxan yarada bilərmi? Bilər. Gürcüstanın Azərbaycan və Ermənistana təzyiq rıçaqları çoxdur — mübahisəli ərazilərdən tutmuş tranzit layihələrə qədər. Hesab edirəm ki, bundan sonra Xəzər və Gürcüstan proseslərin əsas istiqaməti olacaq.

 

Səxavət Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

Zəlzələ ilə bağlı qorxulu detal: 6,8 bal gücündə…

redaktor

Novruzovdan daha bir açıqlama: “Vaxtilə Razi Nurullayevi…”

redaktor

TƏBİB Cavanşir Feyziyevin oğluyla milyonluq satınalma müqaviləsi imzalayıb.

admin