Bir siyasətçi dünyadan köçdü. Ardınca iki səs eşidilir: “ölünün dalınca danışmazlar” deyənlər və “Allah lənət eləsin” yazanlar. Hər ikisi mənə yarımçıq görünür.
Ölüm insanı toxunulmaz etmir. Amma nifrət də həqiqəti deməyin yolu deyil. Sual sadədir: yaşanan həyat nəyi ifadə edirdi?
Bu adam illərlə iqtidarın yanında oldu. Ölkədə baş verən ədalətsizliklərə, saxtakarlıqlara, hüquq pozuntularına etiraz etmədi. Əksinə, onları müdafiə etdi, bəraət qazandırdı. Demokratiya üçün bir addım atmadı, azadlıq üçün bir iş götürmədi. Nə etdisə, avtoritar sistemin möhkəmlənməsi üçün etdi.
Siyasətdə şəxsi sədaqət dövlət prinsipinin yerini tutanda nəticə belə olur: xalqın məhəbbəti qazanılmır, amma şəxsi imtiyazlar toplanır. Axırda isə siyasət ailə mülkünə çevrilir-yerinə qızın “təyin olunur”, partiya ailədaxili çəkişməyə düşür, ata son anda müdaxilə etməli olur.
Bəs buna dəyərdimi?
Xalqın sevgisini qazanmadın. Ölkənin gələcəyi üçün iz qoymadın. Sistem dəyişmədi, amma ailən dağıldı. Sonda nə qaldı-titul, kreslo, yoxsa ağır bir sual?
“Ölünün dalınca danışmazlar” deyimi çox vaxt rahatlıq üçündür. Amma pisə yaxşı demək, yaxşıya da haqsızlıqdır. Həqiqəti demək lənət oxumaq deyil. Sadəcə güzgü tutmaqdır.
Qoy hər kəs özü qərar versin: belə bir yolun sonu nədir?
Və ən vacib sual: hakimiyyətə sədaqət xalqın hörmətindən qiymətlidirmi?
