DünyaGündəmSiyasət

Maska düşdü…

Epşteyn qalmaqalı (“Epstein scandal”) ABŞ-ın bir dövlət kimi “sosial və hüquqi kimliyi”nə yenidən güzgü tutdu. Uşaqların istismarı, zorlanması, onların seksual alətə çevrilməsi ABŞ-da ən ağır cinayətlərdən hesab olunur. Vətənə xəyanət (treason) və qəsdən adam öldürmə (first-degree murder) də ağır cinayətlər kateqoriyasına daxildir, lakin ştat məhkəmələri uşaqların zorlanmasına sıfır tolerantlıqla yanaşır, heç bir peşmanlıq və yaxud hər hansı səbəb bu məsələlərdə yüngülləşdirici hal hesab olunmur.

Halbuki, Epşteyn qalmaqalı ABŞ-da azyaşlıların istismarı ilə bağlı cinayətlərin elit dairələr tərəfindən himayə olunduğunu və illərlə ört-basdır edildiyini üzə çıxardı. Dünyaya demokratiya və insan hüquqları ixrac etdiklərini iddia edən ABŞ siyasi elita üzvlərinin əksəriyyəti çirkin planların bu və ya digər formada iştirakçısına çevrilib.

Uzun illər ABŞ və onun himayəsində olan ölkələr Məhəmməd Peyğəmbəri təhqir edir, onun karikaturalarını hazırlayır və azyaşlı körpə ilə evləndiyinə dair saxta məlumatlara söykənən məlumatlar tirajlayırdılar. Quran-Kərimi yandıran da bunlar idi! İslamafobiyanı sistemli dövlət siyasətinə çevirdilər və hicablı qadınlarımızı təhlükəli həşərat kimi qələmə verdilər.

İndi özləri rüsvay oldular.

Dünyada ABŞ-ın total info-hücumlarından, təxribatlarından ən çox əziyyət çəkən ölkələrdən biri məhz Azərbaycandır. ABŞ-da mənzillənən müxtəlif beynəlxalq təşkilatlar uzun illər boyu Azərbaycanla bağlı qərəzli hesabatlar yayır, dövlət başçısı-onun ailəsi, strateji post tutan vəzifəli şəxslər barəsində özlərinin maliyyələşdirdikləri media qurumları vasitəsilə saxta məlumatlar tirajlayırdılar. 1938-ci ildə ABŞ-da xarici agentlər haqqında qanun (Foreign Agents Registration Act) qəbul olunmuşdu, 1990-cı ildə bu qanunu daha da sərtləşdirdilər. Qanun xarici tərəflərdən maliyyələşən şəxslərin, təşkilatların mənbə və məqsədi barədə hökumətdə qeydiyyatdan keçmələrini nəzərdə tutur. Qısası, ABŞ öz ölkəsində fəaliyyət göstərən təşkilatlara başqa ölkə və təşkilatlardan maliyyələşməyi tam məhdudlaşdırıb.

Halbuki, Azərbaycanda da bu məsələ yenidən aktuallaşanda Azərbaycanı azad sözü boğmaqda ittiham etdilər. Biz nə istəyirdik? İstəyirdik ki, Azərbaycanın daxili işlərinə qarışmasınlar və buradakı media resursları maliyyələşdirib dövlət əleyhinə materiallar tirajlamasınlar. Azərbaycanı insan hüquqları və azad sözə görə ittiham etməli olan ən sonuncu ölkə ABŞ-dır. ABŞ-da hər ay günahsız sadə vətəndaşlar polislər tərəfindən güllələnir, yerli milyarderlərin əsas gəlirləri narkotikə və uşaq alverinə bağlıdır, jurnalistlər canlı efirdə qətlə yetirilir və bir çox ştatlarda qaradərili insanlar hələ də ümumi tualetlərdən istifadə edə bilmirlər.

Bir müddət əvvəl ölkəmizdə “Meydan” TV, “Toplum” TV-nin əməkdaşları məsuliyyətə cəlb olundular. Azərbaycan dövləti bu məsələdə haqlı idimi? Şübhəsiz! Mən bu gün də xaricdən pula alıb avanturist tənqidlə məşğul olmağın əleyhinəyəm.

Şəmşad Ağa istisna olmaqla, həbsdə olan heç bir jurnalistin xiffətini də çəkən deyiləm. İçlərində ermənidən də betər Azərbaycana düşmən olanları var. Şəmşad Ağa Qərbdən pul alıb ölkəsinə, xalqına asi olan adam deyil, dövlət onu zamanında qorumalı, jurnalist kimi öz resurslarından birinə çevirməli idi, o, bəlli mənfur “çete”nin orbitinə düşməməli idi. Şəmşad Ağaya azadlıq yaraşır, onun bu ölkənin taleyi üçün ağladığını görmüşəm, o, vicdanının tələsinə düşdü. Əgər başqaları kimi hər dəfə üzünə tüpürüləndə “yağışdır” desəydi, belə olmayacaqdı. Şəmşad Ağanın əlindən tutub jurnalistikaya gətirdiyi intellektsiz, bivec, məzmunsuz və biixtiyar adamlar media kapitanlarına çevrildilər, o, bütün bunları görürdü – evlər, bahalı maşınlar, ayda on minlərlə pul bu dəmşalaqların kosmetik kimliyini hazırladı. Təpədən dırnağa qədər milli, fədakar, mübariz olan Şəmşad Ağa isə əridi və …

Digərlərinin fəaliyyətləri isə göz önündə idi, polislərə təpik atmaq, ABŞ-dan göndərilən hazır “dosye”lərlə ölkə rəhbərliyi barədə təxribatlarla zəngin məlumatlar tirajlamaq, işsizliyin kütləvi şəkil aldığı ucqar kəndlərdə avam və narazı insanları tapıb (özlərinə çatan yüksək qonorar naminə) onları anarxist layihənin vintilinə çevirmək və s. bu adamların əsas iş prinsipinə çevrilmişdi. Onların əksəriyyətinin aylıq gəlirləri uzun illərdir “hökumət jurnalisti” adlandırılan bədbəxt adamların illik qazancından daha çox idi. İqtidar mediasını eşidən varmı? Amma onları hər kəs eşidirdi.

ABŞ – davamlı şəkildə yayılan və ölkəmizin ailə dəyərlərini, fundamental əxlaq prinsiplərini, qadınları hədəfə alan dezinformasiyaların ilk müəllifi olub.

Biz ABŞ-la eyni əxlaq və mental dəyərlərin daşıyıcısı deyilik və ola da bilmərik. Geosiyasi və iqtisadi zərurət ABŞ-la müəyyən yaxınlaşmanı tələb edə bilər, amma bu paraleldə milli və mənəvi dəyərlərimizə toxunulmasını gözardı edə bilmərik.

 

Müəllif: Samir Feyruzov

Tacxeber.com

Oxşar xəbərlər

Kiyevdən Ağ Evə daha BİR ŞƏRT – “Sazişi bu halda imzalaya bilərik”

redaktor

Bakıda insanlara qorxulu anlar yaşadan şəxs gündəm oldu – VİDEO

redaktor

Paşinyan istintaqa çağırıldı

redaktor