Bu proses nə “kürd açılımı”, nə də romantik sülh axtarışıdır. Bu, dövlətin təhlükəsizlik problemini bağlama mərhələsidir. Ankara əvvəl sahədə PKK-nın regional dayaqlarını dağıtdı, sonra siyasi dili dəyişdi. Danışıq zəifliyin yox, üstünlüyün nəticəsi oldu.
CHP isə yenə köhnə reflekslərlə reaksiya verdi. “Masa”, “xəyanət”, “üniter quruluş” ritorikası reallığı yox, 1990-cı illərin qorxularını ifadə edir. Halbuki ortada masa yoxdur. Masa qurulmazdan əvvəl sahə bağlanıb.
Problem daha dərindir. Dövlət təhlükəsizliyi zaman, məkan və güc balansı ilə oxuyur. Müxalifət isə onu etik kateqoriyalar və keçmiş travmalar prizmasından dəyərləndirir. Bu səbəbdən CHP təhlükəsizlik məsələlərində həmişə reaktiv qalır: proses başlayanda etiraz edir, bitəndə “biz demişdik” deyir.
Bu gün Türkiyə PKK-nı bağlayır, çünki ilk dəfə üç şərt eyni anda ödənib: regional hərbi dayaqlar dağıdılıb, daxili balans qurulub, siyasi risklər idarəolunan həddə enib. Bu, açılım yox, bağlanışdır.
Ərdoğan və Baxçalı fərqli siyasi köklərdən gəlsələr də, eyni dövlət ağlında kəsişirlər. CHP isə bu reallığı oxuya bilmədiyi üçün kənarda qalır. Proses irəliləyir, ittihamlar isə havadan asılır.