CəmiyyətGündəmŞou

BİZƏ NƏ OLUB?

Şou-biznes deyə-deyə əndazəni elə aşdılar ki, indi artıq “ox yaydan çıxıb”. Maddiyyat mənəviyyatı üstələyib.

Abırlı arzuolunmaz, pozğun hörmətli olub. Bəzi televiziya kanallarında açıq-saçıq geyinənlər yuxarı başa çıxardılır. Hər şeyin mizanı pozulub. Yaxın keçmişə qədər belə deyildi.

Heç Sovet imperiyasının dövründə də belə biabırçılıq olmurdu. Efirə çıxanın sözünə, hərəkətinə, geyiminə ciddi fikir verilirdi. Onların özlərinin də daxilində bir mənəvi senzura olurdu.

Bəs bizə birdən birə nə oldu?

Biz Tomris, Nigar, Həcər nəslindənik. Nənələrimiz tarixdə ərləri, oğulları ilə bərabər namus-qeyrət timsallı qadınlar olub. Onlar bizə öyüd verəndə deyiblər: “Kimsəsiz səhrada belə kimsəsizlikdən utanın, ismətinizi qoruyun”.
Bu gün o analar, nənələr hanı?

Əgər varsa, onda bizim tədris-tərbiyə ocağı olan ekran-efirlərimiz niyə acınacaqlı haldadır? Bəzi televiziyalarımız, sosial şəbəkə səhifələri əxlaqsızlığı təbliğ edir, yolunu azmışları az qala qəhrəmanlıq rəmzinə çevirirlər.

Bizim indiyə qədər Zeynəb Xanlarova, Sara Qədimova, Şövkət Ələkbərova, Fatma Mehrəliyeva və yüzlərlə sənət ulduzlarımız səhnə mədəniyyətini elə gözləyiblər ki, atamızın, qardaşımızın, oğlumuzun yanında efirə baxanda xəcalət çəkməmişik.

Bu gün isə efirə baxanda evdəkilərdən utanırsan. Qardaş Özbəkistanda verilişə açıq-saşıq libasda gələnləri efirə buraxmırlar.

Bizdə niyə elə deyil? Üç qız anası Rəqsanə, Röya, Tünzalə, Aygün və digərləri, qızlar sizdən nə öyrənsinlər?

Eyibdir! Belələrini tənqid edən jurnalist Səidə Bəkirqızını Qeyri-Hökumət Təşkilatlarının (QHT) nümayəndələri top atəşinə tuturlar. Həmin nümayəndələr əxlaqsızları elə müdafiə edirlər ki, adam məətəl qalır.

Bu təşkilatlar vətən uğrunda canını fəda edən mübarizləri, poladları heç belə canfəşanlıqla təbliğ etmirlər. Efirə çılpaq çıxan bu canlıları az qala nağıl qəhrəmanına çeviriblər. Çünki elə onları təbliğ edənlər də onlar kimi tərbiyə olunanlardırlar.

Qeyri-Hökumət Təşkilatları əxlaqsızları müdafiə etməklə cəmiyyətimizi korlayır, gələcəyimizi məhv edirlər. İş o yerə çatıb ki, QHT-lər jurnalistləri əxlaqsız məxluqlarla tay tuturlar.

Bunu jurnalist Səidə Bəkirqızı ilə müğənni Rəqsanə İsmayılova arasında hələ də davam edən qalmaqalda əyani şəkildə görürük.

Səidə xanım bəzən çox sərt ifadələr işlədərək danışsa da konkret olaraq Rəqsanə ilə bağlı dediklərində tənqid həddini keçərək təhqiramiz sözlər işlətməyib. Öz jurnalist, insan mövqeyini bəyan edib. Təhqir edən Rəqsanədir.

Bəzi şanlı QHT üzvləri haqqı nahaqqın güdazına verib düzgün iş görmürlər. Gəlin Səidə xanımın haqq səsinə səsimizi qataraq onu əxlaqsızların şərindən qoruyaq.

 

Sima Babayeva

Tacxeber.com

Oxşar xəbərlər

Tanınmış vəkil köynəyini Gömrük Komitəsinin sədrinə bağışladı

redaktor

Cahangir Əsgərov bu dəfə tələbləri belə ələ saldı –  “Baqaj”sız 27 manatlıq endirim

admin

Bakıda gözəl mənzərə: tıxacda əsəblərə su səpildi – VİDEO

redaktor