DünyaSiyasət

Ərdoğan Suriyada qalib gəlmədi – uduzmadı da.

Ərdoğan Suriyada qalib gəlmədi – uduzmadı da. Amma uduzmamaq Yaxın Şərqdə qalib gəlmək deməkdir.

Ərdoğan nə etdi?

dövlətləşə biləcək terror strukturlarını boğdu

böyük güclərin toqquşmasını Türkiyədən kənarda saxladı

Suriyanı Türkiyə üçün idarəolunan təhlükə zonasına çevirdi. Ən önəmlisi Türkiyəni parçalanma ssenarisindən çıxarıb oyun quran ölkəyə çevirdi.

İndi isə çalışacam daha dərin, strukturlaşdırılmış və Ərdoğan faktorunu mərkəzə alan analiz verim.

1. 14 il davam edən Suriya müharibəsi.

Fikrimcə Suriya münaqişəsi sona çatmadı formatı dəyişdi. Yenidən formatlanır. Yəni, ABŞ-nin PKK-nın Suriyadakı uzantısı olan SDF-yə dəstəyi dayandırması taktiki geriçəkilmədir, strateji kapitulyasiya yox. Vaşinqton Yaxın Şərqdə artıq proxy-dövlət qurmaq modelindən, regional güclərlə məsuliyyət paylaşımı modelinə keçir. Bu keçidin əsas benefisiarı isə Türkiyədir. Burada mühüm məqam odur ki, ABŞ Suriyada kürdləri tərk etməklə onları cəzalandırmır, Türkiyəni mükafatlandırır. Çünki buna məcburdur. Bu isə ayrı mövzudur.

2. Kürd muxtariyyəti məsələsi

Suriyada kürd muxtariyyəti faktiki olaraq gündəmdən düşüb. Bunun səbəbi yalnız hərbi yox, geosiyasi realizmdir. İraqda Kürdüstan adlanan dövlət qurmaq cəhdləri Türkiyə tərəfindən boşa çıxarılması Vaşinqton üçün Kürdüstan məsələsini “model” olmaqdan çıxartdı. Suriya kürdlərinə gəldikdə isə, dövlət quracaq qədər legitim, regionu sabitləşdirəcək qədər isə güc deyil. Əksinə, Türkiyə-İran-Ərəb dünyası üçün destabilizasiya faktorudur. SDF-nin qurban verilməsi ABŞ üçün ucuz, Türkiyə üçün isə həyati qiymətə malik bir kompromisdir. Bir daha vurğulayıram Vaşinqton buna məcbur idi.

3. ABŞ-İsrail-Türkiyə üçbucağı: (Gizli və ya görünməyən razılaşma)

Fikir verdizsə İsrail bu proseslər zamanı səssizliyini qorudu. İsrail adətən Türkiyənin Suriyada hərbi əməliyyat və irəliləyişlərinə reaksiya verirdi, amma bu dəfə strateji səssizlik içindədir. Bu isə onu göstərir ki , Suriyada baş verənlər lokal məsələ deyil, əsas hədəf İran sonrası regional düzəndir. İsrail artıq anlayır ki, İranı təkbaşına zəiflətmək mümkün deyil və Türkiyəsiz qurulan hər anti-İran cəbhəsi yarımçıq qalır.

4. İran məsələsində ABŞ niyə tələsmir? Nə üçün İranda baş verən hadislərə son anda geri çəkildi?

ABŞ-nin İrana qarşı hücumu təxirə salması zəiflik deyil, strateji yetkinlikdir. Vaşinqton bir şeyi anladı ki, İrana birbaşa hərbi eskalasiya İranı parçalamaz, əksinə milliləşdirər. Böyük ehtimal ki, ABŞ İranın daxili proseslərinə bacardığı qədər nəzarət etmək, regional təzyiq və müttəfiqlərin razılaşdırılmış mövqe siyasəti ilə daha effektli nəticələr almağa çalışacaq. Müttəfiqi İsrail vasitəsilə hərbi-texniki təzyiq, özünün isə siyasi-iqtisadi təzyiqi ilə strateji yol xəritəsi tutacaqdır. ABŞ həm də Türkiyənin istər coğrafi olsun, istər psixoloji istərsə də regional legitimlik məsələlərini gözardı edə bilməz.

5. Ərdoğanın Suriyanın ərazi bütövlüyünü bərpa etməsindəki rolu.

Ərdoğan bu prosesdə sadəcə dövlət başçısı yox, oyun quran liderdir. Mənə görə Ərdoğanın əsas uğuru, müstəqil mövqe saxlamağıdır.

1) NATO üzvüdür, amma tam Qərb nəzarətində deyil
2) Rusiya ilə işləyir, amma orbitinə girmir
3) İranla dialoq saxlayır, amma strateji riskləri bloklayır

📌Ərdoğan son çıxışlarının birində kürd məsələsinin Türkiyə üçün demək olar ki, bitdiyini bildirdi. Bununla da Ərdoğan Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid ola biləcək Suriyada kürd muxtariyyətinin yaradılmasının qarşısını aldı. Həmçinin İranın parçalanması növbəti hədəfin Türkiyə olduğuna işarədir. Bu təhlükələrin qarşısının alınması Ankaranı psixoloji olaraq da rahatladır. Bu həmlələr Türkiyənin növbədə olduğunu yox, oyunun içində olduğunu göstərir. Ankaraya İranın parçalanması da güclənməsi də sərf etmir. Yəqin ki, Ərdoğan İrana qarşı daha sərt və məsafəli davranacaq, lakin bunu Qərbin əsgəri kimi yox, regionun ağsaqqalı kimi edəcək.

6. Nəticə

Yekunlaşdırsam, Suriyada baş verənlər həm Türkiyə üçün həm də bütün dünya üçün son deyil, başlanğıcdır. Fikrimcə ABŞ-İsrail-Türkiyə arasında səssiz, amma real razılaşma var. Bu razılaşmanın mərkəzində isə İran dayanır. İraqda qondarma Kürdistan dövlətinin qurulmasının qarşısının alınması, Suriyada kürdlərə muxtariyyətin verilməsinin qarşısının alınması Türkiyə üçün strateji qələbə, Ərdoğan üçün isə oyunun növbəti mərhələsinə keçid biletidir.

 

Amil Babayev

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstan prezidenti

admin

Medvedevdən savaşın ildonümü ilə bağlı paylaşım: “Kiyevi silahla təmin edənlər…”

redaktor

ABŞ Nüvə Müqaviləsindən (İranla bağlı) çıxdı.

admin