Muxtar bölgə olan Qrenlandiya Danimarkanın təbii bir hissəsi deyil.
Tacxeber.comxəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov Rusiya diplomatiyasının 2025-ci ilin yekunlarına dair mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya iddialarına münasibət bildirərkən deyib.
Bununla da Trampın tələblərinə dolayısı haqq qazandıran Lavrov Kopenhagenin bu strateji əhəmiyyətli adaya sahib olmasının müstəmləkəçiliyin nəticəsi olduğunu iddia edib: “Qrenlandiya əvvəlcə nə Danimarkanın, nə də Norveçin bir hissəsi olmayıb. Bu, müstəmləkə ərazisidir. Sakinlərin öz vəziyyətlərinə öyrəşməsinə və özlərini rahat hiss etməsinə baxmayaraq, mahiyyət eyni olaraq qalır”.
Nazir həmçinin Qrenlandiyanı öz əhəmiyyəti baxımından Krımla müqayisə edib və deyib ki, onlar oxşardır: “Krım təhlükəsizlik əhəmiyyətinə görə Rusiya üçün Qrenlandiyanın ABŞ üçün əhəmiyyətindən az vacib deyil”.
O qeyd edib ki, Krım Moskva tərəfindən ilhaq edilməzdən əvvəl referendum keçirilib, “Qrenlandiyada isə heç kim əhali ilə heç bir danışıqlar aparmayıb, Tramp sadəcə olaraq bu ərazinin ABŞ-nin təhlükəsizliyi üçün lazım olduğunu deyib”.
Lavrov əlavə edib ki, bu yanaşma BMT Baş Assambleyası tərəfindən təsdiq edilmiş prinsiplərlə ziddiyyət təşkil edir.
“Onların(ABŞ-nin-red.) bu açıqlamaları əks halda Rusiya və ya Çinin Qrenlandiyanı ələ keçirəcəyi ilə əsaslandırması sadəcə doğru deyil. Qərb artıq bunu təkzib edib”, – deyə Lavrov bildirib və əlavə edib ki, Moskvanın Danimarka adasını ələ keçirmək planı yoxdur.
Xatırladaq ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazidir. Burada təxminən 56.000 insan yaşayır. Tramp dəfələrlə Rusiya və Çinin yaratdığı təhlükəni, eləcə də adanın raket xəbərdarlıq sistemində və kosmik müdafiədə mühüm rolunu qeyd edərək onu ABŞ-yə birləşdirmək planlarını bəyan edib.
Həm Avropa ölkələri, həm də Qrenlandiya hakimiyyəti adanın ABŞ-yə birləşdirilməsi ideyasına qarşı çıxır. Buna baxmayaraq, ABŞ Prezidenti Avropa ölkələrini bu ərazinin Vaşinqtonun nəzarəti altına keçirilməsi ilə bağlı razılığa gəlmədikləri təqdirdə, 1 fevraldan etibarən onlara tarif tətbiq etməklə hədələyib.(AzPolitika.info)
