8 iyun 2009-cu il, xilasedicilər Rio de Janeyrodan Parisə uçan (reys 447) və bir həftə əvvəl Atlantik okeanı üzərində yoxa çıxa “Airbus A330” təyyarəsinin böyük parçasını tapırlar.
“Airbus A330” Riodan mayın 31-də ümumdünya vaxtı (UTC) ilə 22:29-da (yerli yay vaxtı ilə 20:29, indi Braziliyada yay vaxtı ləğv olunub, ilboyu saat UTC-3 olur) havaya qalxdı. Təyyarədə 216 sərnişin və 12 heyət üzvü vardı.
Reys hazırlıq və uçuşun özü ilə birlikdə 13 saat sürəcəkdi. “Air France” qaydalarına görə isə 10 saatdan artıq sürən uçuş zamanı daha bir əvəzləyici pilot da olmalıdır. 447-ci reysdə də üç pilot vardı: bir kapitan, iki ikinci pilot. Onlardan ikisi təyyarəni idarə edəndə biri istirahət edəcəkdi.
“Airbus A330” havaya qalxanda şturvalın arxasında kapitan Mark Dübua və Pyer-Sedrik Bonen idi. Təyyarəni Bonen idarə edirdi. Digər ikinci pilot – David Rober istirahət kabinəsində idi.
UTC vaxtı ilə 01:33-də (artıq 1 iyun) pilotlar sonuncu dəfə braziliyalı dispetçerlərlə əlaqə saxladılar. Təyyarə saat 01:48-də “ölü zona”ya daxil oldu, yəni Braziliya radarlarının əhatəsindən çıxdı. Bundan sonra ACARS sistemi vasitəsilə dispetçerlər iki avtomatik xəbər aldılar. Sonuncuda təyyarənin turbulent yaşadığı və avtopilotun söndüyü deyilirdi (bu xəbərləri pilotlar deyil, sistem özü göndərir) .
447-ci reys 02:30-da Seneqal dispetçerləri ilə əlaqəyə çıxmalı idi. Amma nə onda, nə sonra çıxdı. “Airbus A330” Atlantik okeanının ortasında yox oldu. Bir neçə saat sonra axtarışlar başlasa da ilk fraqmentlər və cəsədlər iyunun 6-da tapıldı.
Təbii, ilk versiya terror aktı oldu. Amma tapılan fraqmentlərin təhlili göstərdi ki, təyyarə havada partlamayıb, suya çırpılanda bütöv olub. Özü də – ən təəccüblüsü – burnu üstə deyil, qarnı üstə çırpılıb. Bu isə sualları daha da artırdı. Cavab qara qutularda idi. Onları tapmaq isə asan deyildi.
Qəza zamanı radarlarda görünmədiyi üçün təyyarənin düşdüyü yer hətta təxmini məlum deyildi. Fraqmentlər və 50 nəfərin cəsədi geniş ərazidə tapılmışdı. Kiçik bir ölkənin ərazisi boyda sualtı sahəni axtarıb iki qutunu tapmaq lazım idi. Üstəlik, güman edilən ərazi sualtı dağlar və dərələrdən ibarət idi. Yəni “saman tayasında iynə tapmaq” deyilən şey qat-qat daha asan olmalıdır.
Təsadüfi deyil ki, axtarışlar iki il nəticə vermədi. 2011-ci ilin martın sonlarında yeni axtarışlar başladı. Aprelin 4-də hidrolokator təyyarənin qalıqlarını 4 min metr dərinlikdə tapdı. Bir neçə gün sonra əvvəlcə uçuş parametrlərini yazan qara qutu, sonra da səsyazan qara qutu tapıldı. Əndişələrə rəğmən, onların hər ikisini oxumaq mümkün oldu və suallara cavab tapıldı.
Təyyarələrdə “Pito borusu” deyilən cihaz var. Füzelyajda çöldə olan bu boru qarşıdan gələn havanı qəbul edərək təyyarənin sürətini müəyyən edir və məlumatı təyyarənin kompüterinə, avtopilota və xəbərdarlıq sistemlərinə ötürür. “Airbus A330”-də sığorta məqsədilə üç Pito borusu vardı.
Qara qutulardan məlum oldu ki, 02:01-də kapitan istirahətə yollanıb və onun yerini David Rober tutub. Bundan 9 dəqiqə sonra, saat 02:10-da 447-ci reysin hər üç Pito borusu buz bağlayır və məlumat ötürməyi dayandırır. Nəticədə avtopilot sönür (ACARS sistemi bu xəbəri dispetçerlərə vermişdi). Təyyarəni idarə etməyə başlayan Pyer-Sedrik Bonen nədənsə dərhal şturvalı özünə çəkir. “Airbus A330” yuxarı qalxmağa başlayır, lakin bu zaman mühərriklərə yetərincə hava getmədiyindən sürət azalır.
Pito borularının buza qarşı qızdırıcıları var. 447-ci reysdə də qızdırıcılar işə düşür və 1 dəqiqə keçməmiş məlumat ötürməsi bərpa olunur. Paneldəki göstəricidə (datçik) sürətin aşağı düşdüyünü görən pilotlar bunun səbəbini anlamırlar. Nəzərə almaq lazımdır ki, Bonenin şturvalı özünə çəkdiyindən digər pilotun, David Roberin xəbəri yox idi. Bonen isə anlaşılmaz şəkildə sürətin azalması ilə özünün şturvalı çəkməsi arasında əlaqəni tutmur. Onlar cihazların səhv məlumat verdiyini düşünürlər.
Bu zaman təyyarənin hücum bucağı 41 dərəcəyə çatır, yəni burnu 41 dərəcə yuxarıya qalxır. Sürət o qədər azalır ki, havada qalmaq üçün yetərli olmur. Belə hallarda sürət yığmaq üçün təyyarənin burnunu aşağı salmaq lazımdır. Lakin Bonen inadla şturvalı özünə çəkib saxlayır. Nəticədə “Airbus A330” daş kimi aşağı düşməyə başlayır. Pilotlar isə qaranlıqda bunu hiss etmirlər.
Roberin xahişi ilə pilot kabinəsinə qayıdan kapitana vəziyyətdən agah olmaq üçün vaxt lazım olur. O, birdən məsələni anlayır və Bonenə “yox, yox, yuxarı qalxma” deyir. Amma artıq gec idi. Saniyələr sonra “Airbus A330” dəqiqədə 3350 metr şaquli sürətlə okeanın səthinə çırpılır. Saat 02:14 idi. Pito borularının donmasından keçən cəmi 3 dəqiqə 25 saniyə ərzində təyyarə 11 min metr hündürlükdən okeana düşmüşdü.
Onu da qeyd edim ki, Bonen səfər ailəsi ilə getmişdi və ölənlər arasında arvadı və iki uşağı vardı.