Günün ikinci etiraz notası Rusiyaya çatdırıldı. Litva Ukrayna şəhərlərinin atəşə tutulmasına qarşı sərt etirazını bildirdi.
Daha əvvəl təbliğatçı Vladimir Solovyovun açıqlamaları ilə bağlı Rusiyanın Ermənistandakı səfirinə etiraz notası təqdim edilmişdi.
Bu dəfə Litva Xarici İşlər Nazirliyi Rusiya silahlı qüvvələri tərəfindən Ukrayna şəhərlərinin davam edən “kütləvi və ayrı-seçkilik etmədən” atəşə tutulması ilə əlaqədar olaraq Rusiyanın müvəqqəti işlər vəkilinə kəskin etiraz notası təqdim etdi.
Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Notada vurğulanır ki, bu hücumların əsas məqsədi Ukrayna cəmiyyətini qorxutmaq üçün mülki şəxslərin öldürülməsi və mülki infrastrukturun dağıdılmasıdır”.
Nazirliyin məlumatına görə, sənəddə ötən həftə Rusiyanın raket və pilotsuz təyyarə hücumlarından zərər çəkmiş Ukraynanın yaşayış məntəqələrinə, xüsusən də Kiyev və Krivoy Roq şəhərlərinə diqqət çəkilir. Həmçinin, Rusiyanın günahı üzündən milyonlarla ukraynalının qaranlıq və soyuqdan əziyyət çəkməyə məcbur olduğu vurğulanır.
Notada Rusiyanın Ukraynadakı Qətər səfirliyinə vurduğu ziyandan bəhs olunur. Həmçinin vurğulanır ki, Avropa İttifaqı və NATO sərhədləri yaxınlığında, Lvov bölgəsində nüvə başlığı daşıya bilən raketdən istifadə Ukraynanın, Avropanın qalan hissəsinin və dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradır.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın mülki şəxslərə, yaşayış məntəqələrinə və mülki infrastruktura hücumları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və müharibə cinayətləri hesab olunur.
Bəyanatda deyilir: “Litva Rusiyadan Ukraynaya qarşı təcavüzünü dərhal dayandırmasını, işğalçı qüvvələrini beynəlxalq səviyyədə tanınmış bütün Ukrayna ərazilərindən çıxarmasını və Rusiyanın təcavüzü nəticəsində Ukraynaya dəyən bütün zərərləri kompensasiya etməsini tələb edir”.
