İnsanlar İran rejiminin mümkün süqutu haqqında danışanda, demək olar ki, həmişə çox ucadan, inamla danışırlar. İran, əlbəttə ki, yıxılmır amma çatlayır.
Bu gün İran barrikadalar ölkəsi deyil. Yorğunluq ölkəsidir. İqtisadiyyat mövcuddur, amma inkişaf etmir. Sanksiyalar onu öldürməyib, lakin onu gələcəkdən məhrum ediblər. Bir vaxtlar iman ixracı üzərində qurulmuş rejim getdikcə hələ də dik duran, lakin artıq qəfil hərəkətlər etməyən yaşlı bir kişiyə bənzəyir. Əli Xamenei sağdır və bu vacibdir. O, sağ olduğu müddətcə sistem formal olaraq toxunulmaz qalır.
Kənardan İran tez-tez ilk təkanda dağılmağa hazır bir ölkə kimi təsvir olunur. Düzdü daxildə bir çox etnik qrup, bir çox ziddiyyət var. Bu, çox səthi bir baxışdır. Çünki İran kimliyi daha dərindir. Hətta ən şiddətli etirazlar belə nadir hallarda ölkənin özünə yönəlir. Onlar hökumətə, ədalətsizliyə, çıxılmaz vəziyyətə qarşı yönəlib, amma İrana qarşı deyil….
Və gözardı edilə bilməyən başqa bir reallıq var. İslam İnqilabı Keşikçiləri Korpusu….Bu, ənənəvi mənada ordu deyil, sadəcə təhlükəsizlik aparatı deyil. Bu, dövlətə nüfuz edən bir strukturdur. Özündə iqtisadiyyat, təhlükəsizlik, regional təsir, ideologiyanı cəmləyir. Ali Rəhbər yoxa çıxarsa, SEPAH havaya uçub getmir. Məzmunu dəyişsə belə, formanı qoruyan gücə çevrilir. Buna görə də, 2026-cı ilin əsas məsələsi növbəti Rəhbərin adı deyil. Bu, soyad və sülalə məsələsi deyil. Bu, Xameneinin oğlu və ya Xomeyninin nəvəsi məsələsi deyil. Məsələ formadadır. İran vahid qərar qəbuletmə mərkəzini saxlayacaqmı, yoxsa hakimiyyət öz aralarında danışıqlar aparmaq məcburiyyətində qalan bir neçə hissəyəmi parçalanacaq…? Əsas sual budur…
Zənnimcə rejim inqilab dilində danışmağı dayandıracaq və idarəetmə dilində danışmağa başlayacaq. Dəyişdiyinə görə yox, başqa dil qalmadığına görə. Yaxın Şərq bunu demək olar ki, dərhal hiss edəcək. İranın müttəfiqləri və əlaltıları yox olmayacaq. Lakin möhkəm bir mərkəz olmadan onlar fərqli olacaqlar daha muxtar, daha az proqnozlaşdırıla bilən. İsrail müvəqqəti bir fasilə qazanacaq, lakin təhdidlər isə aradan qalxmayacaq. Rusiya üçün belə İran pisdir. Neft qiymətləri müvəqqəti olaraq qalxsa belə. Çünki məhv edilmiş müttəfiqdən daha təhlükəlisi artıq ona ehtiyacı olmayan müttəfiqdir. Gərginliyi azaltmaq və qlobal iqtisadiyyata qayıtmaq istəyən İran avtomatik olaraq Moskvanı öz maraqlarından kənara itələyir. Düşmənçilikdən yox, praqmatizmdən dolayı….
2026-cı ilin yanvar ayından sonrakı İranın hekayəsi nə tənəzzül, nə də azadlıq hekayəsi deyil. Bu, inqilab üçün çox böyük və ideologiya üçün çox yorğun bir ölkənin ehtiyatlı yaşam rejimində yaşamağa başlamasının hekayəsi olacaq. Hər halda, nə olursa olsun, “İran Baharı”nın yaranmasını düşünmək üçün hələlik heç bir səbəb yoxdur. İran qədim dövlətçilik ənənəsinə malik bir ölkədir, hələ də öz kimliklərini anlamaqda çətinlik çəkən ərəb ölkələrinin bir parçası deyil. Buna görə də, onun hekayələri ərəb dünyasındakı son hadisələrdən çox (ən azı struktur və mahiyyətcə) fərqlənəcək…..
